Ötən gecə Lerikin Veri kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, kənd sakini 72 yaşlı Əbil İsiyevin və oğlu 37 yaşlı Rafael İsiyevin bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülməsi və R.İsiyevin hər iki qulağının tamamilə kəsilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə iş başlanılıb. Hazırda faktla bağlı istintaq və zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bildirilir ki, hadisəni törədən şəxslərdən bəziləri Ə.İsiyevin qardaşı oğullarıdır. Onların həyətləri kənddə yanaşı yerləşirmiş. Hadisənin baş vermə səbəbinə gəlincə ailələr arasında uzun illər imiş ki, soyuqluq varmış. Torpaq məsələsi ilə başlayan soyuqluq daha sonra nalayiq söz-söhbət ucbatından daha da dərinləşib və düşmənçilik həddinə çatıb.
*****
12:08
Bu gecə Lerik rayonunun Veri kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Lent.az-ın məlumatına görə, gecə saatlarında 72 yaşlı Əbil İsiyevin evinə gələn qohum və qonşulardan ibarət dəstə üzvləri onu baltaladıqdan sonra oğlu, 37 yaşlı Rafael İsiyevin qulaqlarını kəsib. Ata və oğlunu döydükdən sonra onlar 37 yaşlı kişinin qulaqlarını elə ailə üzvlərinin gözü qarşısında balta ilə tamamilə kəsiblər.
Səhər saatlarında ata və oğlu təcili tibbi yardım maşını iləı Lənkəran şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı 72 yaşlı kişinin həyatı üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib və Əbil İsiyev ambulator müalicəyə yazılıb. Onun oğlu isə xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirib ki, R.İsiyev xeyli qan itirib və onun qulaqlarını yerinə tikmək mümkün deyil. Bərpaolunma prosesindən sonra R.İsiyevə ixtisaslaşmış xəstəxanalardan birində protez qulaq qoymaq mümkün olacaq.
Lent.az-ın məlumatına görə, hazırda Lerikin Veri kəndində istintaq və əməliyyat-axtarış qrupları işləyir. Hadisəni törədən şəxslərin kimliyi gün ərzində dəqiqləşdiriləcək və məsuliyyətə cəlb olunacaqlar.
*****
11:00
Lerikdə ata və oğlu baltalanıb.
APA-nın Cənub bürosunun məlumatına görə, bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Araşdırmalar onların hücum edənlərin H. İsiyevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olması müəyyən edilib.
Məlumata görə, adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.
Faktla bağlı araşdırma aparılır.