İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?

  • Səbəb əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyətinin aşağı enməsidir 
  • Bu isə tək müştəri üçün çətinlik deyil, malın satışını həyata keçirən sahibkarda burada uduzur

Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda manatın məzənnəsinin sabitliyi ilə bağlı çox dəqiq və qətiyyətli açıqlama verib. Dövlət başçısı qeyd edib ki, məzənnə sabit qalacaq,

2017-ci ilin aprel ayından bəri dolların rəsmi məzənnəsi 1 dollar = 1,7 manat səviyyəsindədir, bu gün də elədir və gələcəkdə də bu sabitlik olduğu kimi davam edəcək. Ekspertlər hesab edir ki, ölkə başçısının manatın ucuzlaşmayacağı ilə bağlı fikrini şəxsən və kifayət qədər qəti şəkildə ifadə etməsi məsələnin ciddiliyini bir daha göstərir.

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında bildirdi ki, sabitlik daxili və xarici ola bilər. Milli valyutanın daxili sabitliyi aşağı inflyasiya, mal və xidmətlərin sabit qiymətləri ilə, xarici sabitliyi isə qlobal bazarda sabit məzənnə ilə bağlıdır: 

- Ən etibarlı valyutalar İsveçrə frankıdır ki, ölkənin bitərəfliyi və minimal inflyasiya səviyyəsi ilə dəstəklənir. Küveyt dinarı neft gəlirləri ilə təmin olunan və ən yüksək dəyərə malik valyutadır. Sinqapur dolları dövlətin sərt pul-kredit siyasəti ilə qorunur. ABŞ dolları və Avro isə yüksək likvidliyə malik əsas qlobal ehtiyat valyutalarıdır. Məsələyə ölkə prizmasından baxanda bizdə infilyasiyanı tənzimləmək üçün əlavə vəsait xərclənir. Amma buna baxmayaraq qiymətlər artır. Biz bunu aldığımız əməkhaqqı ilə də müqayisə etdikdə görürük. Əməkhaqqı ilə bazara daxil olanda əvvəlki ayda aldığımız məhsulun qiymətinin bahalaşmasında hiss edirik. Burada qalxıb-enən mallar əsasən kənd təsərrüfatı malları olur. Bu onu göstərir ki, infilyasiya gedir. Məsələnin digər tərəfinə baxdıqda isə görürük ki valyuta sabit olaraq qalır. Dollara nisbətdə heç nə dəyişməyib. Daxili bazarda isə infilyasiya sürətlə gedir. Bir tərəfdən özümüzə ziyan vururuq, digər tərəfdən, yəni xarici ölkədən baxdıqda hər şeyi stabil görürük. Baxmayaraq ki, valyutanın stabil qalması üçün müxtəlif addımlar atılır, infilyasiya su axarı kimi öz çuxurun tapıb hərəkət edir. Demək məzənnəni tənzimləmək tam olaraq mümkün deyil. Bunun üçün kompleks addımlar atılmalıdır. Daxildə tarazılığı da saxlamaq lazımdır. 

İqtisadçı qeyd etdi ki, insanlar mağazaya daxil olanda daha ucuz mala qaçır. Səbəb əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyətinin aşağı enməsidir: 

- Bu isə tək müştəri üçün çətinlik deyil, malın satışını həyata keçirən sahibkarda burada uduzur. İqtisadiyyat bir bütöv mexanizmdir. Hər şey balanslaşmış formada getməlidir. Hər hansı axsama olarsa ciddi fəsad baş verir. Biz onu da görürük ki, dollara nisbətən valyuta sabitdirsə, daxili bazarda valyuta dəyərsizləşib. Getdikdə dəyərdən düşür. Bəs bu proses üçün tək Mərkəzi Bankın işi kifayətdirmi? Xeyir. Mərkəzi Bank öz addımını atır. İqtisadi faktorlar başqa sahələrdən də asılıdır. Daxili bazarda iş yerlərinin açılması, amma bu, vergi və DSMF yığımlarını artırır. Burada bazarlar aktivləşir və s. Adi iş yerinin açılması nə qədər sahələrə müsbət təsir edir. Azalma faktoru isə vergi yüklərini artırır.