Hazırda qiymətlərlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Hətta iqtisadçılar da sabahın proqnozunu verməkdə çətinlik çəkir
Bahalaşma olacaq deyə hamı olan-qalan pulunu bazarda xərcləyir
“Hazırda qiymətlərlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb”
Hazırda qiymətlərlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Hətta iqtisadçılar da sabahın proqnozunu verməkdə çətinlik çəkir
Hazırda qiymətlərlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Hətta iqtisadçılar da sabahın proqnozunu verməkdə çətinlik çəkir
Bayram yaxınlaşdıqca, qiymətlər də "havada oynayır”. Bayramqabağı qiymət artımına artıq heç kim təəccüblənmir. Zatən, bizdə həmişə belə olur. Qiymətlər bayram gəlməmiş qalxıb oturur ceyran belində. İndi isə vəziyyət bir az da qəlizləşib. Manatın təkrar ucuzlaşacağı qorxusu əhalinin bazar-dükana axışmasına səbəb olub. Bunda satıcıların da "payı” var. Bir çox satış mərkəzlərində satıcılar "alın haa, qiymətlər yenə qalxacaq” deyib camaatı guya ki, duyuq salır, əslində isə qorxudurlar.
Və burada da, təbii ki, öz ciblərinin marağını güdürlər. Panikaya düşən camaat "bayrama az qalır, qiymətlər qalxa bilər” düşüncəsi ilə olan-qalan pulunu bazarda xərcləyir. Halbuki, bu, sadəcə, satıcıların iqtisadi ajiotajıdır, bəlkə də. Satıcı da bayramqabağı malını tez satmaq - xırıd etmək istəyir. Nəticədə o da evinə qazanc aparmalıdır. Beləcə, bu saat bazar-dükanlarda qızğın alver gedir. Kənd Təsərrüfatı Nazirliyi və bəzi icra hakimiyyətləri tərəfindən təşkil edilən yarmarkalara isə gedənlərin sayı hər gün artır. Əhali nisbətən ucuz məhsul ardınca hətta uzaq məsafələr qət etməyə də ərinmir. Kənd təsərrüfatı məhsulları yarmarkasındakı qiymətlərlə mərkəzdəki satış məntəqələrindəki qiymət arasında elə də böyük fərq olmasa da, əhali 5-3 manat irəli düşməyi də qənimət bilir.
Novruzun əsas nemətləri qoz, fındıq, badam, püstə, quru meyvələr və başqa çərəzlərin qiyməti belə sıralanır:
- Qabıqlı qoz 4-6 manat, fındıq - 4-5 manat, badam 7-8 manat, qoz-fındıq ləpəsi - 11 manatdan 18 manatadək. Hətta 20 manata da qoz ləpəsi var. Kişmiş 5-8 manat, qaysı 8-9 manat, alça 6-7 manat, albuxara 6-8 manat, iydə, innab, qara xurma 4-5 manat. Məhsulların qiyməti ölkəsinə görə də dəyişir. İrandan gətirilən çərəzlər Özbəkistandan gətirilənlərə nisbətən ucuzdur. Keyfiyyət də önəmlidir. 8 manatlıq kişmişlə 5 manatlığın keyfiyyəti əlbəttə, fərqlidir. 6 manata da qaysı qurusu almaq olar, amma xırda, bərk. 7-8 manatlıqlarınsa rəngi də göz oxşayır, ölçüləri də böyükdür, yumşaqdır. Yəni, gərək cibə baxasan. Yarmarkalarda kartof-soğan, tərəvəz, ət məhsulları başqa satış məntəqələrinə nisbətən ucuzdur. Məsələn, yarmarkada 5 manat 50 qəpiyə də dana əti almaq mümkündür, 6-7 manata da. Toyuğun qiyməti 3 manat, çolpa isə 4 manatdır. Deyirlər, kənd çolpasıdır, həyət toyuğudur, guya. Novruz şirniyyatları isə həmişəki kimi baha başa gəlir. Şəkərbura, paxlava, başqa şirniyyatların bişirilməsinə isə "ölüsü” 70-80 manat xərclənməlidir.
Bayram bazarlığının nədən belə baha başa gəldiyinin hardasa məlum görünən səbəblərini qismən də olsa aradan qaldırmaq mümkün deyilmi?
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, iqtisadçı Vahid Məhərrəmov "Şərq”ə açıqlamasında qiymət artımının qaçılmaz olduğunu bildirdi:
- İlk növbədə bunu nəzərə almaq lazımdır ki, bayram öncəsi qiymət artımı Azərbaycanda bir ənənədir. Və bu ənənə heç cür dəyişmir. Baxmayaraq ki, çox pis və dırnaq arasına alınacaq ənənədir. Hər dəfə hamımız müşahidə edirik ki, bayramlarda həm kənd təsərrüfatı məhsullarının, həm də ümumilikdə ərzaq məhsullarının qiymətlərində nəzərə çarpan yüksəliş baş verir. Həddindən artıq ticarət mərkəzləri, satış məntəqələri var, amma bu say çoxluğu əhalinin alıcılıq qabiliyyətli hissəsinin sayı ilə mütənasiblik təşkil etmir. Əksinə, təzadlıdır. Satış məntəqələri çoxdur, alıcılıq qabiliyyəti isə aşağıdır. Bu da əmək haqlarının aşağı olması ilə bağlıdır. Qiymətlər niyə məhz bayramqabağı qalxır? Çünki başqa vaxtlarda alıcılıq qabiliyyəti aşağı olur, ticarətlə məşğul olanlar da bayram günlərindən istifadə edib gəlir əldə etməyə çalışırlar. Belə bir məntiqlə ki, bayram öncəsi camaat bazarlıq etməyə məhkumdur, onsuz da alacaqlar, qiyməti qaldırım, mən də qazanım. Amma alıcılıq qabiliyyəti ilin adi vaxtlarında da norma daxilində olsa, satıcı il boyu qazanc əldə etdiyindən bayram ərəfəsində qiymətləri qaldırmaq məcburiyyətində qalmaz. Əslində, bu, anormal haldır. Dünyanın əksər ölkələrində bayram ərəfəsi, əksinə, qiymətlərdə ucuzlaşma aparılır ki, alıcılıq qabiliyyəti daha da yüksəlsin. Hətta əhaliyə bayram sürprizləri, hədiyyələr edilir. Böyük marketlər, satış məntəqələri məhsulları güzəştli şərtlərlə işləyirlər. Bizdə isə tam əksidir. Bayram ərəfəsində qiymətlər daha da yüksəlir. Bunun başlıca səbəbi, il ərzində qazanc əldə edə bilməyən ticarətçinin 10 gün - bir həftə ərzində gəlir əldə etmək istəyidir. Yəni, nə qazandımsa, indi qazanacam, bayram qurtardı, satış da bitəcək. Baxın, biz iqtisadi tədqiqatlar aparırıq və görürük ki, məsələn, inkişaf etmiş ölkələrdə bir ay ərzində adambaşına düşən istehlak xərcləri 110 ABŞ dolları təşkil edir. Bu, orta qiymətdir. Amma Azərbaycanda aylıq istehlak dəyəri bundan 2 dəfə azdır. Biz adətən bayram və hansısa xüsusi günlərdə çox pul xərcləyirik. Ticarətçi də bunu bilir və çalışır, bu fürsətdən maksimum yararlansın. Ona görə də qiymətləri yüksəldir. Qiymətləri artırmaqla gəlir əldə etməyə çalışır. Nəticədə bazarda qiymətlər qalxır.
İkinci səbəb, əlbəttə ki, mövsümlə bağlıdır. İlin elə bir vaxtıdır ki, təzə məhsul yoxdur. Bu dəqiqə satışa çıxarılan məhsulların böyük həcmi anbarlardan, tədarük məntəqələrindən gəlir. Yay, payız mövsümü deyil ki, yeni yetişmiş məhsul olsun. Təzə məhsul kimi ancaq istixanalarda yetişdirilən xiyar-pomidoru, tərəvəzi göstərə bilərik. Onların da qiyməti əlbəttə, bahadır. Çünki istixana şəraitində, dərman preparatlarının köməyi ilə yetişdirilir. Elə məhsullar da var ki, xarici ölkələrdən gətirilir və təbii ki, çox baha qiymətə.
Bazarda "qiymətlər artacaq” anonslarının səslənməsinə gəlincə, V.Məhərrəmov burada da bir neçə məqam olduğunu vurğuladı və qeyd etdi ki, hazırda qiymətlərlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Hətta iqtisadçılar da sabahın proqnozunu verməkdə çətinlik çəkir:
- Bu saat heç kəs mövcud vəziyyəti dəyərləndirə bilmir. Manatın növbəti devalvasiyasından sonra qeyri-müəyyən vəziyyət yaranıb. Proqnoz vermək də çətindir. Hamı çalışır, pulu qənaətlə xərcləsin. Belə bir təşviş var ki, manat yenə ucuzlaşa bilər. Satıcılar da bu vəziyyətdən sui- istifadə edir, qiymət artımı olacağını söyləməklə alıcı cəlb etmək istəyir. Bu da, əslində, psixoloji təzyiqdir, iqtisadi ajiotajdır. Və konkret şəxslərin mənafeyinə xidmət edir. Həm də alıcı sabah qiymətlərin ucuzlaşacağına ümidli deyil deyə, bu gün almağa tələsir.
V.Məhərrəmov bildirdi ki, aparılan aqrar proqram reallığa uyğun deyil. İstehsal edilən məhsulun həcmi artırılmalıdır ki, qiymət aşağı düşsün:
- Belə olarsa, normal qiymət siyasəti yaranacaq ki, bu da alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olacaq. Məhsulun həcmi artdıqca, əhalinin bazardan asılılığı azalacaq. Satıcı biləcək ki, məhsulu ucuz satmasa, alıcı gedib başqasından alacaq. Çünki artıq seçim imkanları yaranmış olacaq. İndi sağlam rəqabət mühiti yoxdur deyə, satıcı qiyməti diktə edir. Alıcı isə məcburiyyət qarşısında təklif olunan qiymətlə razılaşır.
V.Məhərrəmov yarmarka və bazarlarda nisbətən ucuz qiymətə təklif edilən məhsulların keyfiyyətinə zəmanət olmadığını da vurğuladı və əhaliyə ehtiyatlı olmağı məsləhət gördü:
- Paytaxtda küçə ticarəti vüsət alıb. Metrostansiyaların qarşısında, harda gəldi, nə gəldi satırlar. Əslində isə ət və ət məhsullarının, toyuq məhsullarının açıq satışı qadağan edilməlidir. Bölgələrdə ev quşları arasında xəstəlik yayılmışdı. Nə bilək ki, ucuz qiymətə satışa çıxarılanlar xəstə quş əti deyil? Eləcə də balıq məhsulları. Hamımız görürük ki, balıqlar küçədə, antisanitariya şəraitində satılır. Niyə buna göz yumulur? Balıq xüsusilə təhlükəli qida növüdür. Satışa çıxarılan balıqların gigiyenik sertifikatı olmalıdır. Amma bizim camaat ucuzdur deyə, almağa cəhd edir. Müvafiq qurumlar gərək bu məqamlara diqqət etsin.
Məlahət Rzayeva