"Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadi, siyasi, hərbi və digər önəmli sahələrdə əməkdaşlıq artıq 10 ilə yaxındır davam edir”.
Bunu Sherg.az-a Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin baş tutacaq görüşünün nəticələrindən danışarkən politoloq İlqar Vəlizadə deyib.
Ekspert bir müddət əvvəl 3-lü arasında hərbi-siyasi əməkdaşlığın, hərbi təlimlərin keçirilməsinin də gündəmə gətirildiyini xatırladıb.
"Belə əməkdaşlıqlar, hərbi-təlimlər 2009-2010-cu illərdən bəri ənənə halını alıb. Təlimlər hər üç ölkənin ərazisində baş tutub. Bilirik ki, Azərbaycan Türkiyə Gürcüstan regionda xüsusi əhəmiyyətli, iri layihələr həyata keçirir. Neft-qaz, nəqliyyat, enerji və s. sahələrlə əlaqəli layihələr həmin region ölkələri arasında əhəmiyyətlidir. Bu layihələrin terror təhdidlərindən müdafiəsi, digər hər hansı risklərin qarşısının alınması üçün hərbi əməkdaşlıq vacibdir. Azərbaycanın digər dövlətlərlə əlaqələri zamanı həmişə qeyd edirlər ki, məqsəd hansısa üçüncü ölkəyə deyil, regiondakı risklərin qarşısının alınmasına xidmət edir. Bu səbəbdən maraqlı və vacib əməkdaşlıqdırlar həyata keçirilir.
Bir məsələni də diqqətə çatdırmaq lazımdır. Misal gətirmək olar ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hazırda çox həssas dönəmdədir və hər an döyüşlər yenidən başlaya bilər. Erməni tərəfi həmişə deyirdi ki, biz Azərbaycanın infrastruktur layihələrinə də zərbələr endirə bilərik. Ermənistan tərəfindən belə təhlükə yaranarsa, layihələrin zərər görməməyi üçün Türkiyə və Gürcüstan tərəfindən dəstək verilməsi vacibdir. Çünki bu təkcə Azərbaycanın layihələri deyil. Həmin ölkələrin də layihələrdə maraqları təmin olunur.
Üç ölkə arasındakı hərbi əməkdaşlığın siyasi aspektini təşkil edən məsələ də məhz budur. Region ölkələri hər hansı qüvvələr tərəfindən layihələrə endirilə biləcək zərbələrə qarşı hərbi əməllər görməyə hazır olmalıdırlar”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə bu ilin ilk yarısı ərzində Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacağını deyib.
Aysel Aslan