Azərbaycanda turistlər niyə döyülür ? - "Özlərini düzgün aparmırlar"

Vüqar Bayramov:"Sözsüz ki, baş verən münaqişələrdə turistlərin də günahı var. Onların bəzən özlərini düzgün aparmaması xoşagəlməz hallara yol açır"


"Vətəndaşlarımız turistlərə qarşı tolerantlıq nümayiş etdirməlidir”.

Bunu Sherg.az-a son günlərdə ölkəmizdə turistlərə qarşı cinayət hallarının artmasına münasibət bildirərkən iqtisadçı, ekspert Vüqar Bayramov deyib. 

O xatırladıb ki, turistlər Azərbaycana fərqli mədəniyyətə malik ölkələrdən gəlir, buna normal baxmaq lazımdır:

"Bəzən mədəniyyətini qəbul etmədiyimiz ölkələrdən belə Azərbaycana turistlər gələ bilər. Bu baxımdan hüquqi müstəvidə araşdırılması tələb olunmayan hallar istisna olmaqla turistlərlə münasibətlərdə səbrli olmağımız vacibdir. Sözsüz ki, baş verən münaqişələrdə turistlərin də günahı var. Onların bəzən özlərini düzgün aparmaması xoşagəlməz hallara yol açır. Bütün hallarda turist hüququn da imkan verdiyi qaydaları pozursa, insanları narahat edirsə, polisə müraciət etmək lazımdır. Belə turistlərlə bağlı hər hansı tədbirlərin hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu zaman digər turistlər də qaydaları pozmamağa, cəza almamağa çalışacaq. Nəticə etibarilə, mənəvi şəkildə turistlərlə yerli əhalinin də münasibətlərinin yaxşılaşmasına gətirib çıxaracaq.

Turistlik Azərbaycanda qeyri-neft sahəsində prioritet istiqamətlərdən biridir. Dünyanın demək olar ki, əksər ölkəsində özünü apara bilməyən, qaydalara əməl etməyən turistlər var. Belə xoşagəlməz hallar baş verdiyi halda hüququn imkan verdiyi çərçivədə problemin həllinə çalışılır”.

Aysel Aslan