Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 987,5 mln manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8 % çox, ilin əvvəli ilə müqayisədə 3,1 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.

Kredit qoyuluşunun 11 mlrd 763,7 mln manatı və yaxud 78,5 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 2,7 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 848,1 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 7,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,5 %-dən 19 %-ə qalxıb.

Aprelin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 375,7 mln manat olub. Bu isə illik müqayisədə 7,2 % azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,7 %-dən 2,5 %-ə enib.