Belələrinə qarşı ciddi cəza kəsilməli, həbsə atılmalı, bu addımı atacaq digərlərinə də dərs olmalıdır
Əyləncə məqsədi ilə azyaşlı uşağa spirtli içki içirən və ya əlinə siqaret tutuşduran valideynləri çox görmüşük. Əsasən qonaqlıqda, dost-tanışların yanında azyaşlı oğluna içki verib, "sən kişisən, bir dənə əmini söy”- deyib qürurlananlar hər birimizə tanışdır.
Oxşar hadisə Yevlax rayonunda qeydə alınıb və 10 yaşlı uşağın zəhərlənməsi ilə nəticələnib. Rayonun Tanrıqullar kəndində keçirilən şənlik mərasimi zamanı 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib.
Şahidlərin etirafına görə, yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.
Qeyd edək ki, bu yaxınlarda ölkə Prezidenti uşaqlar üçün zərərli olan reklamların nümayişinin qadağan edilməsi ilə bağlı sərəncam da imzaladı. Siqaret, spirtli içki və digər zərərli maddələrin reklamının qadağan edilməsinə baxmayaraq, görünür, cəmiyyətdə tarazlığı pozanlar, uşaqların mənəvi, fiziki və psixoloji zərbə almasına səbəb olanlar hər zaman olacaq.
Baş verən hadisədə zarafat edilən və əyləncəyə səbəb olan bir vəziyyətin olmadığını deyən jurnalist-sosioloq Lalə Mehralının sözlərinə görə, azyaşlıya alkoqollu içki içirmək onun bədəninə təcavüz etmək deməkdir. Buna görə də uşağa qarşı bu hərəkəti edən şəxslərin cəzalandırılması labüddür:
"Azyaşlı uşağa içki içirilməsinin, siqaret çəkdirilməsinin mən də şahidi olmuşam bir neçə dəfə. Bunu edən dırnaqarası böyüklər zarafat, əyləncə məqsədi ilə etdiklərini düşünürlər. Yetkinlik yaşına çatmayan şəxslərə - yəni uşaqlara dövlət alkoqollu içki satışını, siqareti qadağan edir, bəzi özünübilməz valideynlər isə uşağı içki içməyə vadar edir. Dövlət uşaqları valideynlərindən çox düşünür. Amma o valideynin evində azyaşlı uşağa nə içirəcəyinə, nə çəkdirəcəyinə nəzarət etmək olmur. Bizim bilmədiyimiz bu kimi hallar çox olur, uşaqlar içkiyə alışdırılır. Yalnız zəhərlənmə halları baş verdikdə cəmiyyətin, hüquq-mühafizə orqanlarının xəbəri olur. Bu kimi addımlara görə bəzi Avropa ölkələrində valideyni valideynlik hüququndan məhrum edir, ciddi həbs və ya islah cəzası ilə cəzalandırır, uşağı alaraq dövlət himayəsinə verirlər və məncə, çox da düz edirlər. Bizim ölkəmizdə də qanun alidir, amma bəzən o qanunun aliliyinə zərər verənlər, zidd gedənlər olur, bu, danılmazdır. Gərək hər kəs qanunun tətbiqinə öz evindən başlasın, ailə kiçik dövlətdir, o kiçik dövlətlər birləşib bütöv, möhkəm dövlət yarada bilir. Azyaşlıya içki içirən, siqaret çəkdirən bir ailədə hansı qanunun aliliyindən, hansı əxlaqi normalardan söhbət gedə bilər? Belələrinə qarşı ciddi cəza kəsilməli, həbsə atılmalı, bu addımı atacaq digərlərinə də dərs olmalıdır. Azyaşlıya içki içirmək əyləncə deyil, ən azı nadanlıq, tərbiyəsizlik, vəhşilikdir...”
Yeganə Bayramova