"Əvvəllər ölkə vətəndaşlarının sayı az olduğundan ölüm sayı da az idi”.
Bunu Sherg.az-a bu ilin yanvar-aprel aylarında (4 ay) Azərbaycanda 20 min 684 ölüm halının qeydə alınmasına münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
Ölümün cavanlaşmasına diqqət çəkən kulturoloqun sözlərinə görə, hazırda əhalinin sayı çox olduğuna görə, ölüm sayının da artması müşahidə olunur:
"Əhalinin sayının 10 milyona yaxınlaşması o deməkdir ki, ölüm halları iki dəfəyə qədər artıb. Azərbaycanda doğrudan da ölüm gəncləşib. Demək olar ki, sosial şəbəkələrdə bu və digər gəncin ya xəstəlikdən ölməsini, ya da intihar edib, dünyasını dəyişməsini barədə xəbərləri eşidirsiniz. Bunun isə bir sıra obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər odur ki, insanların sosial vəziyyəti ağırlaşdıqca, stress keçirdikcə ölüm halları artır. İntihar, insanların keçirdikləri stress, natural olmayan qidaların, ərzaqların istifadə olunması səbəbindən ölüm halları çoxalıb. Vaxtlı - vaxtında gigiyenasına fikir verməmək, normal qidalanmamaq, müxtəlif uyuşdurucu tabletlərdən rahat istifadə xərçəng və ya digər ağır xəstəliklərə gətirib çıxarda bilir. Eyni zamanda şəhərin havası pis olduğundan nəfəs və ürək xəstəliklərinin artması, yol qəzaları və s. sözsüz ki, ölümün də gəncləşməsinə səbəb olur".
A.Əbilovun qənaətincə, ölümün gəncləşməsinin qarşısını almaq üçün kompleks halda təhlükəsizlik qaydalarını orta məktəblərdən keçmək lazımdır:"Bu barədə danışılır, amma ümumi götürdükdə şərti yanaşılır. Çünki şagirdlərdən bu məsələ ilə bağlı imtahan götürülmür deyə həm müəllimlər, həm də şagirdlər bu məsələyə ciddi yanaşmır. Əvvəllər bu problemə müəyyən nəzarət var idi. Elektrik, su, od kimi təhlükə yarada biləcək məsələlərlə bağlı müəyyən təhlükəsizlik qaydaları öyrədilirdi. Hazırda isə məktəblərdə bu sistem tamamilə dağılıb.
Bundan başqa avtoşluq edən, zərərli vərdişləri olan, narkotik və s. maddələrdən istifadə edən gənclərin sayı artıb. Ən əsası isə şəhəri bütövlükdə bürüyən energetik içkilərdən, uyuşdurucu, narkotik vasitələr hesabına hazırlanan tabletlərdən istifadə gənclərin məhvinə aparıb çıxarır. Bütün bunlar ölümü cavanlaşdırmaqla yanaşı, genefondumuzun məhvinə səbəb olur. Uyuşdurucu tabletlər və süni ərzaq məhsullarını istifadə edən gənclərin gələcəyini düşündükdə insan dəhşətə gəlir.
Bütün bu problemləri işıqlandırmaqla yanaşı ziyalıların və aidiyyatı qurumların həyəcan təbili çalmasına böyük ehtiyac var. Adda-budda hər hansı bir ziyalının, ekspertin sosial şəbəkədə səsi çıxan kimi əlaqədar orqanlar üzərimizə düşür ki, siz müxalifsiniz və dövləti sevmirsiniz. Halbuki biz dövləti sevməsəydik, başqaları kimi sakit oturub, məsələnin ictimailəşdirilməsinə səy göstərməzdik”.
Ayyət Əhməd