Azərbaycanda yeni universitet yaradıldı – SƏRƏNCAM






Prezident İlham Əliyev Mingəçevir Dövlət Universitetinin yaradılması barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Azərbaycanda təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb.
Nazirlər Kabineti Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının iki ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etməli, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.