Bağçalara verilən ərzağın keyfiyyəti hər gün yoxlanmalıdır

Deməli, vəziyyət bu həddə çatıb ki, artıq BŞİH işə qarışmalı olub. Bəs ərzağın keyfiyyətini yoxlamalı olan qurumlar bura qədər hara baxırdı?
Qanuna əsasən uşaq bağçalarının ərzaqla təminatı məqsədilə tender elan edilir, tenderi qazanan təşkilat, qurum ərzaq təminatını həyata keçirməyə başlayır


Uşaq bağçalarının ərzaq problemi həmişə olub, bu gün də var. Valideynlər bağçaya əmanət etdikləri körpələrin gün ərzində yediklərindən heç vaxt razı qalmayıblar. Son illərdə özəl uşaq bağçalarında ərzağın keyfiyyətli olduğu deyilir. Amma valideynlər yenə də bağçada uşağın keyfiyyətli ərzaqla təmin edildiyinə inanmırlar. Eyni vəziyyət orta məktəblərə də şamil edilir. Məktəb bufetlərinin keyfiyyətsiz, istifadə müddəti bitmiş ərzaqlarla doldurulduğu heç kəsə sirr deyil. Məsuliyyətli valideynlər övladlarına məktəb bufetindən nəsə almağı qadağan edir. Körpələrsə baxıcının əlinə baxdığından valideynin müdaxiləsi mümkün olmur. Ana evdən öz bişirdiyi xörəyi gətirib baxıcıya necə tapşırsın ki, uşağa bunu yedirt?! Ona görə də əlacsız qalırlar, gücləri körpənin çantasına şirniyyat, meyvə qoymağa yetir. Valideynlərin narahatlığı əsassız deyilmiş. Məlum olub ki, Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məsələ ilə bağlı yerlərdən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məlumatlara əsasən, dərhal BŞİH və Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.

Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilib. Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirinə töhmət verilib.
Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.

Eyni zamanda, Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri Şəhər İcra Hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq edilib.
Hazırda Komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir.

İqtisadçı Natiq Cəfərli «Şərq»ə açıqlamasında aşkarlanan faktın ciddi nöqsan olduğunu bildirdi:

- Uşaq bağçalarının ərzaqla təmin edilməsi müvafiq qanuna əsaslanır. Qanuna əsasən uşaq bağçalarının ərzaqla təminatı məqsədilə tender elan edilir, tenderi qazanan təşkilat, qurum ərzaq təminatını həyata keçirməyə başlayır. Ərzağın keyfiyyətinin yoxlanılmasına bir neçə qurum cavabdehdir. Yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və digər rəsmi qurumlar. 

Bakı Şəhər İcra Hakimiyyəti yoxlama aparılması məsələsində ən son instansiyadır. Deməli, vəziyyət bu həddə çatıb ki, artıq BŞİH işə qarışmalı olub. Bəs ərzağın keyfiyyətini yoxlamalı olan qurumlar bura qədər hara baxırdı? Uşaq bağçalarına verilən ərzağın keyfiyyəti hər gün yoxlanmalıdır, ərzaqdan nümunələr alınmalı və laborator şəraitdə analiz edilməli, zərərlilik testləri keçirilməli, gündəlik aktlaşdırma aparılmalıdır. 

Çünki məsələ körpələrin, uşaqların sağlamlığıdır. Ümumiyyətlə, ölkədəki iaşə obyektlərində, kafe-restoranlarda da keyfiyyətsiz ərzaqlara tez-tez rast gəlinir. Kafe-restoran şəbəkələrində keyfiyyət göstəriciləri çox aşağıdır. Məktəb bufetlərinə də keyfiyyətsiz ərzaq verilməsi həmişə müzakirə predmeti olur. Bunlar hamısı ciddi nöqsanlardır. Uşaq bağçalarında keyfiyyətsiz ərzaq aşkarlanması halı isə artıq çox ciddi bir siqnaldır. Bir halda ki, BŞİH yoxlamalara başlayıb, deməli, vəziyyət həqiqətən ciddidir.

Uşaq bağçalarının ərzaq problemi həmişə olub. İndi yeni mer təyin edilib. Görək, necə olacaq. Problem köklü həllini tapacaq, ya yox.

Məlahət Rzayeva