Bakıda ən çox ürək-damar, təzyiq və onkoloji xəstəliklər yayılıb

Hazırda rastlaşdığımız qrip isə, 20-ci əsrdə rastlaşdığımız qrip deyil



Azərbaycanda ən çox qeydə alınan xəstəliklərin siyahısı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Bununla yanaşı sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı bir qədər artıb.

Səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb. Ana və uşaqların sağlamlığının qorunması sahəsində qəbul olunmuş dövlət proqramları uşaqlar arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, perinatal yardım islahatlarının davam etdirilməsinə, gənclərə göstərilən reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin yaxşılaşdırılmasına yönəldilib.

Əhalinin hər 10 min nəfərinə isə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.

Hər gün müşahidə etdiyimiz mənzərə, əslində ortaya qoyulan statistika ilə eynilik təşkil edir. Təbii ki, söhbət ən çox yayılan xəstəliklərlə bağlı eynilikdən gedir. Tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, filanla, işimiz yox. Amma ötən ilin payız aylarından başlayaraq tənəffüs yolları xəstəliklərinin artması isə, artıq reallıqdır. Hətta əhali arasında "bu nəsə "təzə” virusdur. Keçib getmək bilmir...” səpkili şayiələr də yayılmışdı. Sonra aşkarlandı ki, el arasında yayılan informasiyalar, daha çox dedi-qodu xarakterli qəbul olunsa da, həqiqət payı da varmış. Demə, camaatımızı əldən salan "Honkonq qripi”ymiş. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirdi ki, dekabr ayında qripə yoluxmanın "pik” həddi olub. Mövsüm ərzində 286 nəfərdən laborator müayinə üçün nümunələr götürülüb və 5 nəfərdə paraqrip, 6 nəfərdə adenavirus, 2 nəfərdə mövsümi qrip, 2 nəfərdə isə H3N2 virusu aşkarlanıb.

Yəni, tənəffüs yolları xəstəliklərinə yoluxma hallarının çoxluğu reallıqdır. Diqqət çəkən isə əsəb sistemi, hissiyyat orqanları xəstəliklərinin, eləcə də parazitar xəstəliklərin, bruselyoz, qara yara kimi, adətən heyvanlarda yayılan xəstəliklərin əhali arasında yayılma statistikasındakı artımdır.

Məsələ ilə bağlı "Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov qeyd etdi ki, xəstəliklərin yayılması ərazilər üzrə müxtəlifdir:

- Burada iqlim şəraiti, regionun yerləşdiyi ərazinin spesifikası, əhalinin məşğuliyyəti, sosial vəziyyət əhəmiyyət daşıyır. Məsələn, Mərkəzi Aran bölgəsində, Muğanda isti iqlim şəraiti parazitar xəstəliklərin, bağırsaq infeksiyalarının yayılmasına şərait yaradır. Bruselyoz, qara yara, əsas məşğuliyyəti heyvandarlıq olan əhali arasında yayılır. Xəstəliklərin növlərinə, yayılma arealına görə də şəhərlə, regionlar fərqlidir. Bakıda daha çox kardioloji, ürək-damar xəstəlikləri, qan dövranı, qan təzyiqi və onkoloji xəstəliklər yayılıb. Təcili yardıma edilən müraciətlər də bunu deməyə əsas verir. Tənəffüs yolları xəstəlikləri isə daha çox mövsümi xarakter daşıyır. Bu xəstəliklər payız-qış aylarında özünü daha çox göstərir. Əhali arasında geniş yayılan da konkret qrip virusudur. Sadəcə,virusun şəklini dəyişmiş formasıdır. Ona görə də xəstəlik uzunmüddətlidir. Yoluxmuş insan gec sağalır. Yəni, hazırkı qrip bizim 20-ci əsrdə rastlaşdığımız qrip deyil.

Əsəb sistemi və hissiyyat orqanları xəstəliklərinin artımına gəlincə, Ş.Məmmədov bunun sosial-iqtisadi vəziyyətlə bağlı olduğunu dedi:

- Əsəb sistemi və hissiyyat orqanları xəstəlikləri dedikdə, psixo-nevroloji xəstəliklər nəzərdə tutulur. Bu o deməkdir ki, ötən il psixiatr, psixoloq və nevropatoloqlara müraciətlər artıb. Bunun da konkret səbəbi var. Sosial-iqtisadi vəziyyət insanların psixikasına, əsəb sisteminə təsir edir.

Məlahət Rzayeva