AZƏRTAC Cümhuriyyətin yaşıdıdır

Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır





Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 1 il 11 ay müddətində xalqımıza verdiyi dəyərli miraslar arasında dövlətin informasiya siyasətinin təşkili məqsədilə yaradılan Azərbaycan Teleqraf Agentliyi xüsusi yer tutur. Bu gün qısaca - AZƏRTAC adlanan rəsmi dövlət xəbər agentliyi Xalq Cümhuriyyəti ilə yaşıddır.

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyi 97-ci baharına qədəm qoyur.

Azərtac-ın tarixinə nəzər salanda necə çətin, keşməkeşli, eyni zamanda şərəfli fəaliyyət tarixi yaşadığını görürük.

Azərtac-ın həyat xronikasını elə onun öz qələmi çox gözəl əks etdirir. Biz də Azərtac-ın dilindən həyat hekayəsini "oxuduq”.

Müstəqil ölkənin ilk müstəqil agentliyi

Tarixi xronika bunları deyir: 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin - Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ müzakirəyə çıxarılır. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu barədə məruzəsi dinlənilir və agentliyin təşkil edilməsi xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırılır. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinə həvalə edilir. 1919-cu ilin ikinci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi hazırlanır.

1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olundu. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırırlar.

Nəhayət, 1920-ci il martın 1-də Azərbaycanın ilk milli xəbər agentliyi fəaliyyətə başlayır. Martın 2-də "Azərbaycan” qəzetində "AZƏRTAC” imzası ilə ilk xəbərlər dərc olunur. Lakin o, müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət göstərə bilir. Həmin il aprelin 28-də Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən işğalı ilə Xalq Cümhuriyyəti süqut edir, bununla AZƏRTAC-ın da müstəqilliyi əlindən alınır.

AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilir.

Azərbaycanda sovet hakimiyyətinin ilk aylarında AZƏRTAC müstəqilliyini formal olaraq qoruyub saxlayırdı. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı ilə kollegiyaya daxil edildi. Agentlikdə informasiya işinin təşkilində kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadə böyük rol oynadı.

1921-ci ildə agentlik QafRosta-nın bazasında yenidən təşkil olundu. Həmin ilin avqustunda AZƏRTAC-ın adı dəyişdirilərək AzərTA adlandırıldı. 1922-ci ildə SSRİ qurulduqdan sonra isə AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra, 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradıldı və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirildi. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa etdi.

"Azərtac”ın yüksəlişi

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra respublika həyatının bütün sahələrində dirçəliş başlandı. O vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompüterləşdirməyə başlayanda Heydər Əliyevə hörmət əlaməti olaraq ittifaq respublikaları arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir "Videoton”, daha sonra isə "Olivetti” markalı kompüterləri ilə təchiz etdi.

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan agentliyin tarixi adı Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qaytarıldı: 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başladı.

2013-cü ilin sentyabrından AZƏRTAC-ın Uşaq Bilik Portalı, 2014-cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir.

26 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb.

"Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb.

AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı”, "Abidələrimiz”, "Dünya şəhərləri”, "Sənət karifeylərimiz” və digər bir sıra layihələr həyata keçirir.

"Azərtac” dünya informasiya məkanında

Təxminən bir əsrə yaxın müddət ərzində mürəkkəb və şərəfli yol keçən agentliyin salnaməsinə 2016-cı ildə yeni bir uğur səhifəsi yazıldı. AZƏRTAC eyni vaxtda iki böyük tədbirə - Dünya Xəbər Agentliklərinin V Konqresinə və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan mötəbər beynəlxalq tədbirlərdə 80 ölkədən 130 xəbər agentliyinin 200-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT-UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak etdilər. Prezident İlham Əliyevin bu tədbirlərin birgə açılış mərasimindəki parlaq nitqi, Konqres iştirakçılarının bir qrupu ilə görüşü böyük rezonans doğurdu. Dünyanın informasiya siyasətini müəyyənləşdirən peşəkarlar dövlətimizin başçısının erudisiyasını, sərrast məntiqini, cəmiyyət-dövlət-media münasibətlərinə kreativ yanaşmasını olduqca yüksək qiymətləndirdilər. Beynəlxalq media qurumlarının Bakıda keçirilən tədbirlərini dünyanın 150-dən çox xəbər agentliyi işıqlandırdı.

Beləliklə, həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik AZƏRTAC-a keçdi. Agentlik 2019-cu ilədək hər iki quruma rəhbərlik edəcək.

Bu gün AZƏRTAC ölkə həyatının bütün sahələrinə dair hər gün fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 10 mindən çox xəbər, 50 mindən çox foto, 1400-dək videoxəbər, eləcə də infoqrafika materialları daxildir. AZƏRTAC regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayan yeganə agentlikdir. Ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandıran agentlik, eyni zamanda, informasiyanın qloballaşdığı dövrümüzdə müstəqil Azərbaycanın uğurlarının daha geniş coğrafiyada təbliğinə nail olub. Agentliyin xəbərləri hazırda dünyanın 100-dən çox ölkəsinə yayılır. AZƏRTAC buna həm xaricdə fəaliyyət göstərən müxbir məntəqələri, həm də təmsil olunduğu beynəlxalq media qurumları, əməkdaşlıq etdiyi xarici informasiya agentlikləri vasitəsi ilə nail olur.

AZƏRTAC 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına, 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir, 2011-2013-cü illərdə BSANNA-ya sədrlik edib.

AZƏRTAC dünyanın 45 ölkəsinin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri yaradılıb.

Facebook, Twitter, YouTube, İnstagram kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Azərtac hazırkı media bumu və sosial şəbəkələrlə rəqabət şəraitində informasiya məkanında yerini qoruyub saxlamaqdadır. Bu gün saysız-hesabsız xəbər saytlarının, informasiya portallarının, hətta internet televiziyalarının da olmasına baxmayaraq Azərtac birinci etibarlı mənbədir. Doğru, dürüst məlumat almaq istəyənlər yenə də Azərtac-a müraciət edir, onun məlumatlarına inanır və etibar edirlər.

AZƏRTAC-ın bütün kollektivini, ölkəmizin bu ilk və hələ də yeganə rəsmi informasiya agentliyini 97 yaşı münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, AZƏRTAC-ın ömrü Azərbaycanın ömrü qədər - əbədi olacaq.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb