Bakıda falçının qızları zorlaması faktına professordan SƏRT REAKSİYA

Rəşid Mahmudov:"İndi də din adı ilə "lotuluq" edirlər. “Quran”la fala baxırlar, bu, nə biabırçılıqdır? "Əlinə “Quran” alıb, fala baxan insan əxlaqsızlıq edir"
"Dediyim kimi, həmin falçıların yanına gedən şəxslərin də ağlı yoxdur. Birdəfəlik anlamaq lazımdır, din falı, cadunu qəbul etmir”



"Dində dinlik qalmayıb, parçalaya-parçalaya gedirlər"

"Falçının 46 nəfər qadına qarşı zorakılıq etməsi ciddi kriminal hadisədir. Hüquq- mühafizə orqanları mütləq bu hadisəni ətraflı araşdırmalıdır”.

Bunu "Sherg.az”a tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib. 

O bildirib ki, əsas problemlərdən biri həmin qadınların falçıya inanaraq, tora düşməsidir:

"Həmin şəxs fırıldaqçıdır. İndi Azərbaycanda o qədər özünü seyid kimi təqdim edən insan var ki... Seyid Məhəmməd Peyğəmbərin nəslindən olan şəxslərə deyilir. Peyğəmbərin nəslindən dünyada cəmi 5 nəfər insan yaşayır və onların yaşadıqları ölkələrdə hökumətlər onlara külli miqdarda pul ayırır. Azərbaycandakı o "seyid”lər fırıldaqçıdır. Qadın nədir, falçı nədir? Falçıya getməklə işmi düzələr?

Azərbaycan insanını tənbəlliyə öyrədirlər. Bir insana alqış edəndə deyirlər, "allah başından töksün”. Bu nə deməkdir? Yəni yerindən tərpənməyəsən, allah dolları "kəsə” başından tökə. Bütün öyrəndiklərimiz belədir.

Ekstrasenslik, caduya inam, "Quran”la fala baxmaq XXI əsrdə hələ də qalıbsa, biabırçılıqdır. Buna inanan şəxslər də normal deyil. Hər gün televiziyalarda bu məsələlər tənqid olunur. Mən də dəfələrlə çıxış etmişəm. Əgər hələ də fala, baxıcıya inanalar varsa, demək ki, apardığınız bu qədər maarifləndirmə işindən yetərli nəticə çıxarılmır.

Fırıldaqçıların xüsusilə dindən istifadə etməsinə gəlincə, R.Mahmudov buna ciddi nəzarət olunmasını təklif edir:

"İnsanlar fala inandığına görə, həmin fırıldaqçılar da bu üsuldan istifadə edir. Əlinə "Quran” alıb, fala baxan insan əxlaqsızlıq edir. Bu ciddi problemdir, araşdırılmalı, qınanmalıdır”.

R.Mahmudovun sözlərinə görə, bəzi mollalar İslam dinini də korlayır, parçalamağa çalışırlar:

"Görün İslam dinini nə qədər məzhəbə bölüblər?! Dində dinlik qalmayıb, parçalaya-parçalaya gedirlər. İndi isə dinin adı ilə "lotuluq" edirlər. "Quran”la fala baxırlar, bu nə biabırçılıqdır? Dediyim kimi, həmin falçıların yanına gedən şəxslərin də ağlı yoxdur. Birdəfəlik anlamaq lazımdır, din falı, cadunu qəbul etmir”.

Qeyd edək ki, Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

Aysel Aslan