Azərbaycanda Ailə Məhkəmələri yaradılacaq

Bu institut boşanmaların qarşısının alınması üçün ailə böyüklərinin köməyindən yararlanacaq
Məlahət İbrahimqızı: “Ailə institutunun təməlinin boşalmasına imkan verməməliyik”


Əkrəm Həsənov: "Ailədaxili məsələlər standart məsələlərdir və onların həlli hər bir fərdin özündən asılıdır”

Mehriban Zeynalova: "Boşanmaların sayının azalması yalnız o halda mümkündür ki, məhkəmə prosesləri zamanı hakimlər düşünmə dövrü olan 3 ay müddətində tərəfləri mütəxəssislərə istiqamətləndirsin”

Azad İsazadə: "Artıq boşanmaq üçün məhkəməyə müraciət edən ailənin bərpası bir o qədər də real deyil”


Azərbaycanda boşanma hallarının sayında artım dövlət qurumlarını bunun qarşısını almaq üçün hərəkətə keçirib. Bu istiqamətdə görülən tədbirlər arasında ailə məhkəmələrinin yaradılması məsələsi yenidən gündəmə gəlib. Məlumatlara görə, artıq bununla bağlı Milli Məclisdə qanun layihəsi hazırlanır. Ailə Məhkəmələri boşanmaq üçün müraciət edənlərin problemlərini daha dərindən araşdırıb problemin həlli üçün ailə böyüklərinin köməyindən istifadəni mümkün edəcək.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Səhiyyə komitələrinin üzvü Məlahət İbrahimqızı artıq 20-30 ilə yaxındır ki, dünyanın bir sıra ölkələrində ailə məhkəməsi sisteminin olduğunu deyib. Belə bir təcrübənin Azərbaycanda da tətbiq edilməsini vacib bilən xanım millət vəkilinin sözlərinə görə, ölkəmizdə də ailə məhkəməsi insitutunun yaradılmasına böyük ehtiyac var: "Bunun üçün isə, ilk növbədə, qanunverici baza hazırlanmalıdır. Ona görə də bu məsələni Milli Məclisin növbəti sessiyasında komitənin iclasında qaldırmaq niyyətindəyəm. Bununla bağlı fikrimi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə bildirmişəm. O da bu təşəbbüsə çox müsbət yanaşır və komitənin gələcəkdə ailə məhkəməsinin yaradılması ilə bağlı işlər görə biləcəyini mümkün sayır”.

Ailə məhkəməsinin yaradılmasının milli-mənəvi dəyərlərimizə də tam uyğun olduğunu deyən M.İbrahimqızı hesab edir ki, Azərbaycandakı ailə dəyərləri digər ölkələrdəkindən çox fərqlənir. Bizim çox zəngin ailə dəyərlərimiz, möhkəm ailə institutumuz var. Biz bunları qorumağa çalışmalı, eyni zamanda ailə institutunun təməlinin boşalmasına imkan verməməliyik.

Amma millət vəkilinin fikrincə, ailə məhkəməsi mütləq ayrıca qurum şəklində və tərkibi daha geniş olmalıdır: "Ailə məhkəməsi ayrıca qurum olmadığı halda, məhkəmələrdə də işlər çox olduğundan bu məsələyə dərindən yanaşmaq mümkün olmayacaq. Ailə məsələləri elədir ki, onlara gərək ürəklə, hisslə, duyğu ilə, böyük həssaslıqla yanaşılsın. Qonşu Türkiyədə ailə məhkəməsi təkcə hakimlərdən ibarət deyil. Orada həm də maarifləndirici şəxslər, psixoloqlar, vəkillər, həkimlər və bir sıra digər sahələr üzrə mütəxəssislər olur”.

Qeyd edək ki, bir sıra ekspertlər inkişaf etmiş demokratik ölkələrdə mövcud olan bu sistemin Azərbaycanda tətbiqini dəstəkləyir, hətta bu cür məhkəmələrin ailələrin yaşadıqları əraziyə yaxın yerdə yerləşməsini məsləhət görürlər.

Hüquqşünas Əkrəm Həsənov isə belə bir sistemin yaradılmasına lüzum görmür. Boşanmaların sayının getdikcə artdığını təsdiq etsə də, yeni sistemin heç nəyi dəyişdirməyəcəyini deyir. Onun fikrincə, ailədaxili məsələlər standart məsələlərdir və onların həlli hər bir fərdin özündən asılıdır: "Bilirsiz, mən öz təcrübəmdən deyə bilərəm ki, hazırda məhkəməyə olan müraciətlərin az bir qismi ailədaxili problem, boşanma ilə əlaqədardır. Əsasən əmlak-mülk məsələləri daha aktualdır. Məhkəmə qərar çıxaranda onsuz da tərəflərdən birinin xeyrinə çıxarır və çox vaxt uşaq ata ilə deyil, anayla qalır. Yəni bu cür məhkəmələr yaradılsa belə, tərəflər öz üzərlərinə düşəni ya icra edirlər, ya da etmirlər. Ona görə də ilk növbədə insanların mənəvi, əxlaqi, maddi problemləri həll olunmalıdır”.

Ailə məhkəmələrinin yaradılmasının zəruri olduğunu deyən "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova təşəbbüsü alqışladığını deyib: "Ailə məhkəmələri bir çox ölkələrin təcrübəsində artıq uzun müddətdir ki, var. Ümumiyyətlə, uşaq məhkəmələri, ailə məhkəmələri və s. kateqoriyaya bölünmüş məhkəmələr dünya təcrübəsində var. Mən çox şadam ki, nəhayət, Azərbaycanda Ailə Məhkəməsinin ayrıca mövcud olması gündəmə gəlib. Bu, 2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının aradan qaldırılması haqqında” Qanundan irəli gələn bir tələbdir. Məsələ ondadır ki, bu cür sosial tipli cinayətlərdə mütləq şəkildə ixtisaslaşmış məhkəmələrin olması vacibdir. Bizim təcrübəmizdə insan alveri, məişət zorakılığı cinayətlərinin məhkəmə prosesləri umimiləşdirilmiş hakimlərə verilir. Qeyd etdiyim sahələr dünya təcrübəsində ayrıca bir elm sahəsidir. Baxmayaraq ki, hüquqi təhsil alan hakimlər ümumi qanunvericiliyi bilsə də, sosial yönümlü problemləri kifayət qədər bilməyə bilər və unutmayaq ki, əksər vaxt hakimlərin özü stereotiplərdən asılı olur”.

M.Zeynalovanın sözlərinə görə, Ailə Məhkəmələrinin yaradılmasından əvvəl məişət zorakılığı cinayət tərkibi kimi Cinayət Məcəlləsinə əlavə edilməlidir, bu sahədə addım atılmalıdır. İkinci bir məsələ olaraq psixoloji, iqtisadi zorakılığın meyarları müəyyən edilməlidir: "Hansı meyarlara görə məhkəmə bu tip cinayətləri müəyyən edib, sübutlara əsaslanıb cəzalandıracaq? Boşanmaların sayının azalması yalnız o halda mümkündür ki, məhkəmə prosesləri zamanı hakimlər düşünmə dövrü olan 3 ay müddətində tərəfləri mütəxəssislərə istiqamətləndirsin. Məsələn, psixoloqa və ya sosial işçiyə təhkim etsin. Ancaq təəssüf ki, bu hal Azərbaycanda çox az təsadüf edilir. Məhkəmələr bu sahədə işləyən QTH-ləri nadir hallarda prosesə cəlb edir. Bəzən hakimlər bu mütəxəssislər haqqında ümumiyyətlə məlumata malik olmur. Ona görə də 3 ay formal xarakter daşıyır. Problemlərin kökü tapılmadan, onların həll edilməsi üçün yollar axtarılıb müəyyən edilmədən ailəni qorumaq mümkün olmayacaq. Növbəti dövrlərdə yenidən problem özünü göstərəcək, çünki əslində o problem heç tapılmamışdı və aradan qaldırılmamışdı. Sadəcə müəyyən müddət üçün ört-basdır edilmişdi. Ən narahatlıq yaradan məqamlardan biri də hakimin "gedin düşünün” dediyi bu 3 ayda hətta ölüm hallarının baş verməsidir. Boşanma ərəfəsində olan, işlərinə məhkəmədə baxılan nə qədər qadına qarşı belə hallar olub”.

Psixoloq Azad İsazadə isə ailə münasibətlərində məhkəmənin axırıncı instansiya olduğunu deyib. Onun sözlərinə görə, artıq boşanmaq üçün məhkəməyə müraciət edən ailənin bərpası bir o qədər də real deyil. Məhkəməyə müraciət o deməkdir ki, o insanları bir-birinə bağlayan tellərdən hansısa qırılıb: "Hesab edirəm ki, boşanmaların qarşısını almaq üçün əvvəlcədən profilaktik tədbirlər görmək lazımdır. İndiki halda ailə məhkəmələrinin bu problemi aradan qaldıracağını zənn etmirəm. Kompleks addımlar atılmalı, maarifləndirmə işləri həyata keçirilməlidir. Gənc ailələrə dövlət dəstəyi xarakterli proqramlar həyata keçirilməlidir ki, ailələr ağır yük altında əzilməsinlər”. Azərbaycanda boşanmaların sayının bu qədər artmasının ciddi problem olduğunu vurğulayan psixoloqun sözlərinə görə, real addımlar atmağın vaxtıdır. Əks halda problem qarşısıalınmaz məcraya yönələ bilər.

Şəymən