"Əl-Cəzirə" nəşrinin təhlilində bildirilir ki, Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən təhlükəsizlik mühiti Türkiyənin Avropa üçün strateji əhəmiyyətini daha da artırıb.
Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın “Avropanın Türkiyəyə ehtiyacı Türkiyənin Avropaya ehtiyacından daha çoxdur” fikrinin yeni geosiyasi reallıqlar fonunda aktuallaşdığı vurğulanıb.
Sherg.az xəbər verir ki, yazıda Türkiyənin müdafiə sənayesindəki nailiyyətləri, o cümlədən Bayraktar TB2, Bayraktar Akıncı, KAAN və Hürjet layihələri xüsusi qeyd olunub.
Analizdə bildirilir ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və Suriya, İraq, Liviya kimi bölgələrdə qazandığı döyüş təcrübəsi bir çox Avropa ölkəsində yoxdur.
Həmçinin Türkiyənin Qara dəniz, Balkanlar, Qafqaz, Şərqi Aralıq dənizi və Yaxın Şərqin kəsişməsində yerləşməsi, boğazlara nəzarəti və miqrasiya marşrutlarındakı rolu Ankaraya mühüm geosiyasi üstünlüklər qazandırır.
Təhlilin nəticəsində vurğulanır ki, Avropa Türkiyənin hərbi təcrübəsinə, müdafiə sənayesi imkanlarına və strateji mövqeyinə ehtiyac duymağa davam edir. Buna görə də Ankara-Brüssel münasibətləri artıq birtərəfli asılılıq deyil, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xarakteri daşıyır.