Azərbaycanda təqribən 1000-ə qədər “bəhai” var

İranda onların sayı yarım milyondan artıqdır
Elşad Miri: “Təriqət üzvlərinin əsas mərkəzi İsrailin Hayfa şəhərində yerləşir. Bu faktın bözü çox maraqlıdır”


"Bəhailər” ayrıca özlərinə qəbiristanlıq salmaq üçün dini komitəyə müraciət edib”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, "Bəhai” dini icması Azərbaycanda qeydiyyatdan keçib və Bakıda, Sumqayıtda fəaliyyət göstərir. Amma komitə rəsmisi təriqətlə bağlı fikir bəyan etməkdən çəkinib və bir məmur kimi bu barədə danışmağın düzgün olmadığını söyləyib:

"Biz dini icmalara qanunun gözü ilə baxırıq. Əgər icmaların fəaliyyətində hər hansı neqativ hal varsa, buna şəxsi münasibət yox, qanun prizmasından yanaşırıq”. Vurğulayaq ki, "bəhai”lik ictimaiyyətdə zərərli təriqət kimi tanınır. Çünki dini icmanın toplum tərəfindən qəbul olunmayan özünəxas "qayda-qanunları” var. Məsələn, "Qurani-Kərim”ə görə islam dini sonuncu dindir. Amma "bəhailər” bunun yanlış olduğunu və gələcəkdə yeni dinlərin olacağını deyirlər. "Bəhai” dininin tarixi təxminən 170 il əvvələ gedir. Bu din İranda yaranıb. 1844-cü ildə İranda Seyid Əli Məhəmməd adında bir şəxs, özünün Allah "elçisi” olduğunu elan edib. Daha sonra Seyid Əli Məhəmməd özünə bab (qapı) adını götürüb. "Bəhailər” İranı və Azərbaycanı öz dini vətənləri hesab edirlər. Dünyanın 189 ölkəsində onların icmaları fəaliyyət göstərir. İcmaların sayına görə, birinci yeri Hindistan tutur. Orada təxminən 2 milyon bəhai var. İkinci ən böyük icma isə İrandadır. İranda yarım milyon bəhai yaşayır. Son məlumatlara görə, Azərbaycanda isə təqribən minə qədər bəhai var. Təriqətə üzv olan şəxslər arasında məşhur insanların da adları çəkilir. Deyilənə görə, Azərbaycanın məşhur neft milyonçusu Musa Nağıyev də "bəhai” olub. Məlumat üçün onu da deyək ki, "bəhailər” ibadət zamanı istiqamətlərini müsəlmanların qibləsi sayılan Kəbəyə deyil, S.Ə.Məhəmmədin öldüyü məkana, yəni İsrailin Hayfa şəhərinə çevirirlər.

Təriqətin yaranma tarixi və onun zərərləri haqqında "Şərq”ə danışan ilahiyyatçı-alim Elşad Miri deyib ki, Dini Komitə rəsmiləri ölkədə qeydiyyatdan keçmiş hansısa dini icmanın əleyhində fikir söyləyə bilməzlər. Yəni həmin təriqətlə bağlı vətəndaşların konkret şikayəti, müraciəti yoxdursa, dini icmanın fəaliyyətinə məhdudiyyət qoyulması mümkün deyil: "Bu gün Azərbaycanda olan provaslavlar, katoliklər, protestantlar, müxtəlif islam və qeyri-islam təmayüllü dini icmalar fəaliyyət göstərir. Dini etiqad azadlığı qanununa əsasən fəaliyyət göstərdikləri təqdirdə həmin dini icmalar barəsində tədbir almaq imkansız olur. Amma faktiki olaraq "bəhailər”lə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Bu təriqət XIX əsrdə ortaya çıxıb. Dünyanın müxtəlif ölkələrində dini icmaları var. İcma üzvləri əsasən "dünya vətəndaşı” anlayışına sahibdirlər. Proseslərə daha modern və intellektual çərçivədə yanaşırlar. Amma həmin təriqət birmənalı olaraq islam dini tərəfindən qəbul olunmur. Düzdür, onları islama aid dini icma kimi qələmə verirlər. İcma üzvləri də islam adından çıxış edirlər. Ancaq onların fikirləri, ideyaları tamamilə islam dininə ziddir. Özlərinin ayrıca kitabları, məbədləri var. Xüsusi bir dinin təmsilçiləri kimi çıxış edirlər. Çalışırlar ki, öz sıralarına çox dil bilən insanları qatsınlar. Bəhailər əsasən İranda formalaşıb. Əvvəlcə "mehdilik”, daha sonra isə "peyğəmbərlik” iddiası ilə ortaya çıxıblar. Onların digər adı da "babilər”dir. "Bab” ərəb dilində qapı deməkdir. Onların rəhbəri də "Bab” adlandırdıqları Seyid Əli Məhəmmədir. O, özünü bütün islam dünyasının gözlədiyi mehdi elan etmişdi. "Bab” olduğuna görə, təriqət üzvlərinə babilər deyiblər. Onun öldürülməsindən sonra isə təriqət "bahilik”, "bəhaullah” və s. adlarla ortaya çıxıb”.

İlahiyyatçı bildirib ki, təriqət üzvlərinin əsas mərkəzi İsrailin Hayfa şəhərində yerləşir: "Bu faktın özü çox maraqlıdır. Müsəlmanlar İsraildə öz dinlərini rahat şəkildə yaşaya bilmədikləri halda "bəhailər” orada çox sərbəst hərəkət edir və öz təlimlərini, ayinlərini icra edirlər”.

İsmayıl