Bakıda dəhşətli hadisə: 4 yaşlı qız maşının altında qalıb öldü - YENİLƏNİB





Bakıda avtomobilin vurub öldürdüyü 4 yaşlı qızın adı məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi "VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
*****
10:19
Bakıda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsi R.İsmayılov küçəsində "VAZ 2109" markalı, 20 BA 017 dövlət qeydiyyat nişanlı avtomobil 4 yaşlı qızı vurub. Maşının altında qalan azyaşlı hadisə yerinə vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.