“Bakı-2015” ətrafında vətəndaş koalisiyası uğurlu oldu

Aydın Quliyev: “Keçirilən tədbirlər nəticəsində toplumun mütləq bir hissəsi Avropa Oyunlarının fəal dəstək və təmsilçisidir”



Ölkəmizdə keçiriləcək Bakı-2015 İlk Avropa Oyunlarına cəmi 10 gün qalıb.

Oyunlara hazırlıq istiqamətində görülən işlər, eləcə də bu oyunlara beynəlxalq səviyyədə olan maraq onu deməyə əsas verir ki, Azərbaycan daha bir məsuliyyətli işin öhdəsindən layiqincə gələrək Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə nail olacaq. Ölkənin ictimai-siyasi sferasını təmsil edən əksəriyyət insanların da mövqeyi də bundan ibarətdir.

Azərbaycanın aparıcı media və QHT rəhbərlərinin birgə iştirakı ilə yaradılan "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətləri Koalisiyasının fəaliyyətindən danışan koordinator, "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, bu günə qədər "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətləri Koalisiyasının təşkilatçılığı ilə üç "dəyirmi masa” keçirilib.

Aydın Quliyevin sözlərinə görə, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətləri Koalisiyasının yaranması hər şeydən əvvəl cəmiyyətin sifarişi olub: "Bu koalisiya yarandığı gündən cəmiyyətin və ictimaiyyət qüvvələrinin Avropa Oyunlarına dəstək verməsində bir növ vasitəçi rolunu oynadı və bu gün də eyni istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Qarşıdakı həftə ərzində də növbəti dəfə toplanıb "dəyirmi masa” keçirmək niyyətindəyik. Elə bu gün (dünən) də Rufiz Qonaqovla birlikdə "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək”

Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti olaraq "Bakı- 2015” İlk Avropa Oyunları Əməliyyat Komitəsində iş şəraiti, görülən işlərlə yaxından tanış olduq, Avropa Oyunlarının Əməliyyat Mərkəzinin rəhbəri Elçin Səfərovla görüşdük. Elçin Səfərov bizə Əməliyyat Komitəsinin fəaliyyəti, hazırlıq mərhələsinin yekunlaşması, ölkə vətəndaşlarının və xarici qonaqların bu idman bayramına xüsusi həvəs göstərmələri, biletlərin satışı və digər məsələlərlə bağlı koalisiyanın nümayəndə heyətinə geniş məlumat verib. Onu da deyim ki, Mərkəzdə görülən işlərlə tanış olan zaman məndə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün görülən bütün tədbirlərin effektivliyinə dair böyük bir təəssürat yarandı”.

Avropa Oyunlarına cəmiyyətin münasibətindən söz açan A.Quliyev 3-4 ay əvvəl Azərbaycan cəmiyyətinin Avropa Oyunlarına dəstəyinin indiki qədər fəal olmadığını deyib: "Bildiyiniz kimi, bizim Koalisiyada bir sıra ictimaiyyət üzvü, QHT təmsilçiləri iştirak edir. Tam əminliklə deyə bilərəm ki, "Bakı-2015: Birinci Avropa Oyunlarına cəmiyyətin diqqət və dəstəyinin artmasında bu qurumun çox böyük rolu oldu. Bu Oyunlara müəyyən qədər laqeydlik vardı. Hətta vətəndaşların bir hissəsi Avropa Oyunları ilə bağlı ziddiyyətli fikirdə idi. Amma bu istiqamətdə aparılan uğurlu siyasət, keçirilən tədbirlər nəticəsində toplumun mütləq bir hissəsi Avropa Oyunlarının fəal dəstək və təmsilçisidir”.

Avropa Oyunları ilə bağlı bir müddət əvvəl cəmiyyətdə formalaşan yanlış fikirlərin qaynağına gəldikdə isə baş redaktor deyib ki, bütün bunlar birmənalı olaraq xaricdən qaynaqlanıb: "Ölkəmizə qarşı belə kampaniyaların aparılması birinci dəfə deyil və həmin kampaniya bəlli bir dairədən idarə olunur. Dostlarımız uğurlarımıza sevindiyi kimi düşmənlərimiz də, nailiyyətlərimizə qıcıqlanırlar. Səbəb isə Azərbaycanın müstəqil və boyunəyməz siyasət aparmasıdır. Bu qüvvələr Azərbaycanın dünyada artan nüfuzuna, uğurlarına zərbə vurmaq istəyirlər.

Azərbaycan rəhbərliyinin milli və dövlət maraqlarına üstünlük verməsi faktiki olaraq bəzi qüvvələr tərəfindən müsbət qarşılanmır. Bundan qıcıqlanan xarici qüvvələr də narazı vətəndaşlardan istifadə edərək Azərbaycanın adının mənfi istiqamətdə hallandırılmasına can atırdılar. Amma belə cəhdlər heç bir nəticə verməyəcək. Ölkəmiz müstəqil siyasət apararaq öz inkişaf yolu ilə gedir. Bu yolda kimsə maneələr yaratmağa çalışsa da, məqsədlərinə nail ola bilməyib. Bu dəfə də belə olacaq. Ölkəmizə qarşı aparılan qara piar xaricdən təşkilatlansa da, təəssüflə qeyd etməliyəm ki, daxildə də bu mənfi tendensiyaya cəlb olunanlar oldu. Amma Azərbaycan rəhbərliyinin yeritdiyi düzgün siyasət nəticəsində həm xaricdəki qüvvələrin fəallığı, həm də daxildən onlara verilən dəstək göstəriciləri xeyli zəifləyib. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və hansısa saxta informasiyalar onda yanlış rəy formalaşdıra bilməz. Ona görə də, belə qərəzli kampaniyalar ictimai rəyə təsir etmir. Çünki bütün bunların haradan qaynaqlandığını xalqımız yaxşı bilir. Bir sözlə, ölkəmiz ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Və bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq.

Xaricdə Azərbaycanda keçirilən Avropa Oyularının əleyhinə təbliğat aparan qüvvələr artıq fərqinə vardı ki, cəmiyyətin böyük bir hissəsi dövlətə dəstək verir. Bunun da səbəbi odur ki, Avropa Oyunları bir çox sahələrlə yanaşı, Dağlıq Qarabağ probleminin həllində Azərbaycana verə biləcəyi faydanı dərk etməkdədir. Onlar çox yaxşı bilir ki, xaricdən Azərbaycana qarşı təhdid və ya təzyiq olar, "qara yaxma” kampaniyaları artarsa, bütün Azərbaycan xalqı meydanlara atılıb, hakimiyyətin, Avropa Oyunları Əməliyyat və Təşkilat Komitəsinin fəaliyyətini müdafiə edə bilər”.

Şəymən