Azərbaycanda şəkərli xəstələrin sayı artır

Yusif İsmizadə: “Hazırda ölkədə 204 min şəkərli diabetlə xəstə qeydiyyatdadır ki, onların 62 mini paytaxtın payına düşür”



Dünən Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində mətbuat nümayəndələri üçün "dəyirmi masa” keçirilib. Respublika Endokrinoloji mərkəzin direktoru Yusif İsmizadə dünya ölkələrində diabetin səhiyyə qarşısında duran əsas çağırışlardan biri olaraq qaldığını deyib. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edildiyini vurğulayan Mərkəz rəhbərinin sözlərinə görə, Mərkəz qarşısına qoyulan tapşırıqları hissə-hissə yerinə yetirib:

"İlk işimiz Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi oldu. Çünki ölkədə şəkərli xəstələrin sayı çox olduğu üçün onların hamısını nəzarətdə saxlamaq üçün bizə registr şərt idi. Bizim Mərkəzdə diabetli xəstələrin dərman preparatları və özünənəzarət vasitələri ilə təminat monitorinqinin təşkili üçün kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və s. tədbirlər həyata keçirilir.

Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı, respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə şəkərli diabetlə xəstə pasiyentlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılıb. İşimizin əsas hissələrindən biri də şəkərli diabetlə bağlı maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi, mütəxəssislərin iştirakı ilə konfransların keçirilməsidir”.

Mərkəz direktorunun sözlərinə görə, hazırda Respublika Endokrinoloji Mərkəzdə 512 nəfər şəkərli diabetlə xəstə uşaq dispanser qeydiyyatındadır: "Şəkərli diabetli uşaqlar 1-18 yaş arasındadır. Ötən il isə bu rəqəm 424 olub. Bu uşaqların hər biri vaxtlı-vaxtında müayinə olunaraq, lazımi dərman maddələri, insulin analoqları və özünənəzarət vasitələri, test çubuqları ilə təmin edilir. Heydər Əliyev Fondunun yardımı ilə 90 uşaq REM tərəfindən "insulin pompaları” və onların ləvazimatları ilə təmin edilib. Biz yerdə qalan uşaqların da "insulin pompası” ilə təmin edilməsinə çalışırıq”.

İnsulin pompalarının müasir müalicə üsullarından olduğunu vurğulayan Y.İsmizadə qeyd edib ki, gələcəkdə şəkərli diabetin müalicəsi Azərbaycanda insulin pompası ilə aparılacaq.

Yusif İsmizadənin məlumatına görə, 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub. 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilib: "Bundan başqa, bölgələrdə maarifləndirmə işinin daha yaxşılaşdırılması üçün REM tərəfindən elmi-praktik konfranslar təşkil olunur. Eyni zamanda, maarifləndirmə işinin davamı olaraq xəstələrlə, xüsusilə uşaq pasiyentlərə təlimlər, habelə hər ayın 3-cü Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir. Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi” xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır. REM eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədi ilə də zəruri işlər görür”.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən şəkərli diabet xəstələrinin sayının hər il 10-15 faiz artdığını vurğulayan İsmizadə Azərbaycanda da bu göstəricilərin müvafiq olaraq artdığını deyib: "Hazırda ölkədə 204 min şəkərli diabetlə xəstə qeydiyyatdadır ki, onların 62 mini paytaxtın payına düşür.

Şəkərli diabetlər üçün nəzərdə tutulan qidalara nəzarətin başqa qurumların səlahiyyətində olduğunu vurğulayan REM direktorunun sözlərinə görə, şəkərli xəstələr üçün nəzərdə tutulan diabetik qidaların istehsalına, idxalına, satışına ciddi nəzarət olunmalıdır. Diabetli xəstələr üçün nəzərdə tutulan qidalar bu xəstəliyin bütün parametrlərinə cavab verməlidir”.

20 ildən artıqdır Mərkəzdə çalışdığını vurğulayan Nərmin İsmayılovanın sözlərinə görə, Mərkəzin işi şəkərli diabet xəstələrinin aşkarlanması, onların qeydiyyata alınaraq diaqnozlarının təsdiq olunmasıdır: "Amma REM-də ancaq 1-18 yaş arası uşaqlar qeydiyyata alınır. Yaşı 18-dən yuxarı olan xəstələr isə şəhər poliklinikalarında qeydiyyata götürülür. Amma onlar ilk növbədə bizim Mərkəzə gələrək müayinədən keçir. İnsulinin miqdarı, qan şəkərinin təyini bizim tərəfimizdən aparılır. Bir sözlə, REM-də erkən dəqiq diaqnoz qoyulur”.

"Diabet pəncəsi” məktəbinə rəhbərlik etdiyini vurğulayan N.İsmayılova xəstələrin müalicə prosesində bu məktəbin böyük əhəmiyyəti olduğunu deyib. Şəkərli diabet haqqında heç bir anlayışı olmayan xəstələrə lazımi məlumatlar verilir, müalicə üsulları aşılanır. Biz bu təlim prosesini sadəcə REM-də yox, şəhər poliklinikalarında və yerlərdə davam etdiririk.

Şəkərli diabetin qlobal problemlərdən olduğunu vurğulayan Mərkəz əməkdaşı deyib ki, düzgün olmayan qidalanma və qeyri-aktiv həyat tərzi, artıq çəki kimi məsələlər şəkər xəstəliyinin əsas səbəblərindən biridir.

1-ci tip şəkərli diabetin atomanlar adlandığını vurğulayan N.İsmayılova bu tip xəstəliyin anadan uşağa keçmədiyini deyib. Ancaq 2-ci tip şəkərli diabet irsi xarakterlidir: "Amma ailədə kimsədə diabet var deyə digərlərinə keçməsi şərt deyil. İnsanlar düzgün qidalanma və aktiv həyat tərzi ilə xəstəlik riskini azalda bilərlər. Əsas məqsədimiz xəstələrimizin rifahını yaxşılaşdırmaq, onlara düzgün məsləhətlərin verilməsidir. Biz maarifləndirmə yolu ilə bu risklərin sayını azaltmağa çalışırıq. Fəsadları erkən aşkarlamaqla düzgün müalicə prosesini aparmaq bizim üçün başlıca şərtdir”.

Şəymən