“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində indiyə qədər atılmış ən uğurlu addımlar məhz Türkiyənin həmsədrlik dövründə atılıb”
“Əks təqdirdə, danışıqlardan imtina etməliyik”
"ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qiymət vermək üçün nəticəyə baxmaq lazımdır. Danışıqlar prosesindəki məqamları çıxmaq şərtilə, irəliyə doğru heç bir addım atılmayıb”.
Bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. Vitse-spiker bildirib ki, müharibəni nisbi sülh əvəz etsə də, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi nəticə yoxdur. Ona görə də haqlı olaraq həmsədrlərin fəaliyyəti daim tənqid olunur. B.Muradova formatın dəyişdirilməsi məsələsinə də toxunub. Deputat deyib ki, Ukrayna hadisələrindən sonra dəyişən beynəlxalq düzəndə müəyyən addımların atılması nikbin fikirlər söyləməyə əsas verir: "ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti olaraq təklif irəli sürmüşük ki, Türkiyə və Almaniya həmsədrliyə daxil edilsin. Beşlikdən ibarət Sədrlər Şurası yaradılsın. Almaniya Avropa İttifaqının təmsilçisi, Türkiyə region ölkəsi və hər iki ölkə ilə bağlılığı olan dövlət kimi töhfə verə bilərlər. Düşünürəm ki, həmsədrlər formatında belə bir dəyişiklik olarsa, bu, müəyyən mənada prosesi sürətləndirə bilər”. Məsələni "Şərq”ə şərh edən tanınmış politoloq Sülhəddin Əkbər deyib ki, Türkiyənin həmsədrlikdə təmsil olunması məsələsi yeni deyil: "Türkiyə vaxtı ilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərib. Xatırlayırsızsa, ABŞ, Rusiya və Türkiyədən ibarət həmsədr qrupu 1993-cü ildə problemlə bağlı fəaliyyət göstərib və 4 qətnamə qəbul edib. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində indiyə qədər atılmış ən uğurlu addımlar məhz Türkiyənin həmsədrlik dövründə atılıb. Həmin dövrü nisbətən uğurlu mərhələ hesab etmək olar”. Siyasi ekspertin fikrincə, ABŞ, Rusiya və Fransadan ibarət olan
həmsədr ölkələr erməni lobbisinin ən güclü olduğu ölkələrdir: "Rusiya Ermənistanın rəsmi siyasi müttəfiqidir və hərtərəfli şəkildə düşmən ölkəyə yardım edir. Bu baxımdan Azərbaycanın tam haqqı var ki, Türkiyəni özünə müttəfiq saysın və qardaş ölkənin həmsədrlikdə təmsil olunmasını tələb etsin. Zənnimcə, bu məsələ bilavasitə Azərbaycanın mövqeyindən asılıdır. Əks təqdirdə, danışıqlardan imtina etməliyik”. S.Əkbər bildirib ki, Almaniyanın həmsədrlər arasında yer alması müsbət əhəmiyyət kəsb edir: "Almaniya Avropa Birliyinin aparıcı dövlətidir. Bu ölkə erməni lobbisinin güclü olduğu Fransanı müəyyən dərəcədə neytrallaşdıra bilər. Həmçinin, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti onun bitərəf həmsədr olmasına imkan verir”.
İsmayıl