"Azərbaycanda dünyaya nümunə ola bilən seçki mühiti formalaşıb"






"Bəzi hakimiyyət nümayəndələri guya ki, hakimiyyəti müdafiə etmək istəyir. Buna görə, əsassız fikirlər ortaya atırlar”.

Bunu "Sherg.az”a prezident seçkiləri ərəfəsində sosial şəbəkələrin bağlanması təkliflərinə münasibət bildirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 

O hesab edir ki, seçki ərəfəsində belə bir addımın atılması yanlış olar:

"Çünki Azərbaycanda demokratik seçkilərə hazırlıq aparılır. Sosial şəbəkələrin qadağan olunması kimi addım atılsa, qərb ölkələri Azərbaycana qarşı hücumlarını daha da gücləndirər. Mən bu təklifin reallaşdırılmasının tərəfdarı deyiləm.

Sosial şəbəkələrdə təhqirlə çıxış edən şəxslərə müəyyən qüvvələr cavab verir, debatlar aparır. Düşünürəm ki, demokratik düşüncəli şəxslər o insanlara fikir verməməlidir. Həmin kəsimə diqqət edildikdə, onların təhqirləri daha da genişlənir, həvəslənirlər.

Azərbaycanda hazırda normal axarında gedən və dünyaya nümunə ola bilən seçki mühiti formalaşıb. Sosial şəbəkələrin qadağan olunması, nəyinsə məhdudlaşdırılması kimi təklifləri həyata keçirməklə beynəlxalq gücləri Azərbaycana qarşı qaldırmağın heç bir faydası yoxdur”.

Qeyd edək ki, son aylar İKT sahəsi üzrə ekspertlər və eyni zamanda ictimaiyyət nümayəndələri səviyyəsində Azərbaycanda sosial şəbəkələrin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülür.

Aysel Aslan