Bakı Beynəlxalq Avtovağzalında vəziyyət düzələcəkmi?

Ərşad Hüseynov: "səmərəli nəzarət və şəffaf idarəetmə olarsa, vəziyyət düzələcək. Bundan sonra avtovağzalın həmin qaydada işləməsi davam etdirilsə, problemlər yenə də qalacaq”


"Onsuz da Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) və digər vağzalların nəqliyyat kompleksi keçmişdə də ləğv olunmuş Nəqliyyat Nazirliyinin tərkibində idi”.

Bunu Sherg.az-a BBAK-ın yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilməsinə münasibət bildirərkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, avtovağzalların bəziləri indi də özəl qurumdurlar:

"BBAK-nin özü də özəl qurum idi. Amma orada sərnişin daşımalarına nəzarət, sərnişindaşımanın təşkili, relslərlə bağlı müqavilələr, sürücülərə nəzarət avtobuslara texniki nəzarət hamısı dövlət orqanı olaraq Nəqliyyat Nazirliyinin və onun tabeliyindəki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində idi. Ona görə də, burada əslində xüsusi dəyişiklik olmur. Vətəndaşların narazılıqlarına gəldikdə isə, hansı quruma tabe olmasından asılı olmayaraq, səmərəli nəzarət və şəffaf idarəetmə olarsa, vəziyyət düzələcək. Bundan sonra avtovağzalın həmin qaydada işləməsi davam etdirilsə, problemlər yenə də qalacaq”.

Qeyd edək ki, nazirlikdəki mənbənin bildirdiyinə görə kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb.

Aysel Aslan