"Azərbaycanın buna reaksiyası neqativ və sərtdir" - Politoloq

Tofiq Abbasov: "ABŞ-ın istər rəsmi qurumları, istərsə də lobbiçi adı ilə fəaliyyət göstərən qüvvələri separatçı qurumu dəstəkləməklə İrəvanın işğalçı siyasətinə köməklik göstərmiş olurlar"


"ABŞ-ın erməni lobbisi çox qüdrətli qüvvədir və vaxtaşırı ermənilərə, xüsusilə, separatçı rejimə kömək göstərir”.

Bunu Sherg.az-a ABŞ-ın Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlı danışarkən politoloq Tofiq Abbasov deyib. 

O xatırladıb ki, qondarma referendum keçiriləndə də tək erməni icması deyil, həm də Amerikanın Milli Demokrat İnstitutu xərcləri qarşıladı:

"ABŞ burada 907-ci əlavəni tətbiq edir, Azərbaycanı vaxtaşırı tənqid edir ki, guya Azərbaycanda demokratiya axsayır. Özü isə separatçı rejimə kömək edir, bunun dövlət xəttindən edilmədiyini, müstəqil institutların, demokratik təsisatların xətti ilə edilən köməklik olduğunu deyir. Əslində bunun dəxli yoxdur. Bir halda ki, ABŞ-ın daxili qüvvələri qeyri-qanuni rejimə dəstək verirlərsə, deməli həqiqətən qanunsuzluğu özünəməxsus formada qidalandırırlar. Bu baxımdan sözsüz ki, Azərbaycanın buna reaksiyası neqativ və sərtdir. 

Əsas deyilən fikirlər, səsləndirilən ifadələr deyil, atılan addımlar öndədir. Buna görə, hesab edirəm ki, ABŞ-ın istər rəsmi qurumları, istərsə də lobbiçi adı ilə fəaliyyət göstərən qüvvələri separatçı qurumu dəstəkləməklə İrəvanın işğalçı siyasətinə köməklik göstərmiş olurlar. Bu qınanmaqla bərabər, dünya nizamının pozulmasına səbəb olur. Azərbaycan müxtəlif vasitələrlə bunları ABŞ rəsmi dairələrinə və Milli Demokrat İnstitutunun rəhbərliyinə çatdırır və dünyada bəyan edir ki, belə addımlar yolverilməzdir”.

Qeyd edək ki, Dövlət Departamentinin məlumatına görə, münaqişənin hərtərəfli nizamlanmasında Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolu qəbul edilir:

"Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz iyulun 19-da keçirilən qondarma seçkilərin nəticələrini tanımırıq. Bu seçkilər Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək. Biz həmçinin vurğulayırıq ki, qondarma seçkilər Dağlıq Qarabağın yekun statusu və Dağlıq Qarabağa davamlı və sülh həlli gətirəcək mövcud danışıqların nəticəsini müəyyənləşdirmir."

Aysel Aslan