Adil Qeybulla: “Bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həllini tapmalıdır”
Milli Məclisin dünənki iclasında "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik deputatlar arasında ciddi müzakirələrə səbəb olub. Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanda hələlik yalnız qohumlar biri-birinə orqan transplantasiyası edə bilirlər: "Qanun hələlik buna icazə verir. Bunu aradan qaldırmaq lazımdır. Yollarda ildə nə qədər insanlar həyatını dəyişir. Yaxşı olmazmı ki, həmin insanların sağlam orqanları ehtiyacı olan xəstə insanlara transplantasiya edilsin?!. Bununla, bir insanın ölümü başqa insanın yaşam səbəbi ola bilər”.
Deputat Qənirə Paşayeva da həmkarının fikrini dəstəkləyib və hər zaman bu məsələni gündəmə
gətirməyin vacibliyini vurğulayıb.
Mütəxəssislər isə bu fikirdədir ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanmadığından
meyitdən orqan köçürülməsini tətbiq etmək hələlik mümkün deyil. Yalnız icbari tibbi sığorta tətbiqolunduqdan sonra meyitdən orqan köçürülməsi həyata keçirilə bilər. Meyitdən orqan köçürülməsini
həyata keçirməkdən ötrü müvafiq klinikalar olmalıdır. Yəni istənilən klinikada istənilən həkim bu
işi görə bilməz. Bu iş üçün həm də müvafiq komanda olmalıdır. Bu komandada həkimlər,
hüquqşünaslar, din xadimləri təmsil olunmalıdır. Dünya ölkələrinin acı təcrübəsi göstərir ki, bəzən
biznes məqsədilə hələ dünyasını dəyişməmiş insanların orqanları oğurlanır.
Azərbaycanda orqan transplantasiyası "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında”
qanuna görə tənzimləndiyini vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Şərq”ə bildirdi ki, orqan köçürülməsi əməliyyatı xəstənin həyatının xilası və sağlamlığının bərpası üçün aparılır:
- Adətən hər hansısa bir qəzada travmatik, kliniki ölüm keçirmiş insanların orqanlarından istifadə
olunur. Meyitdən çox az orqan götürülə bilir. Məsələn, sümük, gözün qişası, erkən fazada dəri,
qığırdaq... Ölmüş insan transplantasiya üçün o qədər də yararlı olmur. İnsan o zaman digər bir insan
üçün donor rolunu oynaya bilir ki, bioloji ölüm hələ baş verməmiş olsun. Əgər dekaltikasiya - beyin
qabığının ölümü baş veribsə, o insanın orqanları köçürülmə üçün artıq yararsız hala gəlir. Ona görə
də əgər ölüm ayağında olan və ya bunun ehtimal edildiyi, yaxud insanın həyatının xilasının
mümkünsüzlüyü məlum olursa və həmin şəxsin doğmaları, yaxınları onun orqanlarını bağışlamaq
istəyirlərsə, o zaman xüsusi tibbi komissiyanın rəyi ilə insanın vəfatı süni şəkildə həyata keçirilir və
orqanları götürülür.
A.Qeybulla hesab edir ki, bu sahədə insanların maarifləndirilməsi ən vacib məsələdir:
- Azərbaycanda donor ehtiyatlarının yaranması üçün müvafiq şəbəkə yaradılmalıdır. Əks halda,
məsələnin sistemli həlli mümkün deyil. Azərbaycanda elə bir donor şəbəkəsi yaratmaq lazımdır ki,
ondan hər bir Azərbaycan vətəndaşı faydalana bilsin.
Orqan transplantasiyasının həlli üçün psixoloji çatışmazlıqlar aradan qalxmalıdır. Beyin ölümü
gerçəkləşən insanların yarılması və orqanının götürülməsinə onun valideynləri, doğmaları razı
olmur. Bizdə bu məsələlər çox ciddidir. Hətta məhkəmə tibbi-ekspertiza əhəmiyyəti kəsb edən
meyitlərin yarılmasına belə bəzən insanlar qıcıqla yanaşır, buna imkan vermirlər. Hesab edirəm ki,
Azərbaycanda bu prosesin tətbiqi zaman tələb edir. Amma istənilən halda bir başlanğıc olmalıdır.
Əgər proses sistemli şəkildə aparılsa, insanlar yavaş, donor bankları və s. yaradılmalıdır. Böyük bir
assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın hər hansısa bir rayonunda orqan
resursu varsa, digər rayonda buna ehtiyac yaranırsa, onu dərhal həyata keçirmək mümkün olsun. Bu
məsələ çox ciddi təşkilatçılıq tələb edən işdir. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab
edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həllini tapmalıdır ki, daha sonra resurslar
haqqında düşünmək mümkün olsun. Azərbaycan orqan transplantasiyasında Türkiyə və qərb
ölkələrinin təcrübəsindən istifadə edə bilər. Orqan transplantasiyasında bizim vətəndaşların
sözügedən ölkələrin insanları kimi psixoloji baryerləri aşması gərəkdi. Bu məsələdə əhalini xeyli
maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini
tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək.
Məlahət Rzayeva