Azərbaycanda müxalifətin bir adı var: " Kommersiyalı siyasi müxalifət”

Aydın Mirzəzadə:“Onlar əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verir, sonra mitinqlərdə guya polis zorakılığına məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirir və o şəxslərin xaricə getməsini təşkil edir"




"Azərbaycanda müxalifətin bir hissəsi çoxdan kommersiyalaşıb. Onların bir adı var: kommersiyalı siyasi müxalifət”.

Bunu Sherg.az-a bəzi müxalif partiya rəhbərlərinin müəyyən vəsait müqabilində ayrı-ayrı gənclərə üzvlük vəsiqəsi verib, sonradan aksiyalara göndərərək polislə qarşıdurma fonunda bir neçə foto çəkdirib Avropaya siyasi mühacir kimi göndərməsinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, onlara Azərbaycanın inkişafı, vətəndaşların etibarının qorunması ilə bağlı proqram hazırlanması kimi proseslərdə iştirak etmək maraqlı deyil:

"Onlar sadəcə olaraq, müəyyən qrup vətəndaşları xaricə göndərmək üçün firma rolunu oynayırlar. Əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verir, sonra isə ildə bir neçə mitinq keçirir və həmin mitinqlərdə müəyyən olunmuş adamların guya polis tərəfindən tutulması, zorakılığa məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirir. Bununla həmin şəxslərin xaricə getməsini təşkil edir. Bu mexanizm Azərbaycan cəmiyyətinə çoxdan məlum idi. Maraqlıdır ki, həmin kommersiyalaşmış müxalifətin rəhbərləri Azərbaycanda qaldıqları halda partiyaya yeni qəbul olunmuş bir üzv qısa zamanda sıxışdırılmaq adı ilə Avropaya mühacirət edir. Doğrudan da sıxıntı varsa, niyə bu partiya rəhbərlərinə qarşı özünü göstərmir? Azərbaycan cəmiyyətində tanınmayan, heç vaxt, siyasi prosesdə iştirak etməyən şəxs birdən-birə Avropaya köç edir. Hesab edirəm ki, bu, ilk növbədə Azərbaycan siyasi müxalifətinin milli maraqlardan çoxdan uzaqlaşmasından xəbər verir. Bu gün onlar üzərinə düşən siyasi və milli məsuliyyəti yerinə yetirməkdən çox uzaqdırlar.

Aksiyalar bir qayda olaraq Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsinə salınır. Azərbaycan artıq beynəlxalq diplomatik danışıqların getdiyi, mötəbər idman yarışlarının keçirildiyi aktual məsələlərin müzakirə edildiyi məkana çevrilib. Artıq Azərbaycan vətəndaşı özünü belə nüfuzlu ölkənin vətəndaşı kimi görür. Belə əhəmiyyətli tədbirlər ərəfəsində hansısa müxalifət təşkilatı aksiyalar keçirib, nəzərdə tutduğu şəxslərin ölkədən mühacirət etməsinə çalışır.

Bu nə həmin siyasi partiya liderlərinin, nə də xaricə gedən vətəndaşların ağrıları ilə bağlıdır. Hətta bu yol alınmadıqda erməni ilə qohumluğunu bəhanə gətirib, xaricə mühacirət etmək istəyənlər var. Bu, saxtakarlıqdır, Azərbaycana və azərbaycançılığa qarşı xəyanətdir. Hesab edirəm ki, cəmiyyət bunların iç üzünü daha çox tanımalıdır”.

Qeyd edək ki, hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.

Ayyət Əhməd