Könül Arifqızı: “Gərək xarici kanallarda əyləncəli verilişlərə baxıb, oradan götürsünlər”
Azərbaycan telekanalları yaradıcılıq böhranı keçirir
Qulu Məhərrəmli: “Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir”
Könül Arifqızı: “Gərək xarici kanallarda əyləncəli verilişlərə baxıb, oradan götürsünlər”
Könül Arifqızı: “Gərək xarici kanallarda əyləncəli verilişlərə baxıb, oradan götürsünlər”
Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir və bu cür televiziyalar tamaşaçıların maraqlarını ifadə edə bilmir. İzləyicilərin dünyagörüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı bır sıra problemlər mövcuddur. Televiziya haqqında çoxsaylı qanunlar var. Amma əksərinin fəaliyyətində həmin qanunların şərtlərinə məhəl qoyulmur.
Ümumiyyətlə, ölkədə televiziya yayımlarında hər kəsi narazı salan ciddi qüsurlar çoxdur. Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik çəkir. Tamaşaçı və cəmiyyət marağı çox bəsit formada təqdim olunur. Xəbər proqramları aşağı səviyyədədir. Diskussiya proqramlarına isə demək olar ki, az rast gəlinir. Debatlar, tok-şoular və dialoqlar nadir hallarda təşkil olunur. Telekanallarımızda səviyyəsiz, bayağı şou verilişləri dəbdədir. Bunların hamısı da gələcək nəslin formalaşmasına çox mənfi təsir göstərir. Elə bu səbəblərdən də yerli telekanallar öz baxımlılığını itirib. Ona görə də, hazırkı dönəmdə Azərbaycan tamaşaçısı Rusiya, Türkiyə və başqa ölkə kanallarının izləyicisinə çevriliblər. Bu vəziyyət də məhz televiziyalarımızın və eyni zamanda teleməkanların baxımlılığının artırılmasında üzərinə böyük yük düşən teleaparıcıların buraxdığı ciddi nöqsanlar ucbatından yaranıb.
Teleaparıcıların peşəkarlıq səviyyəsindən danışan tanınmış televiziya eksperti Qulu Məhərrəmli qeyd edib ki, ölkədə populyar televiziya kanalı olmadığı üçün populyar aparıcılar da yetişmir: "Televiziyaçı gərək hər zaman orta səviyyəli tamaşaçını hədəf götürsün. Çox intellektual tamaşaçıya yönəlməyin öz problemləri var. Ən aşağı, zövqsüz tamaşaçıya da yönəlmək doğru deyil. Cəmiyyətdə orta tamaşaçı obrazı olmalıdır ki, sən daim onu nəzərdə tutub, onun üçün danışasan. Təəssüf ki, bizim bugünkü orta tamaşaçı dünən çoxluq təşkil edən bəsit tamaşaçı təbəqəsidir. Ona görə də indi keçmiş orta ilə intellektual aranı hədəfə almaq lazımdır. Telekanallarımız 10-15 il əvvəlki televiziya səviyyəsindən təxminən 100 addım geridir. Çünki bizdə TV haqqında təsəvvürlər çox bəsitləşib, xəbər proqramları cılızlaşıb, ekranda mənəviyyatsız, boz və dayaz adamlar çoxalıb, efirdə fikir yoxsulluğu hökm sürür, əsl mənəvi böhran içindəyik. Əvvəlki illərlə müqayisədə TV-də texniki imkanlar artıb, rəqəmli texnologiya möcüzələr vəd edir, kompüter qrafikasının üstünlükləri göz qabağındadır. Amma ölkədə populyar televiziya kanalı olmadığı üçün populyar aparıcılar da yetişmir. Mətbuatda da belədir. Bir vaxtlar yüksək səviyyəli qəzetlərimiz çıxırdı. O qəzetlərdə işləyən jurnalistlərin üslubu, tərzi də fərqli idi. Yazılı mediada fərdi üslub saxlanılıb. Köşə yazılarında, araşdırmalarda bunlar özünü göstərir. Təəssüf ki, efirdə əlvanlıq yoxdur. 90-cı illərin əvvəllərində ekranlarda fərqliliyi ilə diqqəti cəlb edən simalar meydana çıxdı. Məsələn, Nadejda İsmayılova, İlqar Əlfioğlu, sonralar Sevil Nuriyeva, İlhamiyyə Rzayeva, Mehriban Vəzir, Xəyal Tağıyev, Sevinc Osmanqızı, Səadət Məmmədova. İndi gəlin görək onlardan kim qalıb? O dövrdə televiziya rəhbərləri peşəkar, medianı, televiziyanı bilən insanlar idi. Onlar bu fərqliliyi qəbul edib, o adamlara güzəştə gedə bilirdi. İndi isə bu yoxdur. Fərqliliyin olmamasının üç mühüm səbəbi var. Birinci, televiziyada azadlığın çərçivəsi daralıb. İkinci, fərqli olmağa can atanların sayı azalıb. Üçüncü, peşəkarlığın səviyyəsi aşağı düşüb. Peşəkarlığın yerini isə təsadüfi, jurnalistikanı bilməyən, amma müəyyən idarəçilik qabiliyyəti olan adamlar tutmağa başlayıb. Belə olanda da inzibatçılıq önə keçir, o, fərdi xarakterləri, cizgiləri silir. Ortaya hamısı bir konveyerin məhsulu olan üzüyola və hər işə yarayan boz aparıcılar çıxır. Üzüyola və hər işə yarayan boz jurnalist özünü kiməsə bənzədə bilər, amma orijinalı yox, surətini seçəndə nəticə etibarı ilə televiziya kanalları uduzur”.
Ekspert diqqətə çatdırıb ki, teleaparıcıların hamısını bir-birinə qatmaq bəlkə də ədalətsizlik olardı: "Aparıcıların bir qismi xəbərlərlə məşğul olur. Bu baxımdan telekanallarımızda müəyyən bir orta hədd saxlanılır. İkinci qism aparıcılar populyar verilişlərin aparıcılarıdır. Burada da vəziyyət mənfidən aşağı olsa da, çox da ağlamalı gündə deyil. Bizim əsas problemlərimiz şou aparıcıları ilə bağlıdır. Telekanallarımızda nümayiş etdirilən şoular müsbət hisslər oyatmır və neqativ duyğular yaradır. Bu sahədə parlaq nümunələr görməmişik. Azərbaycanda yaxşı şou aparıcısı Murad Dadaşovdur. Onda intellekt var, maneralar var, ünsiyyət qurmağı bacarır və s. Amma digər şou aparıcılarını sanki küçədən tutub ekrana atıblar. Onlar heç bir hazırlıq mərhələsi keçməyiblər, danışıq mədəniyyətinə yiyələnməyiblər. Nitq mədəniyyətləri çox aşağıdır, çünki təfəkkür səviyyələri çox aşağıdır. Bu tip aparıcılar telekanalları daha çox gözdən salırlar. Belə teleaparıcılar üçün mənəvi dəyərlər anlayışı, müqəddəs olası heç nə yoxdur. Onlar telekanalların rəhbərlərindən konkret tapşırıqlar alırlar ki, nəyin bahasına olursa-olsun, konfliktlər yaradın, dava-dalaş salın ki, veriliş maraqlı olsun. Verilişə baxan çox olsun ki, telereklamlar çoxlu qazanc gətirsin. Amma nəzərə alsaq ki, şoular televiziyalarımızın proqramlarında, təxminən, 60-70 faiz yer tutur, xeyli vaxt aparır və bu tip şou aparıcılar üstünlük təşkil edir, tamaşaçılarla daha çox ünsiyyətdə olurlar və nöqsanların çoxu da bu cür aparıcılarla bağlıdır. Ona görə də belə aparıcıların yetişdirilməsi üçün müəyyən bir məktəb, format, müəyyən tələblər olmalıdır”.
Aparıcı Könül Arifqızı da televiziyadakı qeyri-peşəkarlıqdan şikayətlənib: "Aparıcılıq müvəqqəti peşədir. Müəyyən yaşdan sonra başqa pilləyə qalxmalısan. Sənin yerinə daha gözəl, gənc aparıcılar gəlməlidir. Bizim efirimizdə peşəkarlıq çatışmır. Hansısa bir müzakirəni edəndə, o mövzunu dərindən bilərək danışmırlar. Əyləncəli verilişin aparıcıları deyir, onsuz da əyləncədir də. Əyləncənin içində də intellektual səviyyə olmalıdır. Gərək xarici kanallarda əyləncəli verilişlərə baxıb, oradan götürsünlər. Bəzi layihələr var ki, xaricdən götürülür, onun saxta forması tamaşaçını diksindirir, gülünc doğurur. "Zəif bənd”, "Milyonçu” kimi verilişlər lisenziyalı formada alındı və yaxşı da oldu. Azərbaycan televiziyası hələ görmək istədiyimiz səviyyədə deyil. Bir vaxtlar televiziya çox aktual idi. Amma düşünürəm ki, getdikcə internet daha çox aktuallaşacaq, insanlar məlumatı ancaq internet vasitəsilə alacaq və telekanallar aktuallığını itirəcək”.
Millət vəkili Nizami Cəfərovun fikrincə, ölkənin bəzi telekanallarında aparıcıların səviyyəsi və mədəniyyəti məsələsi həmişə problemdir: "Aparıcı televiziyanın simasıdır. Bəd xəbər də olsa, şad xəbər də olsa, aparıcının şəxsiyyəti olmalıdır. Burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur”.
Dünya praktikasından misal gətirən N.Cəfərov vurğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var: "Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olunur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq yenə də bu problem qalmaqdadır”.
N.Cəfərov onu da əlavə edib ki, bəzi telekanallar aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verir ki, bu da istər-istəməz problem yaradır: " Çünki bizdə, deyim ki, bir çox müğənnilərin intellekt səviyyəsi çox aşağıdır. Çünki onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaxşı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır”.
Akademik onu da qeyd edib ki, aparıcılarda, məxsusi olaraq xanım aparıcılarda şitlik bir az çox olur: "Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər həddi gözləyirlər”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb