Xəlil İbrahim (Xəlil İbrahim oğlu İbrahimov) 1892-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada sənətkar ailəsində dünyaya göz açıb. Ailənin üçüncü övladıdır. Qardaşı Abışdan sonra Göyçək adlı bacısı dünyaya gəlib. Atası İbrahim Şuşanın dəri istehsalı ilə məşğul olan, tanınan sənətkarı olub. Xəlilin 5 yaşı olanda dünyasını dəyişib. Xalça toxuyub satmaqla məşğul olan anası ailəni çox çətinliklə dolandırıb, övladlarını boya-başa çatdırıb.
İbtidai təhsilini Şuşa realnı məktəbdə alan Xəlil yoxsulluq üzündən ailəsi ilə birgə Bakıya köçüb. Təhsilini burda davam etdirib. Lakin maddi imkansızlıq səbəbindən məktəbi yarımçıq qoymalı olub. 1909-1911-ci təhsil illərində yaranan boşluq, ailənin maddi imkansızlığı Xəlili yenidən Qarabağa qaytarıb, o bir müddət burada fərdi müəllimliklə məşğul olub, dövrün tanınmış şəxslərinin övladlarına, xüsusən Qasım bəy Zakirin nəvələrinə evdə dərs deyib, onlara ilkin bilgilər aşılayıb. Ailəsinin maddi imkanlarını ödəməyə çalışan Xəlil bir qədər imkan qazandıqdan sonra təkrar Bakıya dönüb və realnı məktəbi bitirib.
1912-ci ildə "Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbinə müəllim təyin olunan Xəlil İbrahim bu dövrdən etibarən yaradıcılığa başlayıb. Bəzi mənbələrə görə, onun ilk məqaləsi 1913-cü ildə "Səda” qəzetində "Kənd həyatından lövhələr” sərlövhəsilə dərc olunub. "Səda” qəzetinin yaradıcısı Azərbaycan mətbuatı tarixində böyük iz qoyan, əslən Şuşadan olan Haşım bəy Vəzirov idi. Güman etmək olar ki, Haşım bəylə Xəlil İbrahimin tanışlığı da Şuşadan başlayır.1910-cu ildən sonra Bakının ictimai-mədəni mühiti yetərincə rəngarəng idi, xeyli sayda anadilli mətbuat orqanları nəşr olunur, cəmiyyətin inkişafında ziyalıların rolu artırdı. Xəlil İbrahim belə bir dövrdə əliqələmli ziyalıların cərgəsinə qatılır, "Səda”, "Son xəbər”, "Doğru söz”, "İqbal”, "Bəsirət”, "Tuti”, Açıq söz” qəzetlərində və müxtəlif jurnallarda müntəzəm çıxış edir.
1915-ci ilin 30 mayında Zaman bəy Abdullabəyovun müdir və sahibliyi ilə nəşrə başlayan "Son xəbər” qəzetində çalışan X.İbrahim və bu mətbuat orqanının səhifələrində əsasən sosial mövzuları işıqlandırır. I Dünya Müharibəsinin insanların yaşayışına ağır zərbə vurduğunu, əhalinin getdikcə pisləşən vəziyyətini, təhsildəki problemləri, tibbi çatışmamazlıqlarından yazır. "Son xəbər”in 8 oktyabr 1915-ci il sayında "Gündəlik həyatımızdan” sərlövhəli məqaləsində X.İbrahim Bakıdakı sosial durum, ərzaq bahalığı, əhali arasında yoluxucu xəstəliklərin baş alıb getməsini qələmə alır.
Bu məhsuldar publisistin "Doğru söz” qəzetində də kifayət qədər maraq doğuran, dövrün problemlərini diqqətə gətirən məqalələri var.

"İqbal” və "Yeni iqbal” qəzetlərində müntəzəm publisistik yazılarla çıxış edən X.İbrahim bu mətbuat orqanlarında sosial problemlərlə yanaşı, həm də siyasi təhlillərlə çıxış edirdi. Rus dilinin incəliklərini gözəl bildiyindən Çar Rusiyasının mərkəzi qəzetlərini izləyir, dünyada baş verən hadisələri ümumiləşdirir və müqayisələr aparırdı.
I Dünya Müharibəsi ərəfəsində bəşəriyyətin dəhşətli yanğın qarşısında olduğunu, slavyançılıq və almançılığın toqquşmasından törənəcək bu yanğının insanlara gətirəcəyi fəlakətin miqyasının böyüklüyünü təbliğ edir, anti-savaş mövqeyi sərgiləyirdi:
"Toplar doldurulmuş, qılınc və nizələr itiləşmiş, milyonlarca əsgər ölümü ilə rubəru durmuş və gəmilər müharibəyə hazır olaraq buxar altında durur”. Müharibənin bir gün gec, bir gün tez başlayacağını hamının əvvəlcədən gözlədiyini yazan müəllif qeyd edir ki, bu savaşda qalibin kim olacağının əhəmiyyəti yoxdur. Bu müdhiş müharibə dünyanın siyasi, iqtisadi həyatına öz mənfi təsirini göstərəcək, savaşdan uzaqda qalan bölgələrdə də böhran hiss olunacaqdı. Tarixdə bütün müharibələrin böyük maliyyə itkisi yaratdığı faktı da X.İbrahimin diqqətindən kənarda qalmır, yeri gəldikcə bu faktları yazıya çevirirdi. Məqalələrinin birində 1904-cü il rus-yapon müharibəsi zamanı bir il altı ay müddətində iqtisadi zərəri hesablayan İngiltərə iqtisadçısı Edqard Qrammondun məlumatlarına əsasən müəllif yazır: "... Qrammondun hesabına görə, Yaponiya üçün bu müharibə 135 min əsgər ilə 4 milyard markadan yuxarı paraya başa gəldiyi halda, Rusiyada 350 min adam ilə məqbul-məcruh. Əsirlər ilə bərabər 6 milyard marka bahasına tamam olmuş imiş”.
X.İbrahim Türkiyənin İtaliya və Balkan müharibələrində hələ yaralarının sağalmadığı halda I Dünya Savaşına qatılmasını məqbul görmürdü. Elə bu səbəbdən də "İqbal”ın 1914-cü il 696-cı sayındakı bu mövzudan bəhs edən məqaləsinin adını "İnanmaq istəmirik” qoyaraq Türkiyənin bu müharibədən kənar durmasını təbliğ edirdi. Almaniya və müttəfiqlərin Türkiyəni bu müharibəyə cəlb etməsinə diqqət çəkən X.İbrahim yazır: "Əlqissə indiyə kimi dostluq maskası altında ədavətkaranə fəaliyyətdə bulunmuş olan Almaniyanın və onunla bərabər ittifaqi-müsəllitin niqabı artıq götürüldü. Əsil simalarını gördük. İndi dəxi Türkiyəyə qarşı bu həriflərin nə olduğunu duymaq üçün gözləri qapalı, qulaqları örtülmüş və hissə batmış olmalıdır”.
Müəllifi qayğılandıran əsas problem Türkiyənin Rusiyaya savaş açmasından sonra yaranacaq vəziyyət idi. Müsəlman dövləti olan Türkiyənin sərhədləri daxilində 30 milyon müsəlman-türk xalqları yaşayan Rusiya ilə cənginin xalqı parçalayacağı isə şübhəsizdir. Məhz buna görə, X.İbrahim dərin təəssüf hissi ilə Türkiyənin bu savaşdan uzaq durmasını daha əlverişli, məqbul hesab edirdi.
X.İbrahim "İqbal”, "Yeni iqbal” qəzetlərində təkcə sosial, siyasi məsələlərə toxunmur, mədəniyyət, teatr və ədəbi tənqidi yazılarla da çıxış edərək diqqətçəkən mövqe ortaya qoyurdu. Təəssüf ki, dövrün nəbzinə uyğun, siyasi mənzərələrlə zəngin olan bu publisistik irs hələ tədqiq edilib ictimaiyyətə çatdırılmayıb.
**** ****
1917-ci ilin fevralında Rusiyada çar rejiminin süqutundan sonra 1911-ci ildə yaradılan "Müsavat” partiyası gizli fəaliyyətdən çıxaraq açıq siyasi mübarizəyə qatıldı. "Açıq söz”ün 15 mart tarixli sayında Müsəlman "Müsavat” firqəsindən xalqa müraciət dərc olundu. İntibahnamə barədə xəbər verərək xalqları əsarətdə saxlayan rejimin çökdüyü və siyasi səhnədən çəkildiyi yazılırdı: "Hürriyyət bayramı martın 14-də yuxarıda məfkur firqə tərəfindən ittihamnamə nəşr olunmuşdur: Müsəlmanlar! Vətəndaşlar! Millətin bütün sinif və təbəqələri! Uzun Rusiya istibdadı, o məlum idarə uçuruldu!”
"Müsavat”ın ideoloji xəttini həyata keçirən "Açıq söz”çülərin böyük əksəriyyəti ilə birgə X.İbrahim bu tarixdən etibarən M.Ə.Rəsulzadənin liderlik etdiyi partiyanın sıralarına qatılır. Həyatı Qarabağla bağlı olan X.İbrahim "Müsavat”ın Şuşa özək katibi seçilir.Qafqaz Müsəlmanlarının 1917-ci ilin aprelin 15-də Bakıda keçirilən I qurultayında iştirak edən X.İbrahim qələmlə apardığı mübarizəni siyasi müstəvidə, ayrı-ayrı mərkəzlərdə davam etdirir, fəallıq göstərirdi. 1917-ci ilin iyulun 3-də "Müsavat”la Nəsib bəy Yusifbəylinin liderlik etdiyi "Türk Ədəmi-mərkəziyyət” partiyası birləşdi. Bu birləşmədə də X.İbrahim yaxından iştirak etdi. Yeni partiya "Türk Ədəmi Mərkəziyyət "Müsavat partiyası” adlandırıldı. Çap etdiyi bəyannamədə partiya özünü "Əməkçi kütlələrə, habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli mədəni istəklərinə arxalanan demokratik partiya” kimi təqdim edirdi.
1917-ci ilin oktyabrın 25-dən 31-dək Bakıda birləşmiş "Müsavat” partiyasının I qurultayı keçirildi. Qurultay "Müsavat”ın Mərkəzi komitəsinin tərkibi, proqramı və iqamətgahı haqqında qərar qəbul etdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı 2005-ci il II cild. səh. 223). Qurultayda M.Ə.Rəsulzadə, N.Yusifbəyli, H.Z.Tağıyev, Ə.Topçubaşov, İbrahim bəy Heydərov, Bəhram bəy Axundov, Sənətulla İbrahimov, Mirzə Məhəmməd Axundov, Şəfiqə xanım Əfəndizadə ilə yanaşı Xəlil İbrahim də söz alaraq partiyanın təşkilatlanması, taktikası , bölgədə və dünyada baş verən proseslər barədə çıxış etdi. Qurultay sənədlərindən aydın olur ki, X.İbrahim "Açıq söz” qəzetinin əməkdaşı kimi çıxış edərək, partiyanın proqramı və görəcəyi işlər barədə təkliflər səsləndirib. (AFDA. fond 894. siyahı 10. sax. vahidi 60. vərəq 4.) "Müsavat”ın I qurultayında böyük siyasi nüfuza malik şəxsiyyətlərlə yanaşı X.İbrahimə də çıxış imkanı verilməsi ona olan hörmət və ehtiramdan doğurdu.
(Davamı var)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb