İş yeri qazanmış müəllimlərin yenidən imtahan verməsi dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir şey deyil
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, Azərbaycanda diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya bilərlər.
Onun sözlərinə görə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamlanmaq üzrədir.
Nazirlik rəsmisi əlavə edib ki, işə yeni qəbul olan müəllimlər üçün yeni qiymətləndirmə keçirilməlidir: "Hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir və hər il Təhsil Nazirliyi sisteminə daxil olan məktəblərə yeni müəllimlər təyinat alır. Həmin müəllimlər üçün də gələcəkdə diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bəzi müəllimlər düşünə bilər ki, ötən il ərzində öz peşəkarlıq səviyyəsini yüksəldiblər.
Həmin qiymətləndirmə keçirilərkən də öz nəticəsindən razı qalmayan müəllimlər özlərini yenidən sınaya bilərlər. Biz həm əvvəlki qiymətləndirmənin nəticəsindən razı qalmayanlar, həm də qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də yenidən özlərini sınaya bilməsi üçün şərait yaradacağıq”.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, işə qəbul olunan müəllimlərin hər biri Təhsil Nazirliyinin imtahanından uğurla keçiblər və yüksək bal toplayaraq özlərinə iş yeri qazanmış müəllimlərin yenidən imtahan verməsi dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir şey deyil:
"Əlbəttə, müəllimlər tez-tez attestasiyadan keçsələr, ən azı 5 ildən bir imtahan verib bilik-bacarıqlarını nümayiş etdirsələr, yaxşı olar. Azərbaycanda hələ ki təhsil bazarı mövcud deyil. Yəni təhsil verənlərlə təhsil alanlar arasında qarşılıqlı anlaşma yoxdu. Bu o deməkdir ki, təhsil alan və təhsil verənlər pedaqoji prosesdə istədiyi şəxsi seçə bilmir. Amma bazar fəaliyyətə başlayandan sonra hər bir məktəbin özünəməxsus siması olur və həmin məktəbə valideynlər bu yolla pul köçürürlər.
Ümumiyyətlə, hansısa müəllim biliyinin qiymətləndirilməsindən narazıdırsa, yenidən imtahan verə bilər. Bu məsələdə Eşqi müəllimin dediklərini təlqin edirəm. Əslində imtahan prosesi ağır deyil, vaxtilə mən də diaqnostik qiymətləndirmədən imtahan vermişəm. Müəllim üzərində işləyib gedib imtahan verə bilər. Yox əgər bunu bacarmırsa, artıq o müəllimin dərs demək hüququ əlindən alınmalıdır”.
Yeganə Bayramova