Natiq Miri: “Minsk Qrupundakı digər dünya gücləri Azərbaycanı Rusiyaya verməkdə maraqlı deyillər”
“Bakı-Ankara-Moskva” üçlüyü Qarabağa açar ola bilər
Qabil Hüseynli: “Rusiya bu gün üzünü Azərbaycan və Türkiyəyə çevirsə, daha çox uda, hətta indiyə qədər itirdiklərinin yerini doldura bilər”
Natiq Miri: “Minsk Qrupundakı digər dünya gücləri Azərbaycanı Rusiyaya verməkdə maraqlı deyillər”
Natiq Miri: “Minsk Qrupundakı digər dünya gücləri Azərbaycanı Rusiyaya verməkdə maraqlı deyillər”
Rəsmi Bakının ev sahibliyi ilə keçirilən Birinci Avropa Yay Oyunlarına Avropa ölkələri liderlərinin qatılmaması neçə müddətdir barəsində danışılan yeni bir formatı müzakirəyə çıxarıb. Söhbət Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ortaya qoyula biləcək "Bakı-Ankara-Moskva” adlı üçlü formatın yaradıla biləcəyindən gedir. Yayılan xəbərlərə görə, Avropa dövlət başçılarının Bakıya gəlməməsi həm Rusiya, həm də Türkiyə prezidentlərinin sərt reaksiyasına səbəb olub.
Bir sıra ekspertlər hesab edirlər ki, iki dövlət başçısının Azərbaycanın yanında olmaqla yanaşı, dünya ölkələrinə ünvanlanan mesajları Azərbaycanın işğal altındakı ərazilərinin gələcək taleyinin müəyyənləşməsində mühüm rol oynaya bilər. Xatırladaq ki, son zamanlar Qarabağ məsələsində əsas söz sahibinin Moskva olduğu, hətta işğal altındakı ərazilərin azad olunması müqabilində Bakının Avrasiya Birliyinə üzvlük qərarı verə biləcəyi bildirilir.
Məsələni şərh edən politoloq Qabil Hüseynli deyib ki, Türkiyə rəhbəri Bakı görüşündən olduqca məmnun dönüb: "Ərdoğan çox nikbin idi. O, danışıqların pozitiv keçdiyini, Putinlə fikirlərinin bir çox məsələlərdə üst-üstə düşdüyünü bildirdi. Görünür, Ankara türk layihəsi qaz proqramına və ikitərəfli ticarət əlaqələrinə böyük mənada razılıq verib. Həmçinin, Suriya məsələsində də ortaq nöqtədə qərarlaşıblar. Ancaq Azərbaycan üçün ən mühüm Qarabağ məsələsidir. Problemin həlli istiqamətində danışdıqlarını bildirən Ərdoğan yaxın zamanlarda irəliləyişlərin ola biləcəyini söyləyib. Biz yaxşı bilirik ki, Azərbaycan-Rusiya arasında Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi danışıqlar gedir və xeyli irəliləyişlər də var. Ən azından yeddi rayonun geri qaytarılması məsələsində ortaq görüş formalaşıb. Düzdür, prosesdə Minsk Qrupunun həmsədrləri də iştirak edəcək, ancaq əsas məsələ iki ölkə arasındakı razılaşmadan keçir. Sözsüz ki, prezidentlərin görüşündə məsələnin bu və ya digər məqamlarına toxunulub. Yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağı gündəmdədir. Görüş zamanı Ermənistan tərəfinin bir növ nəbzi yoxlanılacaq. Bununla da baş verən proseslərə İrəvanın reaksiyası aydın surətdə ortaya çıxacaq”.
Moskvanın gec-tez yola gələcəyini və ortaq bir nöqtənin tapılacağını deyən politoloq çox önəmli məqamlara aydınlıq gətirib: "Putin yaxşı başa düşür ki, ölkəsi arzuolunmaz vəziyyətdədir və yalnız Türkiyə ilə Azərbaycan ona əl uzadıb. Əgər Putin Azərbaycanla münasibətlərdə tərəqqi əldə edə bilsə, bir çox şeyə nail olacaq. Məsələn, hər iki dövlətin birgə maraqlarına toxunulmadan Avropa ilə razılaşdırılmış qaz siyasətini həyata keçirmək mümkün olacaq. Bundan əlavə, Moskva bu gün Şimal dəmir və şose yolu dəhlizi üzərində işləyir. Qərb isə Azərbaycandan keçən, Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars qaz dəmiryolu layihəsini başa çatdırmaq üzrədir. Bunun yaratdığı üstünlükləri öz xeyrinə dəyişdirmək üçün Rusiya bir növ Azərbaycandan keçməklə İranın Bəndər-Abad dəniz portunu birləşdirəcək böyük Şimal nəqliyyat dəhlizinin işə salınmasını nəzərdə tutur ki, bu da Azərbaycansız mümkün deyil”. Politoloq bildirib ki, Rusiya bu gün üzünü Azərbaycan və Türkiyəyə çevirsə, daha çox uda, hətta indiyə qədər itirdiklərinin yerini doldura bilər: "Moskvanın Azərbaycan və Türkiyənin Avrasiya İttifaqına və Gömrük Birliyinə daxil olması barədə öz istəyini bildirməsi əbəs yerə deyil. Bir sözlə, Moskva Qarabağ probleminin həllində səy göstərməyə, Bakı və Ankara ilə iqtisadi əlaqələr qurmağa məcburdur. Çünki bu, Rusiyanın da işinə yarayır. Belə olan tərzdə Rusiya həm iqtisadi problemlərini həll etmək imkanı qazana, həm də bu ölkələri birliyə qoşmaqla dünyadan təcridolunma siyasətini bir növ kompensasiya edə bilər”. Q.Hüseynli Qərbin mövcud sanksiyalarından qurtulmaq üçün Kremlin daha böyük planının olduğunu açıqlayıb: "Moskva cənuba can atır, müsəlman dünyası ilə əlaqələri genişləndirmək istəyir. Bunun fonunda Dağlıq Qarabağ və yaxud Ermənistanla strateji müttəfiqlik Rusiya üçün elə də mühüm əhəmiyyət kəsb etmir. Çünki Moskva böyük Dubay planı ilə hər iki məsələdən qat-qat çox dividend qazanacağını çox yaxşı bilir”.
Siyasi ekspert Natiq Miri isə məsələyə fərqli yanaşır: "Dünyada və regionda baş verən proseslər kontekstində yanaşsaq, Rusiya qlobal səviyyədə özünü çətin vəziyyətə salıb: "İqtisadi və digər sanksiyalar Rusiyanı pis vəziyyətə qoyub və inkişaf perspektivini təhlükəyə atıb. Ukrayna-Rusiya münaqişəsi fonunda Rusiya prezidenti Putinin geri çəkilməsi hələlik mümkünsüz göründüyü üçün Şimal qonşumuzun blokadadan çıxmaq üçün ciddi alternativ axtarışında olduğu şübhəsizdir. Belə alternativlərdən biri də Avrasiyanın mərkəzi sayılan Türkiyə və Azərbaycanla əlaqələrdir. Bu gün Rusiya belə yaxın əlaqələrdə çox maraqlıdır və bu maraq Dağlıq Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək. Ancaq təkcə iqtisadi-ticari əlaqələrlə bu problemin həll olunacağını da düşünmək doğru olmazdı. Rusiya bunun üçün böyük bədəl ödəməmizi istəyir. Ən azından Azərbaycanın Rusiyanın orbitinə keçməsi, Avrasiya və Gömrük İttifaqına üzv olmasını tələb edir. Ancaq bu şərtlər yerinə yetirildiyi təqdirdə belə Qarabağ probleminin birmənalı həll olunmasını gözləmək doğru deyil. Çünki Qarabağ məsələsi artıq 10 illərdir ki, qloballaşıb. Problemin həlli təkcə Rusiyadan asılı deyil. Rusiya da bunu bildiyindən problemin həllindən öncə Azərbaycanın Rusiyanın orbitinə keçməsini istəyir”. N.Mirinin sözlərinə görə, Minsk Qrupundakı digər dünya gücləri Azərbaycanı Rusiyaya verməkdə maraqlı deyillər: "Belə bir vəziyyət Ermənistan hakimiyyətinə güclər arasında manevr etmək imkanı tanıyır. Baxmayaraq ki, Ermənistan Rusiyanın yaratdığı ittifaqa rəsmi qoşulub, amma yenə də ABŞ və Avropa ilə əlaqələrini kəsmir və onların Cənubi Qafqazdakı geosiyasi maraqlarıyla oynamağa çalışır. Ona görə də bu problemin verilən sözlərə rəğmən yaxın gələcəkdə həll olunacağını gözləmirəm və bu yöndə Rusiyanın verdiyi vədlərə inanmağın tərəfdarı deyiləm. Hesab edirəm ki, problemin həlli üçün qlobal şərait hələ yaranmayıb, güclər arasında hər hansı uzlaşma da yoxdur. Belə olduğu təqdirdə isə birtərəfli həllin mümkünlüyünə inanmıram”.
İsmayıl