“Bir tərəfdə şəxsin təhsil hüququ dayanır, bir tərəfdə isə dövlətin miqrasiya qanunları. Aylanın təhsil hüququ tanınacaqsa, miqrasiya qanunu pozulacaq”
Azərbaycanlı Aylanın taleyi Merkeldən asılıdır
“Almaniya nə qədər liberal bir dövlət olsa da, miqrasiya orqanlarının çıxardığı qərar da tanınır”
“Bir tərəfdə şəxsin təhsil hüququ dayanır, bir tərəfdə isə dövlətin miqrasiya qanunları. Aylanın təhsil hüququ tanınacaqsa, miqrasiya qanunu pozulacaq”
“Bir tərəfdə şəxsin təhsil hüququ dayanır, bir tərəfdə isə dövlətin miqrasiya qanunları. Aylanın təhsil hüququ tanınacaqsa, miqrasiya qanunu pozulacaq”
Azərbaycanlı Aylanın ailəsinin taleyi artıq Almaniya kanslerindən asılıdır. Nyuköln əyalətinin orta məktəblərindən birində təhsil alan 7 yaşlı Aylanın ailəsinə martın 24-dək Almaniyanı tərk etmək tələbi qoyulub. Ailə 16 ildir Almaniyada yaşayır və Ayla da burada orta məktəbə gedib. Lakin ailənin yaşama izninin olmaması indi uşağın təhsil almasına mane olur. Aylanın qabaqcıl şagird olmasını nəzərə alan məktəb kollektivi isə müdafiə aksiyası keçirib.
Şagirdlər "Aylanın ailəsi qalmalıdır” yazılmış plakatlar qaldırıblar. Məktəb rəhbərliyi isə Almaniya kansleri Angela Merkelə Aylanın ailəsinə kömək edilməsi xahişi ilə məktub yazıb. İndi hər şey xanım kanslerin qərarından asılıdır. Kansler miqrasiya orqanlarının qərarını dəyişə bilərmi?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında Aylanın təhsil hüququnun qorunmalı olduğunu dedi:
- Burada mövzu təhsil almaq kimi fundamental insan hüquqlarının pozulub-pozulmayacağıdır. Almaniya nə qədər liberal bir dövlət olsa da, miqrasiya orqanlarının çıxardığı qərar da tanınır. Belə deyək ki, Ayla məsələsində ikili vəziyyət yaranıb. Bir tərəfdə şəxsin təhsil hüququ dayanır, bir tərəfdə isə dövlətin miqrasiya qanunları. Aylanın təhsil hüququ tanınacaqsa, miqrasiya qanunu pozulacaq. Verilən məlumatdan görünür ki, Aylanın ailəsi neçə ildir Almaniyada qeyri-qanuni yaşayır. Almaniyada belə yaşayanlar çoxdur. Nə vaxtsa, hansısa yolla xarici ölkələrə gedənlər sonra o ölkələrdə ya yaşama izni, ya da qaçqın statusu almaq istəyirlər. Ancaq bu, çox az qisim insana nəsib olur. Qaçqın statusu üçün müraciət edənlərin 90 faizinə rədd cavabı verilir. Hardasa 10 faiz müsbət cavab alır. Rədd cavabı almış şəxslər bəzən başqa ölkələrə gedir, bəzən də həmin ölkədə qalıb qeyri-qanuni yaşayışlarını davam etdirirlər. İşləyirlər, ailələrini dolandırırlar, lakin qanunsuz miqrant hesab edilirlər. Qeyri-qanuni yaşayanlar istənilən halda risk qrupuna daxildir. Miqrasiya orqanları onların yerini təsbit edib ölkədən çıxmaları üçün vaxt təyin edə bilir, bəzən bu şəxslər əməkçi miqrant olaraq hüquqları pozulur, əməyin istismarı ilə qarşılaşırlar, hətta cinayətkar qrupların əlinə də keçə bilirlər. Demək olmaz ki, xarici ölkələrdə icazəsiz yaşayanların hamısı qaçqın statusu almaq üçün gedənlərdir. Elələri var, nə vaxtsa qanuni çərçivədə işləməyə və ya yaşamağa gedib. Amma hansısa obyektiv səbəblərdən icazəsiz yaşayan şəxsə çevrilib. Bəzən insanlar sənədlərini itirir və onları bərpa etmək uzun müddət vaxt aparır. Bəzən şəxs müalicəyə gedir, lakin geri qayıtmasında problemlər ortaya çıxır. Yəni, ən müxtəlif səbəblər ola bilər. İnsan səfərə çıxanda başına nə gələcəyini bilmir. Gözlənilməz hadisələrlə qarşılaşma ehtimalı həmişə var. Ancaq təbii ki, subyektiv səbəblərdən xarici ölkələrdə qeyri-qanuni miqranta çevrilənlər də olur. Elə şəxslər var, oturma izni və ya qaçqın statusu almaq üçün gedir, bu mümkün olmadıqda isə geri qayıtmır. Hətta bilə-bilə ki, ona bu ölkədə heç vaxt status verilməyəcək, orada qalıb qeyri-rəsmi yaşamağı, işləməyi seçir. Günlərin bir günü də miqrasiya orqanları sənədsiz, qeyri-qanuni yaşama halı aşkarladıqda, deportasiya edirlər.
A.Allahverənov qeyd etdi ki, deportasiya qərarının ertələnməsinə bir sıra amillər səbəb ola bilir:
- Məsələn, xəstəliklə bağlı şəxsin deportasiyası ertələnə bilir. Hətta Almaniya hökuməti xəstəni ölkəsinə yola saldıqda onunla birgə həkim də göndərir. Hər hansı bir problem yaranarsa, həkim təcili yardım göstərsin deyə. Amma 7 yaşlı Aylanın məsələsində şəxsin təhsil hüququnun qorunması əsas götürülə bilər. Uşağın təhsil aldığı məktəb miqrasiya orqanları qarşısında təhsil hüququnun toxunulmazlığı prinsipini önə çəkə və miqrasiya orqanlarından ailənin deportasiyasının təhsil ili başa çatanadək ləngitməyi tələb edə bilər. Belə bir tələb qoyula bilər ki, şagird təhsil ilini başa vursun, sonra ailəsi deportasiya edilsin. Çünki bütün hallarda məktəb şagirdə təhsilinə dair sənəd verməlidir. Təhsil ilini başa vurmamış şagirdə hansı sənədi versinlər?
Konkret bu halda Aylanın ailəsinə təhsil ili başa çatanadək yaşama imkanı yaradıla bilər. Amma düşünmürəm ki, məktəbin mövqeyi hökumətin deportasiya qərarına təsir edəcək. Burada yalnız deportasiyanın vaxtının ləngidilməsindən söhbət gedə bilər.
A.Allahverənov Aylanın təhsil aldığı məktəbin onun müdafiəsinə qalxmasının çox müsbət hal olduğunu bildirdi:
- Almaniya cəmiyyəti çox rəngarəngdir. Bu ölkədə həm demokratik düşüncəli, tolerant insanlar var, həm də irqçilər, radikallar. Məsələn, türk diasporunun fəal olduğu, türklərin kompakt yaşadığı ərazilərdə başqa millətlərin nümayəndələrinə münasibət xoşdur. Bu, onunla bağlıdır ki, insanlar birgə yaşayış şərtləri altında biri-birlərini yaxından tanıyır, bələd olurlar. Yerli əhali türkləri tanıdıqca, hansı xüsusiyyətlərə malik olduqlarını, üstün cəhətlərini, xarakterlərini görürlər və onlara rəğbət yaranır. Çox güman ki, Ayla da məktəbdə özünü nümunəvi şagird kimi aparıb, yaxşı tərəfdən özünü göstərə bilib, odur ki, məktəb kollektivi də onun müdafiəsinə qalxıb. Alman cəmiyyətinin Aylanın ailəsinin müdafiəsinə qalxması Azərbaycan insanının uğurudur. Həm də nəzərə almalıyıq ki, alman cəmiyyəti insan hüquqlarına önəm verəndir. Bu mənada 7 yaşlı qızın təhsilinin yarımçıq qalması ilə razılaşmamaları da təbiidir.
Məlahət Rzayeva