"Bakı Minsk qrupunun vasitəçiliyindən imtina edə bilər" - Saakyanı qəbul etdiklərinə görə

"Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyanın ABŞ-a, Fransaya və Rusiyaya səfərini erməni lobbisinin fəaliyyəti kimi dəyərləndirmək mümkündür”.
Bunu "Sherg.az”a açıqlamasını politoloq Azər Rəşidoğlu deyib.
Ekspert bildirib ki, həmsədr ölkələrdə erməni lobbisi güclüdür:
"Rusiyada da ermənilər mühüm postlarda əyləşiblər. Digər tərəfdən, Ermənistandan kənarda ermənilər ən çox Rusiya ərazisində yaşayır. Rəsmi rəqəmlərdə bir milyon yarım göstərilsə də, qeyri-rəsmi mənbələr onların sayının bir neçə milyon olduğu təxmin edilir. Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. 
Müxtəlif mənbələrdə ABŞ-da 800 min ilə 1 milyon 500 min arasında erməni əsilli insanın yaşadığı göstərilir. Fransada isə 250-750 min arasında erməni mənşəli insanın yaşadığı bilinməkdədir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin hər biri dolayısı ilə olsa da, erməniləri müdafiə edir”.
Analitik bəyan edib ki, separatçı rejimin rəhbərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələrində yüksək səviyyədə qarşılanması Bakının bu qurumun vasitəçiliyindən imtina etməsinə gətirib çıxara bilər: 
"İstər ABŞ, istər digər həmsdər dövlətlər, istərsə də qeyri-həmsədr ölkələr separatçı rejimin rəhbərini görüşə dəvət edirlərsə, Azərbaycan ərazilərini öz gücü hesabına qorumaq barədə düşünə bilər. İlk növbədə, Minsk Qrupundan imtinanın mənfi və müsbət cəhətləri geniş müzakirə edilməlidir”.
Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan ABŞ və Fransadan sonra Rusiyaya da səfər edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Separatçı liderin vastəçi ölkələrə ard-arda səfəri ölkə ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb.
İsmayıl