- “Övladınız sizə baxmırsa, məhkəməyə müraciət edə bilərsiniz”
Həyat hekayələrinin müəyyən qismi “Qocalar evi” ilə bağlı insanlarmız çox olmasa da, az da deyil. Son zamanlar sosial şəbəkələrdə bu cür acı həyat hekayələri tez-tez paylaşılır, onlara qayğı ilə yanaşmanın vacibliyindən danışılır.
“Qozalar ev”inə düşmə səbəbləri müxtəlifdir bu insanların. Həqiqət isə budur ki, övladların imtina etdiyi valideynlərə dövlət sahib çıxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Digər sosial xidmət müəssisələrində olduğu kimi, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb.
Lakin bu məsələdə çoxlarının, elə həmin ahılların da bilmədiyi vacib bir məsələ var. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov çoxumuzun bilmədiyi məsələyə aydınlıq gətirib. Məsələ budur ki, ahıl valideynlər onlara qayğı göstərməyən, onlardan imtina edən övladlarını buna görə məhkəməyə verib aliment ala bilər:
- Azərbaycan qanunvericiliyinə görə övladın valideyn qarşısında müəyyən öhdəlikləri var. Əgər övlad əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideyninə baxmırsa, müəyyən hallarda məhkəmə qaydasında aliment öhdəliyi yarana bilər. Bəzi övladlar müxtəlif səbəblərdən valideynlərinə baxmır və onları təmin etmirlər. Bəzən ailədə baş verən məişət zorakılığı da ahıl şəxslərin xüsusi müəssisələrdə yaşamasına səbəb olur. Bu, kifayət qədər ciddi sosial problemdir.
Hüquqşünas Sherg.az-a açıqlamasında bildirdi ki, hüquq sistemimizdə də bu istiqamətdə müəyyən mexanizmlər mövcuddur:
- Bir tərəfdən, övladın valideynini saxlamaq öhdəliyi var. Digər tərəfdən, valideynin müəyyən hallarda övlada münasibətdə hüquqi addımlar atmaq imkanları mövcuddur. Lakin valideynlərin bir qismi bu hüquqlardan istifadə etmir, bəziləri isə onların mövcudluğundan xəbərsizdir. Bir çox valideyn isə övladından incik olsa, hətta ağır münasibətlə üzləşsə belə, valideyn məhəbbətinə görə sonadək belə addımlardan çəkinir. Azərbaycanda ahıl insanların yaşadığı dövlət müəssisələrində kifayət qədər yaxşı və rahat şərait yaradılıb, onlara diqqət göstərilir. Eyni zamanda, ölkəmizdə belə müəssisələrdə yaşayan şəxslər pensiyalarını almaqda davam edirlər və dövlət təminatı ilə də əhatə olunurlar. Bəzi ölkələrdə isə dövlət müəssisəsində yaşayan şəxsin saxlanma xərcləri nəzərə alınaraq pensiyasına fərqli yanaşma tətbiq edilir.