
Bakı qonaqları təəccübləndirəcək
“İrəli” də “Dostunla oyna” kampaniyasına başlayırMirhəsən Seyidov: “Biz bu təbliğatın daha da artırılması, kütləvi forma alması məqsədilə uşaq ikən hər zaman oynadığımız idman növlərini önə çıxarmaq istəyirik”

Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Ölkəmiz dünyanın ən böyük idman bayramını qeyd edəcək. Heç kimə sirr deyil ki, sözügedən mötəbər yarış, idmanın insanlara bəxş etdiyi dəyər olmaqla yanaşı, müasir dövrdə iqtisadi və siyasi məqsədlər də daşıyır. Bu səbəbdən məlum əlamətdar Oyunlar Azərbaycan üçün olduqca mühüm bir hadisə kimi qiymətləndirilməlidir. Çünki bu yarış Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal altında olan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün çox gözəl fürsətdir. Bir sözlə, respublikamız həmin imkandan səmərəli şəkildə faydalanıb, tarixi və mədəni gerçəkliklərimizə dair haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasına müsbət töhfələr verə bilər. Fikir verin, yalnız yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərlə ölçüləcək ki, bu da bizim üçün tariximiz, üzləşdiyimiz faciələr və mədəniyyətimizə dair dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Bundan başqa, Oyunlar zamanı ölkəmizə baş tutacaq turist axını Azərbaycanın turizm ölkəsinə çevrilməsində mühüm rol oynayacaq. Eyni zamanda ilk Avropa Oyunları Azərbaycanda idmanın inkişafına və gənclərin bu sahəyə axınına güclü təkan verəcək. Əlbəttə, tarixə yazılacaq və tarix olacaq bu idman yarışına ev sahibliyi etmək siyasi uzaqgörənliyin aydın təzahürdür. Məhz bu uzaqgörənliyin sayəsində Azərbaycan Prezidenti İlham Əliyev zamanında müdrik qərar qəbul etdi. Qərarın qəbulunda siyasi iradə nümayiş etdirildi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazıldı. Bu tarixi dəyişmək və ya saxtalaşdırmaq mümkün deyil. Azərbaycanın adı Avropa ölkələri ilə eyni sırada dayanır. Bir zamanlar Azərbaycan Avropada neft-qaz ixracatçısı kimi, inkişaf edən demokratik ölkə kimi tanınırdısa, 2011-ci ildə "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi, 2012-ci ildə bu beynəlxalq mədəniyyət tədbirinin təşkilatçısı kimi öz yerini tutdu. Bundan sonra ilk Avropa Oyunlarının reallaşdığı ölkə kimi dünyanın idman tarixində öz yerimiz olacaq. Bütün reallıqları nəzərə alıb, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun da münasibətini öyrəndik. Birlik sədri "Şərq”ə açıqlamasında qeyd etdi ki, rəhbərlik etdiyi təşkilatın ətrafına yığdığı bütün gənclərlə birlikdə ölkəmizdə keçiriləcək Bakı-2015 Birinci Avropa Oyunlarına dəstək olmaqda davam edəcək: "Hətta 2012-ci ildə Azərbaycanda reallaşan "Avroviziya” mahnı müsabiqəsində biz ölkəmizə qarşı olan şər-
böhtanın, qarayaxma kampaniyalarının şahidi olduq. Heç bir fikir, əsassız düşüncələr, bəyanatlar bu gün Azərbaycanın möhkəmlənməsinə təsir göstərə bilməz. Hazırda Azərbaycan dövləti apardığı müstəqil siyasət nəticəsində Avropa Oyunlarını ən yüksək səviyyədə həyata keçirəcək. "Human Rights Watch”, "Amnesty İnternational” və digər təşkilatlar heç vaxt heç bir əsas verməyib ki, Azərbaycan öz daxilində olan məsələləri beynəlxalq hüquqlara dayandırsın. Əslində dünya siyasətində beynəlxalq hüquq çalışmır. O, sadəcə olaraq riyakarlıq kimi çalışır. Təbii ki, biz bunu çox yaxşı bilirik. Azərbaycanın daxili siyasəti, artan qüvvəsi və cənab Prezident İlham Əliyevin siyasi iradəsi bizə onu deməyə əsas verir ki, Avropa Oyunları ölkəmizdə çox yüksək səviyyədə aparılacaq. Ölkəmizin dünyada nüfuzunu xeyli artıracaq”.
Həmsöhbətimiz vurğulayıb ki, Avropa Oyunları Azərbaycanın özünü dünyada tanıtması üçün gözəl fürsətdir: "Təəssüf ki, Oyunlar ərəfəsində ölkə daxilində də Azərbaycana qarşı təbliğat aparanlar mövcuddur. Əslində, onlar bununla heç nəyə nail olmayacaqlar. İlk dəfə Bakıda təşkil olunacaq bu möhtəşəm idman yarışına sayılı günlər qalıb. Bakı Oyunların keçirilməsinə tam hazırdır. Bunlarla yanaşı, biz özünü "insan hüquqlarının müdafiəçisi” adlandıran bəzi təşkilatların ilk Avropa Oyunlarını məqsədyönlü şəkildə əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük. Bununla da, bu qurumlar Azərbaycana qarşı apardıqları "qara piar” kampaniyası ilə özlərinin əsl simasını sübut edirlər”.
M.Seyidovun sözlərinə görə, ölkəmizə qarşı "qara piar” aparan dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq, beynəlxalq nüfuzu və çəkisi baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyacaq: "Həmçinin, respublikamız regionda sülhün təminatçısına çevrildiyi bir halda, hələ də Dağlıq Qarabağ probleminin olduğunu bilən bu kimi təşkilatlar bir dəfə də olsun münaqişəyə dair mövqe sərgiləməyiblər. Bu da o anlama gəlir ki, belə qurumlar erməni lobbisi ilə sinxron fəaliyyət göstərir”.
Müsahibimizin qənaətincə, Azərbaycanı tanıdan bu marafon ölkə reallıqlarını, məxsusi olaraq Azərbaycanın stabil və dinamik inkişafa malik bir ölkə olduğunu dünya ictimaiyyətinə çatdıracaq: "Sözügedən Oyunlarla Azərbaycan dünyaya öz güc və qüdrətini göstərəcək. Bundan başqa bu mötəbər idman bayramı hələ uzun müddət yaddaşlardan silinməyəcək”.
M.Seyidovun fikrincə, dünyanın enerji təhlükəsizliyi xəritəsini dəyişən Azərbaycan indiki halda bütün dünya ölkələrinə nümunə ola biləcək iqtisadi, siyasi addımlar atır: "Avropa Oyunlarının ölkəmizdə gerçəkləşməsi bir çox ölkələrin qısqanclıq hisslərinə qapılmasına əsas yaradır. 6 min idmançının, beynəlxalq korpus nümayəndələrinin Azərbaycanın inkişafının canlı şahidi olmasını həzm edə bilməyən, ölkəmizə qarşı qərəzli mövqe tutan şəxslər Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyillər. Onu da unutmaq olmaz ki, bütün dünyaya ideal mexanizm kimi göstərilən "insan haqları” institutları bununla bağlı bir dəfə də olsun peşəkar mövqe ortaya qoymayıb”.
Oyunları Azərbaycan və Avropa tarixində böyük hadisə kimi dəyərləndirən M.Seyidov bildirib ki, ilk dəfədir ki, belə bir yarış keçirilir və bu tədbirə məhz ölkəmiz ev sahibliyi edir: "Cəmi 24 ildir ki, müstəqil olmasına rəğmən Azərbaycan son illərdə çox böyük inkişaf yolu keçib. Hazırda respublikamız dünyada etibarlı tərəfdaş kimi tanınır. İlk Avropa Oyunları isə Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirməklə yanaşı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsini təmin edəcək”.
Həmsöhbətimiz bəyan edib ki, ölkəmizə idmançılarla yanaşı, minlərlə turist gələcək və Azərbaycanı daha yaxından tanıyacaq. Məhz "Bakı-2015” Azərbaycanın dünyada təbliğatı baxımından mühüm rol oynayacaq. Ona görə də, gəlin hamımız həmrəy olaq və dünyaya gücümüzü nümayiş etdirək. Azərbaycanı bütün Avropa ictimaiyyətinə nümunəvi bir dövlət kimi tanıdaq”.
M.Seyidov hesab edir ki, I Avropa Oyunları artıq beynəlxalq təşkilatların deyil, birbaşa olaraq şəxslərin və fərdlərin maraqları dairəsinə gəlib keçib: "Bu şəxslər dünya ictimaiyyətində daha çox erməni lobbisinin təsiri ilə inkişaf edən və təsir qüvvəsinə malik ola biləcək münasibətlərin ortasında özlərinə bir yer müəyyənləşdiriblər. Onlar bu yerdən Azərbaycana qarşı təsir mexanizmi düşünməyə başlayıblar. Təbii ki, Azərbaycanın müvəffəqiyyətləri nə qədər çoxalacaqsa, cənab Prezident İ.Əliyevin siyasi iradəsi ilə müstəqil siyasət aparacaqsa, beynəlxalq təzyiqlər də səngiməyəcək. Biz çox yaxşı bilirik ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı göstərdiyi hədələrin heç bir rolu yoxdur. Burada ən vacib amil Azərbaycan faktoru və ölkə gəncliyinin ortaya qoya bildiyi vətəndaşlıq mövqeyidir. Əgər mən vətəndaşlıq mövqeyindən çıxış edərək milli kimliyimi tanıtdıraraq Azərbaycan haqqında hansısa xoş təəssürat yarada bilirəmsə, demək, Azərbaycan adını layiqincə daşıya bilirəm”.
Sonda M.Seyidov "İrəli” İctimai Birliyinin yeni kampaniyası haqqında da söz açıb: "Bu kampaniyanın adı "Dostunla oyna” kampaniyasıdır. Əlbəttə, biz bu təbliğatın daha da artırılması, kütləvi forma alması məqsədilə uşaq ikən hər zaman oynadığımız idman növlərini önə çıxarmaq istəyirik. Bu, bizim məhəllədə, küçədə dostlarımızla oynadığımız futbol, basketbol, voleybol və sairədir. Burada iki əsas hədəf qrup var. Birincisi, həyətdə oynadığımız idman növlərinin inkişafıdır. İkincisi, uşaq evlərindəki gənclərin idmana marağıdır. Onlar üçün mövcud vəziyyət, struktur var. Kampaniya yaxın bir həftə ərzində öz işinə start verəcək. Gənclərlə bağlı böyük bir təbliğat qrupu yaradılıb”.
Ayyət Əhməd