Yunus Oğuz: “Azərbaycan mediası çox operativ işləyir”
“Bakı 2015”i necə işıqlandırırıq?
Müşfiq Ələsgərli: “Azərbaycan mətbuatı çox ciddi və qətiyyətli şəkildə işləyərək dünya idman arenasında Avropa Oyunlarının möhtəşəmliyi ilə bağlı müsbət rəy yarada bildi”
Yunus Oğuz: “Azərbaycan mediası çox operativ işləyir”
Yunus Oğuz: “Azərbaycan mediası çox operativ işləyir”
(əvvəli ötən sayda)
"Bakı 2015” Avropa Oyunlarının 5 günü arxada qalıb. Oyunlar başlayandan bu yana müxtəlif idman sahələri üzrə çoxsaylı yarışlar keçirilib və idmançılarımız 7-si qızıl olmaqla, 15 medal qazanıblar. Təbii ki, bu göstərici son deyil, qalibiyyətlərin davamı gələcək və idmançılarımız daha çox qızıl, gümüş və bürünc mükafatlar əldə edəcəklər. Məlumat üçün deyək ki, 5 gün ərzində qələbə və məğlubiyyətlərlə yanaşı, müxtəlif maraqlı, sevindirici və kədərli hadisələr də yaşanıb.
Həm yarışlar, həm də baş verən maraqlı məqamlar dünyanın 50-dən çox ölkəsinin media qurumları tərəfindən diqqətlə izlənilməkdədir. Birinci Avropa Oyunları haqqında materiallar xarici KİV-lərin baş xəbərlərinə çevrilib. Qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi Azərbaycan coğrafi mövqeyi ilə hər zaman dünyanın marağını özünə cəlb edə bilib. Bu mühüm amil Birinci Avropa Oyunlarının açılış mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin, Milli Olimpiya Komitələri prezidentlərinin, görkəmli mədəniyyət və idman xadimlərinin iştirak etməsi ilə bir daha təsdiqini tapdı. İndi beynəlxalq media məkanında "Bakıda möhtəşəm açılış mərasimi”, "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”, "Unudulmaz idman bayramı”, "Avropanın idman nəbzi Bakıda döyünür”, "Avropa Oyunlarını Azərbaycan reallığa çevirdi”, "Azərbaycan qitənin idman tarixini yazdı”, "Dünyanın məşhur idmançıları Bakıda görüşür” və digər ifadələrə hər gün rast gəlmək mümkündür. Qardaş Türkiyə mediası da Birinci Avropa Oyunları barədə xəbərlərə geniş yer ayırır. "NTV Spor” kanalının rəsmi internet səhifəsində "Bakıda tarixi açılış” sərlövhəli məqalə yerləşdirilib. Rəsmi yayımçı olan kanal, həmçinin yarışların gedişindən bəhs edən operativ informasiyalar və gündəlik icmallar təqdim edir.
"Haberler.com” portalı "Bakıda Avropa Oyunları üçün möhtəşəm açılış mərasimi” sərlövhəsi ilə geniş yazı verib. Məqalədə 68 min yerlik möhtəşəm Bakı Olimpiya Stadionunda təşkil edilən bənzərsiz açılış mərasiminin bütün dünyanı heyrətləndirdiyi diqqətə çatdırılır. "Haberturk.com” saytında yer alan yazı isə belə adlanır: "Bakıda Avropa Oyunları coşqusu”. Yazıda bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək dövlət rəsmilərinin iştirak etdikləri açılış mərasimində Azərbaycanın milli dəyərləri ilə yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu vurğulanır. Britaniyanın gündəlik "London Evening Standard” qəzetində dərc edilmiş geniş məqalədə "Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri yer alıb. Kleq bu Oyunların ən çox diqqət çəkən layihə ola biləcəyini, belə bir mötəbər tədbirin ilk dəfə keçirildiyini qeyd edib.
"Bakı-2015” Birinci Avropa Oyunları ABŞ mediasının da gündəmindədir. Məşhur "Getty Images” foto agentliyinin saytında Oyunların açılış mərasimindən çəkilmiş fotoşəkillər yerləşdirilib. Fotosessiyada iyunun 12-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyini əks etdirən rəngarəng görüntülər yer alıb. "The Washington Post” qəzetinin internet səhifəsində də Birinci Avropa Oyunları ilə bağlı 26 foto yerləşdirilib. Fotosessiya hazırda Azərbaycanda olan David Ramos, Kril Kusryatsev, Sergey Dolzeko, Dan Mulan, Bernd Sissen kimi məşhur fotomüxbirlərin "Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimindən çəkdiyi fotoşəkillər əsasında tərtib olunub. "Bristol Herald Courier” qəzetinin dərc etdiyi məqalədə tanınmış dünya ulduzu Ledi Qaqanın Birinci Avropa Oyunlarının açılış mərasimindəki çıxışından bəhs olunub.
Almaniyanın məşhur "Deutsche Welle” media agentliyində "Bakı Birinci Avropa Oyunlarının açılışını qeyd edir” sərlövhəli məqalə dərc edilib. İtaliyanın "Opinione Pubblica”, "Avvenire” xəbər saytları da Azərbaycanda idmanın inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramları, icra olunan layihələr, keçirilən tədbirlər barədə ətraflı məlumat verirlər. Bildirilir ki, Olimpiya Hərəkatının genişləndiyi bu ölkənin idmançıları nüfuzlu yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Xəzərin sahilində yerləşən Azərbaycan bu cür önəmli idman tədbirinə ev sahibliyi etmək iqtidarındadır. Qonşu Rusiya Federasiyasının populyar və aparıcı KİV-ləri də Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimini geniş şəkildə işıqlandırır. Amma aydındır ki, Oyunlar müddətində, xüsusən, idman yarışlarının anbaan işıqlandırılmasında əsas məsuliyyət Azərbaycan mediasının üzərinə düşür. Ötən müddət ərzində Azərbaycanda fəaliyyət göstərən əksər media qurumları müxtəlif arenalarda və fərqli saatlarda keçirilən idman yarışlarını operativ və obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdırmağa çalışır. Ancaq bəzi xarici, hətta bir sıra yerli media qurumları Azərbaycan əleyhinə yazılar tirajlayaraq, ictimaiyyəti yanıltmağa səy göstərirlər. Bu baxımdan Azərbaycan mətbuatının üzərinə mühüm öhdəlik düşür. Belə ki, Azərbaycan KİV-ləri mütəmadi olaraq Avropa Oyunlarını işıqlandırmaqla yanaşı, həm də mötəbər tədbiri qaralamağa çalışan "media qurumlarını” zərərsizləşdirməlidir. Bəs, görəsən, yerli KİV-lər bunun öhdəsindən gələ bilirmi? Ümumiyyətlə, Azərbaycan mediasının Oyunlar müddətindəki fəaliyyətini, operativliyini qənaətbəxş hesab etmək olarmı?
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, Avropa Oyunları ilə bağlı xarici və yerli jurnalistlərə ayrılan şərait çox yüksək səviyyədədir: "Jurnalistlər üçün hər cür şərait yaradılıb ki, media işçiləri rahat şəkildə tədbirlərə qatılsınlar və obyektiv formada yarışları işıqlandırsınlar. Bu iş yüksək səviyyədə təşkil olunub. Azərbaycan mediası da onlar üçün fürsətdən kifayət qədər istifadə edirlər. Yüzlərlə xarici media orqanlarının nümayəndələri Azərbaycanda qeydiyyatdan keçib. Demək olar ki, onların əksəriyyəti təmsil etdiyi KİV-ləri operativ informasiya ilə təmin etməyə çalışırlar. Amma təbii ki, idman yarışları başlamazdan qabaq, yəni Oyunlara hazırlıq gedən dövrdə bəzi xarici media qurumları qərəzli, yanlış informasiyalar yayaraq, anti-Azərbaycan qüvvələr vasitəsi ilə dünya ictimaiyyətini çaşdırmağa çalışırdılar. Bu kampaniya bir müddət çox ciddi şəkildə aparıldı. İndi isə biz mərhələ-mərhələ bunun şahidi oluruq. Həmin anti-Azərbaycan qüvvələr bir sıra xarici media qurumları vasitəsi ilə ölkəmiz əleyhinə təbliğat apardılar və Avropa Oyunlarını boykot etməyə çalışdılar. Bu yöndə müxtəlif məqalə və materiallarla çıxış etdilər. Ancaq təbii ki, onların bu niyyətləri baş tutmadı. Azərbaycan mətbuatı çox ciddi və qətiyyətli şəkildə işləyərək dünya idman arenasında Avropa Oyunlarının möhtəşəmliyi ilə bağlı müsbət rəy yarada bildi. Bundan sonra Azərbaycana qarşı aparılan təbliğatın istiqaməti dəyişildi. Artıq Qərb mediası idmanla yanaşı, digər məsələləri də gündəmə gətirməyə çalışdı”.
M.Ələsgərli deyib ki, dünya mediasında yayılan bəzi iddialara görə, guya, Azərbaycanda insan haqları ilə bağlı problem var: "Qərb mediası yazır ki, problemləri olan ölkəyə getmək olmaz. Amma ölkəmizə gələn minlərlə əcnəbi jurnalistlər və vətəndaşlar Azərbaycanda deyilən problemlərin olmadığını gördülər. Lakin müəyyən dairələr yenə iş başındadır. Bu yaxınlarda məşhur bir media təşkilatı dünya jurnalistlərinə müraciət etdi ki, Oyunların açılış mərasimi keçirilən zaman onlar öz "tvitter” səhifələrinə girsinlər və Azərbaycan haqqında tənqidi, qərəzli fikirlər səsləndirsinlər. Hətta təşkilat həmin jurnalistlərə "tezislər” verərək nələri yazmaq lazım olduğunu bildirirdi. Bununla bağlı Mətbuat Şurası ölkə jurnalistlərinə müraciət etdi və bu cür halların qarşısını almağa çalışdı. Təbii ki, Azərbaycan dövləti bu cür təxribatların qarşısını almaqda kifayət qədər addımlar atır. Amma istənilən halda söhbət böyük bir dünyadan gedir. Hamının ağzını yığmaq, razı salmaq qeyri-mümkündür. Təəssüflər olsun ki, belə əməllərin təsirinə bəzən gözüyumulu düşənlər də olur”.
MŞ-nin sədr müavini bildirib ki, "Euronews” kanalı Oyunlar başlamazdan qabaq görülən hazırlıq prosesi ilə bağlı informasiyalar verirdi, amma konkret açılış günü həmin kanal mərasimdən bir epizod belə yayımlamadı: "Bu, ilk növbədə həmin nüfuzlu telekanalın özü üçün ayıb idi. Burda söhbət ondan getmir ki, kanal bunu mütləq müsbət və ya mənfi verməlidir, çünki bu məsələ redaksiyanın öz siyasətidir. Amma bu boyda qlobal tədbirin üzərindən sakitcə keçmək qərəzli yanaşmadır. Ona görə də Azərbaycan tərəfindən haqlı narazılıqla qarşılandı. İngiltərə mətbuatı ilə də bir sıra problemlər yaşandı. Bəzi xarici media qurumları zamanında qeydiyyatdan keçmədilər və Oyunlara az qalmış qeyri-qanuni yollarla ölkəyə sızmağa çalışdılar. Təbii ki, müvafiq qurumlar bunun qarşısını aldı. Yəni neqativ hallar mövcuddur, amma ümumilikdə götürsək, deyə bilərik ki, dünyanın elə bir media qurumu yoxdur ki, Oyunlara bu və ya digər formada yer ayırmasın. Bütün nüfuzlu KİV-lər baş səhifələrində Bakıda keçirilən Birinci Avropa Oyunlarına yer ayırırlar”.
"Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz da ölkə mediasının çox yüksək səviyyədə işlədiyini deyib: "Eşq olsun Azərbaycan mətbuatına! Hamımız gördük ki, Oyunlar başlamamışdan qabaq bir sıra xarici və bəzi yerli media qurumlarında müəyyən qərəzli, doğru olmayan informasiyalar yayılırdı. Amma indi tamam başqa situasiya yaranıb. Azərbaycan mediası çox operativ işləyir və tək Bakıda deyil, Oyunların keçirildiyi bütün şəhərlərdə sürətli reportaj hazırlayır, canlı yayımlar edir. Ölkə mətbuatı bu məsələdə kifayət qədər həssasdır. Çünki hamı başa düşür ki, bu Oyunlar sadəcə idman yarışı deyil, eyni zamanda Azərbaycanın tanıdılması, nüfuzunun artması baxımından önəmlidir. Bu tədbir imkan verir ki, Azərbaycan həm siyasi, həm də qlobal çəkisini artırsın. Məhz buna görə də, mediamızdan çox razıyam. "Olaylar.az” saytı da Oyunları canlı yayımla ictimaiyyətə çatdırır. Bizim sayta müraciət edənlər bütün idman sahələri üzrə yarışları izləyə bilərlər. Qarayaxma kampaniyası ilə məşğul olanların isə əks-təbliğatı alınmır. Çünki əksər media qurumları Oyunları və burada baş verənləri canlı yayımla təqdim edirlər. Təkcə açılış mərasiminə 2 milyard insan baxıb. Hamı reallığı görür, belə bir şəraitdə "qara piar” kampaniyası aparmaq nəticə verməz”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb