Bakı-Dərbənd qatarı bərpa oluna bilər

Azər Allahverənov: “Açılacağı halda Dərbənd-Bakı qatarlarında sərnişin qıtlığı yaranmayacaq”
Nadir Əzməmmədov: “Rəhbərlik təklifi dəyərləndirib, müvafiq qərar çıxaracaq”


Dağıstanın rəhbəri Ramazan Abdullatipov Dərbənd-Bakı dəmir yolu qatarının istismara verilməsini təklif edib. Muxtariyyət rəhbəri bu təkliflə Şimali Qafqaz dəmir yolunun rəisi Vladimir Pyastolovla görüşündə çıxış edib. Dəmir yolu infrastrukturunun və Azərbaycanla sərhəddə yerləşən keçid məntəqəsinin tikintisinə başlamağın zəruriliyindən söz açan Abdullatipov eyni zamanda Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının işə salınmasını təklif edib.

Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının işə salınması təklifi Dağıstan rəhbərliyindən gəlibsə, deməli, Rusiya bu xəttə öz qatarlarını buraxmaq istəyir. Belə olan halda isə sözügedən xətt üzrə qatarların işə salınmasının nə dərəcədə rentabelli olub-olmaması məsələsini də onların iqtisadçıları hesablayıb üzə çıxarmalıdırlar.

A.Allahverənov bərpa olunacağı təqdirdə Dərbənd-Bakı qatarlarına tələbat olacağını düşünür: "Aərbaycanla Dağıstan arasında sıx miqrasiya prosesləri mövcuddur. Həm iqtisadi əlaqələr var, həm də sərhəd rayonlarda yaşayan insanlar arasında qohumluq əlaqələri mövcuddur. Bütün bunlar isə tərəflər arasındakı gediş-gəlişi şərtləndirən haldır. Hazırda Bakı ilə Dərbənd, Mahaçqala arasında çoxsaylı avtobus marşrut xətləri fəaliyyət göstərir. Gün ərzində həmin avtobuslar xeyli sayda sərnişin daşıyırlar. Eyni zamanda, Bakı-Moskva, Bakı-Rostov qatarlarından istifadə edən insanların da sözügedən vilayətlərdə qatardan düşməsinin şahidi oluruq. Bütün bunlar da göstərir ki, açılacağı halda Dərbənd-Bakı qatarlarında sərnişin qıtlığı yaranmayacaq. Hər halda bu təklifin nə dərəcədə effektiv olub-olmayacağını zəruri hesablamalar apardıqdan sonra müvafiq qurumlar deyə bilərlər. Amma istənilən halda hər şey təklif olunan xidmətin keyfiyyətindən asılı olacaq. Əgər qatarlar müasir dizayn və xidmət imkanlarına malik olsalar, insanlar həmin marşrut xətti üzrə digər nəqliyyat vasitəsindən yox, qatardan istifadə etməyə meyilli olarlar”.

Bir vaxtlar Dərbənd-Bakı marşrutu üzrə dəmir yolu qatarının istifadədə olduğunu deyən "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, qatar sərnişin sıxlığı səbəbindən bağlanıb: "Əgər Dağıstan rəhbərliyinin yenidən həmin marşrut xətlərinin açılması ilə bağlı təklifi varsa, yəqin ki, bizə də rəsmi müraciətləri olacaq. Rəhbərlik də təklifi dəyərləndirib, müvafiq qərar çıxaracaq. Təbii ki, Dərbənd-Bakı qatarının bərpası bizim üçün də xoşdur”.

Şəymən