"İllər əvvəl uşaq bağçalarının pedaqoji təcrübəsi olmayan icra hakimiyyətlərinə verilməsi gözlənildiyi kimi ciddi problemlər yaratdı. Təhsil Nazirliyinin (TN) səlahiyyətindən alınan uşaq bağçalarında korrupsiya halı artdı".
Bunu "Sherg.az"a təhsil eksperti Nabatəli Qulamoğlu söyləyib. O qeyd edib ki, bu təyinat dəyişdirildikdə səslərinə səs verən olmayıb:
"İndi niyə etiraz edirlər? Bütün qurumlar ayılıb ki, uşaq bağçaları TN-nin tərkibində olanda daha əlverişli idi. Əvvəllər uşaq bağçalarında korrupsiya 50-60 faiz civarında idisə, icra hakimiyyətlərinin səlahiyyətinə veriləndən sonra bu rəqəm 80-90 faizə çatdı.

Əminliklə deyirəm ki, illər əvvəl uşaq bağçalarının TN-nin tərkibindən çıxarılması keçmiş təhsil naziri Misir Mərdanova qarşı aparılan şantaj idi. Bu isə baş tutmadı. Bir şəxsə görə, bütün struktur məhv edildi. Uşaq bağçaları müzakirə olunmadan, Təhsil Nazirliyinin tərkibinə verilməlidir”.
Təhsil Nazirliyinin demokratik əsaslarla fəaliyyət göstərdiyini vurğulayan ekspertin sözlərinə görə, təhsilin digər pillələrində elektron mexanizmlər tətbiq olunur:
"Bu sistem xeyli korrupsiya halını aradan qaldırdı. Uşaq bağçaları da nazirliyin tərkibinə verilərsə, korrupsiya aradan qaldırılacaq. Beləliklə qanunsuzluq faktoru ciddi şəkildə azalacaq”.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Ombudsmanın 2017-ci il üzrə illik məruzəsində bildirilib ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.
Aysel Aslan