Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb.
"Azərsu” ASC-dən Lent.az-a verilən məlumata görə, qurumun Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bildirib ki, bu layihələr hazırlanarkən intensiv yağıntılar zamanı subasma hallarının baş verdiyi kritik ərazilər müəyyənləşdirilib:
"Bakı şəhərinin bəzi ərazilərində yağış və kanalizasiya infrastrukturunun olmaması intensiv yağıntılar zamanı problemlər yaradırdı. Subasma hallarının aradan qaldırılması məqsədilə mütəmadi profilaktiki tədbirlər görülsə də, kompleks layihələrin reallaşdırılmasına ehtiyac var idi. Bu baxımdan aidiyyatı qurumların mütəxəssisləri ilə birlikdə subasma halları daha çox müşahidə olunan ərazilər, su yığılmalarının səbəbləri araşdırılıb və problemin həlli yolları müəyyənləşdirilib. Eyni zamanda Abşeron yarımadasında bir sıra göllərin su səviyyəsinin tənzimlənməsi nəzərə alınıb”.
B.Kəngərli qeyd edib ki, bu layihələr arasında göllərin su səviyyəsinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir: " İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar Cəmiyyətin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla ümumi uzunluğu 4,7 kilometr olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Eyni zamanda Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,4 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşmışdır. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.
Cari ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldıracaq”.
Qeyd edək ki, icra olunacaq layihələrə Ziya Bünyadov prospekti boyu kollektorun tikinti
si, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Binəqədi şosesi boyu kollektorun tikintisi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi, Sabunçu rayonu ərazisində kollektorun tikintisi, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu "Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi, Xətai rayonu Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi aiddir.