Azərbaycan tamaşaçısı və dinləyicisinin kifayət qədər geniş seçim imkanları var




"Televiziya və Radio yayımı haqqında” qanunun qəbulundan nə az, nə çox, tam 17 il keçir. Adətən, belə hallarda, "bir igidin ömrü” ifadəsi işlənir. Həqiqətən də, geriyə boylanıb baxanda televiziya və radiomuzun uzun və maraqlı bir yol qət etdiyi görünür. Ötən əsrdə bircə telekanalımız və iki radio dalğamız vardı; Azərbaycan televiziyası, Azərbaycan radiosu və "Araz” radiosu. Televiziya ilə bağlı alternativimiz yoxuydu. Televiziyanın diktə etdiyi şərtlərə tabe idik. Səhər saat 8-də başlayardı, axşam 24:00-da bitərdi. Ona baxan yerdə, radio xeyli "qabaqcıl” idi.

Azərbaycan Radiosunda dinləməyə maraqlı bir veriliş, qulaq asmalı nəğməli proqram tapmayanda (təbii ki, zövqə görə - red), "Araz”ı "tutardıq”. İkinci bir radio dalğasının olması köməyimizə gələrdi. Yadımdadır ki, illər sonra televiziyada ikinci bir kanal açıldı. Amma verilişləri o qədər məhdud, dar çərçivədə idi ki, demək olar, yoxa bərabərdi. Bununla belə köhnə televiziyaların hətta düyməsini o tərəf-bu tərəfə çevirmək də bir məşğuliyyətə çevrilirdi. İnsan nəsə axtarırdı, tapmasa da. Hərdən adama doğrudan da, ağlasığmaz gəlir; o zamanın insanları o qədər dar efir məkanına necə tab gətirirmişlər? O zamanın şərtləri ilə indikilər arasında ölçüyəgəlməz dərəcədə fərq var. İndi telekanalların bolluğundan baş fırlanır. Hamısına çatdırıb baxmaq mümkünsüz hala gəlib. Sadəcə, seçim imkanının olması ən böyük üstünlükdür. Hansısa verilişə baxmağa kimisə məcbur etmək mümkün deyil. Sərbəstlik, azad və müxtəlif fikirlilik, fərqlilik, azad seçim budur. Hazırda Azərbaycan televiziyaları da, fəaliyyətdə olan radiolar da söz azadlığı, fikir sərbəstliyinə bariz nümunədir.

Qanunlar jurnalistlərin işini yüngülləşdirir

Azərbaycan Milli Teleradio Şurasının üzvü, tarix elmləri doktoru Qafar Cəbiyevin teleradiomuzun bu günü ilə bağlı məqaləsində dəyərli fikirlər yer alıb. MTRŞ üzvü məqaləsində xüsusi olaraq vurğulayır ki, hazırda ölkədə müstəqil KİV-in inkişafı üçün hər cür şərait yaradılıb:

- Müvafiq qanunvericilik bazasının yaradılması müstəqillik illərində Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu teleradio siyasətinin ən mühüm nəticələrindən biri kimi dəyərləndirilməlidir. "Televiziya və radio yayımı haqqında” və "İctimai Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanunlarının qəbulu, televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurasının yaradılması və onun əsasnaməsinin ölkə Prezidenti tərəfindən təsdiqi ilə dövlətin uzun bir perspektiv üçün müəyyən etdiyi teleradio siyasətinin formalaşdırılması üçün zəruri hüquqi baza yaradılmış oldu.

Müstəqillik illərində digər sahələrdə olduğu kimi, televiziya və radio yayımı sahəsində də Azərbaycanda çox ciddi uğurlar qazanılıb. Təsəvvür edin, 1990-cı ilədək Azərbaycanda cəmi bir televiziya - Azərbaycan Dövlət Televiziyası və iki radio-Azərbaycan Radiosu və "Araz” radiosu fəaliyyət göstərirdi. Bu gün isə Azərbaycan Televiziyası ilə yanaşı, ümumrespublika yayımçısı olan daha 8 televiziya, 14 regional televiziya və 11 radio rəngarəng proqram və verilişlərlə efirdədir. Bundan əlavə, kabel televiziya şəbəkəsi quran 11 şirkət də hər gün onlarca xarici ölkə kanallarının verilişlərinin retransliyasiyası ilə məşğuldur.

Tənzimləyici qurum olan Milli Televiziya və Radio Şurası ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin yanvar ayından etibarən fəaliyyətə başladı. Qısa zaman kəsiyi ərzində Şura tərəfindən teleradio yayımının tənzimlənməsinə dair müvafiq dünya təcrübəsi öyrənildi. Fəaliyyətdə olan telekanalların və radioların dövlət reyestri aparıldı, onlara qanuni əsaslarla lisenziya verildi, bir-birinin ardınca yeni radio və televiziyalar açıldı. 

Milli Televiziya və Radio Şurası haqqında əsasnaməyə uyğun olaraq "teleradio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirmək” (maddə 6) məqsədilə daimi və sistemli monitorinqlər aparıldı. Yaxşı nümunələr təqdir olundu, nöqsanlar və qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüldü.

Doğrudur, ilk vaxtlar bəzi telekanallar Şura tərəfindən olan tövsiyə və iradları az qala top-tüfənglə qarşıladı. Şuranın qərarlarına sayğısızlıq cəhdləri də oldu. Amma tədricən bu sahədə də sular duruldu, qarşılıqlı münasibətlər işgüzar və normal məcrada davam etdi və bu gün də davam etməkdədir.
Ötən illər ərzində ölkədə teleradio siyasətinin tənzimlənməsi istiqamətində Şura bir sıra çox mühüm qərarlara imza atıb. Görülən mühüm işlərdən biri kimi xarici ölkə yayımçılarının qanunvericiliyin tələblərinə və beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanın milli tezliklərindən çıxarılmasını xüsusi olaraq qeyd etmək istərdim. Bu, həmçinin Azərbaycan telekanallarının maraqlarının qorunmasından irəli gələn zəruri bir addım idi. 

Doğrudur, ilk vaxtlar Teleradio Şurasının bu qərarına qarşı həm daxildən, həm də xaricdən çoxsaylı hücumlar oldu. Bu cür cəhdlər, əlbəttə ki, həm qanunlara, həm də beynəlxalq praktikaya etinasızlıq demək idi. Nə yaxşı ki, müəyyən zaman keçəndən sonra həm daxildən, həm də xaricdən olan opponentlərimiz də Şuranın məlum qərarı ilə hesablaşmalı oldular. Yayımın ilk vaxtlar tədricən, 2010-cu ildən etibarən isə tam həcmdə dövlət dilində aparılması, əcnəbi filmlərin dublyaj edilərək nümayiş etdirilməsi, habelə reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı Şura tərəfindən verilən qərar və tövsiyələr də ölkəmizdə ardıcıl və məqsədyönlü teleradio siyasəti həyata keçirildiyindən xəbər verir.

"Yayımçıların fəaliyyətinə müdaxilə qanunla qadağandır”

Q.Cəbiyev qeyd edir ki, bu gün Azərbaycan tamaşaçısı və dinləyicisinin kifayət qədər geniş seçim imkanları var:

- Yəni, mavi ekran qarşısında əyləşən, yaxud da radio dinləyicisi olan hər kəs öz maraq dairəsindən çıxış edərək ixtiyarında olan çoxsaylı kanallardan birini və əlbəttə, həmin anda onun üçün daha gərəkli və daha maraqlı ola biləcək kanalı seçmək imkanına sahibdir. Əgər kimlərsə istəyirlərsə ki, bütün günü ekran qarşısında əyləşib ancaq intellektual proqramlara baxsın, buyursunlar baxsınlar. Belə kanallar istənilən qədərdir. İdman proqramları, əyləncə proqramları, maarifçiliklə bağlı proqramlar da onun kimi. Bir sözlə, kimin nədən xoşu gəlir, ona da baxa bilər.

Bu gün Azərbaycanda fəaliyyət göstərən televiziya və radio yayımçıları kənardan heç kəsin müdaxiləsi və ya təsiri olmadan nəyə imkanları çatırsa, nəyi vacib və gərəkli hesab edirlərsə, məhz onu da çəkib efirə çıxarırlar. "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, "Yayımçıların yaradıcılıq və redaksiya fəaliyyəti peşə müstəqilliyi əsasında həyata keçirilir və yalnız qanunla müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır”.

"Jurnalist məsuliyyətini anlamalıdır”

"Televiziya və radio yayımı haqqında” qanunda göstərildiyi kimi, Azərbaycan Respublikasında teleradio fəaliyyəti azaddır. Q.Cəbiyev qeyd edir ki, teleradio yayımının azadlığı vətəndaşların informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır:

- Bununla belə, onu da qeyd etməliyəm ki, ölkəmizdə televiziya və radio yayımı lisenziyalaşdırılan fəaliyyət sahəsidir. Lisenziyalar isə artıq oxuculara da bəlli olduğu kimi, Teleradio Şurası tərəfindən keçirilən müsabiqələr yolu ilə verilir. Son illər fəaliyyətə başlayan "Xəzər”, "İdman Azərbaycan”, "Mədəniyyət”, "RTV”, "Kanal-S”, "El TV”, "Cənub TV” kanalları, habelə "Xəzər FM”, "Media FM”, "Araz FM” radioları məhz Şura tərəfindən elan olunmuş müsabiqələrdə qalib çıxaraq yayım üçün lisenziya almışlar.

Göründüyü kimi, Azərbaycan müstəqillik illərində digər sahələrdə olduğu kimi, teleradio fəaliyyəti sahəsində də çox böyük uğurlara imza atıb. Bu gün Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Yevlax, Zaqatala, Tovuz, Mingəçevir, Quba və Xaçmazda da özəl televiziya kanalları fəaliyyət göstərməkdədir. Müsbət haldır ki, yeni fəaliyyətə başlayan televiziya və radiolar qısa vaxt ərzində yayımın müasir standartlar səviyyəsində həyata keçirilməsinə imkan verən müvafiq maddi-texniki baza yaratmaqla bərabər, həm də kifayət qədər işgüzar və peşəkar kadr korpusu formalaşdıra biliblər.
Teleradio fəaliyyəti mahiyyəti etibarı ilə kifayət qədər ağır, mürəkkəb, həm də son dərəcə məsuliyyətli bir sahədir. 

Bu sahədə uğurlar əldə etmək üçün hətta səmərəli və sistemli şəkildə təşkil olunan yaradıcılıq fəaliyyəti belə kifayət etmir. Çətini, həm də vacibi odur ki, tamaşaçı və dinləyici daim yeniliklər istəyir. Hər gün, hər saat yenilik tapmaq və onu lazımi səviyyədə tamaşaçı və ya dinləyiciyə təqdim etmək isə elə də asan iş deyil. Amma Azərbaycan telekanalları və radioları bu işin öhdəsindən gəlir. Mən demirəm ki, hər şey istənilən səviyyədədir. Əlbəttə, problemlər də, nöqsanlar da var. Əsası odur ki, teleradio yayımçıları özlərinin məsuliyyətini və vəzifə borclarını bilir və bu missiyanı daha uğurla və daha keyfiyyətlə həyata keçirmək istiqamətində səylə çalışırlar.

Hazırladı Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb