İş başında telefonla danışan sürücü xanım sərnişini hədələdi
"Sərnişinlərin təhlükəsizliyi ən önəmli məsələlərdən biridir. Sürücülər və sahibkarlar ilk növbədə bunu başa düşməlidirlər"
Avtobus sürücülərinin məsuliyyətsizliyi bitmək bilmir. Mətbuatda bu barədə hər gün yazılsa da, onlar sərnişinləri təhqir etməkdən tutmuş, yol hərəkəti qaydalarını pozmağa qədər özbaşınalıq etməkdən çəkinmirlər.
Növbəti xoşagəlməz əməl 187 saylı avtobus sürücüsünə aiddir. Sürücü dünən paytaxtın "Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib. 10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib.
Xanım sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib.
Baş verənlərlə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, əvvəlki illərlə müqayisədə son zamanlar avtobus sürücülərinin özbaşınalığı xeyli azalıb:
"Həm yol hərəkətinin təşkili, həm müvafiq cərimələrin tətbiqi, həm də ümumi maarifləndirmə işlərinin aparılması müsbət nəticələr verib. Xüsusilə prezidentin bu yaxınlarda imzaladığı sərəncam, "2019-2023-cü illər arasında yol hərəkətinin təşkilinin təhlükəsizliyi ilə bağlı” proqram belə halların aradan qaldırılmasına ciddi təsir edir. Amma yol hərəkəti çox geniş bir sahədir. Ümumiyyətlə, avtobus sürücüləri 1 gündə 5-6 min əməliyyatı yerinə yetirirlər. Ona görə də onların dözümü, səbri, sağlamlığı, ünsiyyəti ən yüksək səviyyədə olmalıdır. Hava yollarında pilotlara nə qədər yüksək tələbat var. Əslində avtobus sürücülərinin də pilotlar səviyyədə seçilməsi lazımdır.
Kütləvilik xarakteri alanda seçim çox çətin olur. "BakuBus” sürücülərinin ünsiyyəti və sərnişinlərlə davranışı çox yüksək səviyyədədir. Bizdə isə elə marşrutlar var ki, onlara tam nəzarət etmək olmur və yaxud onların sahibləri maariflənmə işləri aparmırlar. Bəzi vaxt sürücülərə 3-4 gün eyni sözü deyirsən, onlar özlərini yaxşı göstərirlər. Amma stres vəziyyətində və yaxud çətin bir məqamda onlar daxillərində olan aqressiyanı üzə çıxarırlar. Bütün bunları yerinə yetirmək üçün ilk növbədə düzgün sürücü seçimi olmalıdır. Yəni avtobus sürücüləri yararlı, sağlam, ünsiyyət yarada bilən insanlar olaraq seçilməlidir. Sürücülərin seçimi müəssisə tərəfindən yerinə yetirildiyi üçün şirkətlər bu işə məsuliyyətli yanaşa bilmirlər və düzgün seçim etmirlər. Lakin əvvəlki illərə baxanda bu sahədə müəyyən irəliləyişlər var”.
Ekspertin sözlərinə görə, ilk növbədə marşrut sahibləri sürücüləri maarifləndirməli, düzgün istiqamət verməlidirlər:
"Şirkətin rəhbərləri xoşagəlməz hallar olanda birmənalı olaraq sürücüləri cəzalandırmalıdır. Ola bilsin ki, bəzi sahibkarlar nəqliyyat sahəsini yaxşı başa düşmədikləri üçün bu sahəni biznes xarakterli iş kimi görürlər. Amma nəqliyyat insanlara xidmət sahəsidir. Sərnişinlərin təhlükəsizliyi ən önəmli məsələlərdən biridir. Sürücülər və sahibkarlar ilk növbədə bunu başa düşməlidirlər. Eyni zamanda sürücülərin iş rejiminin düzgün qurulması da vacibdir. Yaxşı sürücülərə müəyyən mükafat verəndə, onların əməyini stimullaşdıranda digər sürücülərə nisbətən özlərini daha yaxşı göstərmək istəyirlər”.
Yeganə Bayramova