"Azərbaycan vəhhabilərin əsas hədəflərindən olub"

Zahid Oruc: "İnsanların beyinlərini zəbt etməzdən əvvəl onların mədələrini işğal edirlər"
"Vəhhabilik Səudiyyə Ərəbistanı, Qətər və başqa ölkələrin rəsmi dövlət dinidir”.
Bu barədə Sherg.az-a Azərbaycanın rayonlarında da vəhhabilərin sayının artmasına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib. 
Vəhhabiliyin Azərbaycanda da nümayəndələrinin olduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, bu dini cərəyan təşəkkül tapdıqdan indiyə qədər siyasi təsir vasitəsi olub: 
"Bu vaxta kimi vəhhabilik müxtəlif ərazilərə yayılıb. Həmin yayılma arealında Səudiyyə Ərəbistanı öz maraqlarını mənafelərini genişləndirərkən məqsəd tək həmin ölkələrdən özünə dayaq götürüb, tərəfdarlarını artırmaq deyildi. Eyni zamanda bu dövlət digər dini cərəyanlara xüsusilə şiəliyə qarşı dirəniş göstərib, öz dövlətinin yaşarlılığını, dünya çapında mövqelərini bərqərar etmək istəyirlər. Azərbaycan da 1990-cı illərdən bu yana vəhhabilərin əsas hədəflərindən biri olub. Haqlı olaraq bu illər ərzində insanların bu dini cərəyana qoşulması tendensiyası kütləvilikdən qat-qat aşağıdır. Bu, bir neçə məsələ ilə bağlıdır. Fikrimcə, indiyə qədər milli təhlükəsizlik orqanları sferasında ciddi şəkildə yanlışlıqlar, maraqlar, korrupsiya, mənfəət əməlləri ilə culğalaşmışdı. Buna görə də həmin dini cərəyan daşıyıcıları ciddi şəkildə səpələnmişdilər. Çoxları düşünürdülər ki, Azərbaycanda vəhhabilik İran maraqlarına qarşı dirəniş formalaşdırılması üçün stimullaşdırılır. Hesab edirəm ki, bu, bir örtük idi və ondan maksimum yararlanmaq istəyən qüvvələr var idi. Həmin pərdə arxasında anti-Azərbaycan qüvvələri sadəcə təşkilatlandırılırdı”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) fəaliyyətindən danışan Z.Oruc qurumun ölkə ərazisində dinin bir etiqad vasitəsi, allaha inamı təmin edən xüsusi missiya olduğunu təqdim etdiyini söyləyib. O bildirib ki, bununla bərabər ekstremizm və fanatizmin aradan qaldırılmağı təsir göstərir, insanları yad ideologiyaların əlindən ala bilir:
"Həqiqi, gerçək İslam təqdim olunduqda digər cəbhələrin meydanını daraldır. Buna görə, ilk növbədə hesab edirəm ki, DQİDK-in sədri Mübariz Qurbanlının rəhbərliyi və dövlətimizin bu sahədə yürütdüyü siyasətin praktiki nəticələri ilə üz üzəyik. İlk olaraq bunu vurğulamalıyıq.
Digər tərəfdən hüquq-mühafizə orqanlarının fəaliyyətində edilən dəyişiklər şərait yaratdı ki, bu sahədə avantüralara yer qalmasın. Ölkənin xəfiyyə strukturları bu sahədə bir başa Azərbaycan üçün çalışdılar.
Bütün bu hallarda biz nəzərə almalıyıq ki, sosial amillər xüsusi önəm daşıyır. İnsanların beyinlərini zəbt etməzdən əvvəl onların mədələrini işğal edirlər. Bu halda insanların asanlıqla hansısa ekspansionist səpki dinlərə yuvarlanması o qədər də çətin olmur. Bu sahədə sözsüz ki, bir sıra problemlər olmasına baxmayaraq bütün bölgələrdə ona çalışılır ki, Azərbaycan insanı gerçək İslama, Qurana tapınsın. Bunlara müxtəlif təşkilatların, siyasi hakimiyyət orqanlarının dininə 
çevirmək istəyən qüvvələrin mənafeyinə satıla biləcək insanlardan bir qədər xilas olsun.
Bir neçə gün əvvəl ölkə başçısının iştirak etdiyi iftar süfrəsində dediyi kimi, bir tərəfdən müxtəlif dinlər arasında yaxşı əlaqələr, o biri yandan isə həqiqi dinin təbliğinin gücləndirilməsi ilə bunun yaşca kiçik insanlardan tutmuş böyüklərə qədər qeyd etdiyimiz nəticələr formalaşdırılıb”.
Aysel Aslan