Bakıda 42 lüks villa söküləcək

Əliməmməd Nuriyev: “Necə olur ki, hansısa ərazidə villa tikilsin, amma icra orqanının məlumatı olmasın və yaxud həmin villaların sahibləri müəyyənləşməsin”



Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğının səhəri gün Azərbaycan Prezidenti İlham Əliyev hadisə yerində olub. Dövlət başçısı binaya baxış zamanı yanğının səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması, zərər çəkənlərə, həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi yönündə Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib.

Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Toplantıda dövlət başçısı bir sıra vacib məsələlərə toxunub. O məsələlər içərisində qanunsuz tikililər də yer alıb. Prezidentin həmin istiqamətdəki sərt çıxışından sonra, paytaxtdakı sözügedən tikililərin sökülməsi prosesinə başlanıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtda 42-ə yaxın lüks villa söküləcək. Və qanunsuz hərəkət etmiş bütün şəxslər öz cəzalarını alacaqlar. Bakı meri onu da diqqətə çatdırıb ki, Səbail rayonunda yerləşən "Dostluq” parkı ərazisindəki qanunsuz villalar da söküləcək. Lakin həmin villaların kimlərə məxsus olması, hələ də müəyyənləşməyib. Bu isə ciddi mətləblərdən xəbər verir. Çünki yerli icra orqanları ərazilərində "göyərçin uçurmaqdan” belə xəbər tuturlarsa, necə ola bilər ki, çoxsaylı göydələnlərin tikilməsini görməsinlər. Əlbəttə, bütün bunlar həmin villa sahibləri ilə yanaşı, icra başçılarının da qanunsuz davranışlara yol verdiklərini nümayişkaranə şəkildə ortaya qoyur.

Məlum tikililərə dair müəmmalara aydınlıq gətirən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə deyib ki, qanunsuz göydələnlərin tikilməsi, icra başçılarının məsuliyyətsizliyinin nəticəsidir: "Hər hansı bir ərazidə tikintinin həyata keçirilməsinə yerli icra hakimiyyəti nəzarət edir. Bu orqanın razılığı olmadan ərazidə hər hansı tikili aparmaq mümkün deyil. Böyük villaların tikilməsi isə ümumiyyətlə mümkünsüzdür. Necə olur ki, hansısa ərazidə villa tikilsin, amma icra orqanının məlumatı olmasın və yaxud həmin villaların sahibləri müəyyənləşməsin. Bu, gülünc doğurur”.

Ə.Nuriyevin sözlərinə görə, qanunsuz tikililərin aparılmasına görə, icra orqanları məsuliyyət daşıyır: "Məhz onlar cavab verməlidirlər. Görünür, icra başçıları həmin villaların sahibləri ilə razılaşıb. Beləliklə də böyük qanunsuzluqlara yol veriblər. Bunun başqa variantı yoxdur. İcra orqanları bu halla bağlı zamanında aidiyyəti qurumlara məlumat versə idi, qarşısı alınardı. Bu, icraların birinci qanunsuzluğu deyil. İcra hakimiyyətləri belə məsələlərdə diqqətli olmalıdırlar. Onlar isə əksinə, işbazlarla yaxından əməkdaşlıq edirlər. Bu da arzuolunmaz nəticələrə gətirib çıxarır”.

Ayyət Əhməd