
Azərbaycanda da meyitdən orqan köçürüləcək
Bu iş hökumətin gündəliyində, qanun isə parlamentdədirAdil Qeybulla: “Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır”

Azərbaycanda orqan transplantasiyası məsələsi yenidən aktuallaşıb. Orqan transplantasiyası Azərbaycan səhiyyəsinin inkişaf etməmiş sahələrindən biridir. Yüzlərlə insan hər hansı bir orqanının sıradan çıxması nəticəsində həyatını itirir. Bir çox hallarda transplantasiyaya ehtiyacı olanlar müalicə üçün xarici ölkələrə göndərilsə də, bu, xəstələrin çox az hissəsini təşkil edir.
Hələlik Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmadığından, meyitdən orqan köçürülməsini tətbiq etmək mümkün olmadığını vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bu işin hökumətin gündəliyində və parlamentin nəzarətində olduğunu deyib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq olunduqdan sonra Azərbaycanda meyitdən orqan köçürülməsi həyata keçiriləcək: "Meyitdən orqan köçürülməsini həyata keçirməkdən ötrü müvafiq klinikalar olmalıdır. Yəni istənilən klinikada istənilən həkim bu işi görə bilməz. Bu iş üçün həm də müvafiq komanda olmalıdır. Bu komandada həkimlər, hüquqşünaslar, din xadimləri təmsil olunmalıdır. Dünya ölkələrinin acı təcrübəsi göstərir ki, bəzən biznes məqsədilə hələ dünyasını dəyişməmiş insanlardan orqan götürülməsi halları baş verir. Bunun qarşısını almaqdan ötrü etika komissiyası olmalıdır”.
Azərbaycanda orqan transplantasiyası "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna görə tənzimləndiyini vurğulayan tibb eksperti, professor Adil Qeybulla "Şərq”ə deyib ki, orqan köçürülməsi əməliyyatı xəstənin həyatının xilası və sağlamlığının bərpası üçün aparılır: "Adətən hər hansısa bir qəzada travmatik, kliniki ölüm keçirmiş insanların orqanlarından istifadə olunur. Meyitdən çox az orqan götürülə bilir. Məsələn, sümük, gözün qüzeyli qişası, erkən fazada dəri, qığırdaq... Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur. İnsan o zaman digər bir insan üçün donor rolunu oynaya bilir ki, bioloji ölüm hələ baş verməmiş olsun. Əgər dekaltikasiya - beyin qabığının ölümü baş veribsə, o insanın orqanları köçürülmə üçün artıq yararsız hala gəlir. Ona görə də əgər ölüm ayağında olan və ya bunun ehtimal edildiyi, yaxud insanın həyatının xilasının mümkünsüzlüyü məlum olursa, şəxsin adamları onun orqanlarını bağışlamaq istəyirlərsə, o zaman xüsusi tibbi komissiyanın rəyi ilə insanın vəfatı süni şəkildə yaxınlaşdırılır və onun orqanları götürülür.
Amma bu sahədə insanların maarifləndirilməsi adıçəkilən qanundan az əhəmiyyət kəsb etmir. Azərbaycanda donor ehtiyatlarının yaranması üçün müvafiq şəbəkə yaradılmalıdır. Əks halda, məsələnin sistemli həlli mümkün deyil. Azərbaycanda elə bir donor şəbəkəsi yaratmaq lazımdır ki, ondan hər bir Azərbaycan vətəndaşı faydalana bilsin”.
A.Qeybullanın sözlərinə görə, Azərbaycanda orqan transplantasiyasının həlli üçün psixoloji çatışmazlıqlar aradan qalxmalıdır: "Beyin ölümü gerçəkləşən insanların yarılması və orqanının götürülməsinə onun valideynləri, doğmaları razı deyillər. Bizdə bu məsələlər çox ciddidir. Hətta məhkəmə tibbi-ekspertiza əhəmiyyəti kəsb edən meyitlərin yarılmasına belə onun yaxınları imkan vermir. Hesab edirəm ki, Azərbaycanda bu prosesin tətbiqi zaman tələb edir. Amma istənilən halda bir başlanğıc olmalıdır. Əgər proses sistemli şəkildə aparılsa, insanlar yavaş- yavaş alışacaqlar. Orqan transplantasiyası ilə məsələ tam öz hüquqi bazasını tapmalı, donor bankları və s. yaradılmalıdır. Böyük bir assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın hər hansısa bir rayonunda orqan resursu varsa, digər rayonda buna ehtiyac yaranırsa, onu dərhal həyata keçirmək mümkün olsun. Bu məsələ çox ciddi və təşkilati bir işdir. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həll olunmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun. Bütün bunlar isə bir-iki günlə həll olunacaq bir proses deyil. Hesab edirəm ki, Azərbaycan orqan transplantasiyasında Türkiyə və qərb ölkələrinin təcrübəsindən istifadə edə bilər. Orqan transplantasiyasında bizim vətəndaşların sözügedən ölkələrin insanları kimi psixoloji baryerləri aşması gərəkdi. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək və insanlar yenə də xaricə üz tutacaqlar”.
Orqanların yaşama müddətinə gəldikdə isə A.Qeybulla deyib ki, bu məsələ insan orqanlarının xüsusiyyətinə görə fərqlənir. Ancaq hər ehtimala qarşı köçürüləcək orqanlar nə qədər az saxlansalar, bir o qədər yaxşıdır: "Orqanların aşağı temperaturda, müxtəlif rejimlərdə oksigen azlığına dözümlülük müddəti var. Həmçinin orqanlar dondurulmuş şəkildə də müəyyən yerlərə çatdırıla bilir. Ürək əzələsinin oksigen azlığına dözümü çox az olduğundan, o, müəyyən temperatur rejimində dərhal insan orqanizminə yerləşdirilməlidir. Çünki işlək vəziyyətdə olmayan ürəyin transplantasiyası mümkün olmur. Eləcə də böyrək, qara ciyər kimi orqanlar da işlək halda köçürülməlidir”.
Orqan transplantasiyasında yaş faktorunun da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan həkim deyib ki, yaşı 70-dən yuxarı olan xəstələr risk qruplarına aid olduğu üçün belə insanlardan orqan götürülməsi məsələsi situasiyon həll tələb edir. 70-dən aşağı yaş qrupuna aid olan xəstələrin vəziyyəti isə somatik dəyərləndirilir”.
Azərbaycanda orqan transplantasiyasının tətbiq edilməsinin qanunsuz orqan ticarətçilərinin fəaliyyətinin genişlənməsinə, sui-istifadə hallarının artmasına gətirib çıxaracağı ilə bağlı ehtimallara gəldikdə isə professor deyib ki, orqan icazəsiz götürülə bilməz: "Hər bir götürülən orqan təsbit olunmalıdır ki, o, hansı vətəndaşdan götürülüb, onun razılığı alınıbmı və onun götürülməsi üçün göstəriş olub və ya olmayıb. Əks halda, onun mənbəyi və mənşəyi bilinmirsə, bu, kriminal mahiyyət daşıyır. Ona görə də orqan transplantasiyası gizli olmamalıdır. Bu tam açıq və qanunauyğun həyata keçirilməlidir: "Orqan ticarətinə meyilli olan şəbəkələr bütün dünya üçün aktual problem olaraq qalmaqdadır. Azərbaycanda isə bir müddət bu cür şəbəkələrdən birinin izinə düşdülər və xeyli həbslər də oldu. Həm də ki, Azərbaycanda orqan verən şəxsin ancaq qan qohumu olması məsələsi qanunla təsbit edilib. Qan qohumluğundan kənar verilən orqan notariusda təsdiq olunan hüquqi sənəd əsasında transplantasiya həyata keçirilir”.
Şəymən