Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb

İlham Əliyev: Bütün azadlıqların təmin olunduğu Azərbaycan artıq multikulturalizm mərkəzinə çevrilib



Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb. Forumun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

AZƏRTAC-ın məlumatına görə, dövlətimizin başçısı belə bir mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu deyib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini bildirən Azərbaycan Prezidenti onun müzakirə etdiyi məsələlərin çoxtərəfli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirib. Qeyd edib ki, artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb. Bu gün Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini, bütün azadlıqların təmin olunduğunu deyən dövlətimizin başçısı ölkədə hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü söyləyib. "Azərbaycan beynəlxalq aləmdə də öz yerini tutub, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumların üzvüdür”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bir neçə il öncə 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz beynəlxalq münasibətlər sisteminə öz töhfəsini verir. Hazırda dünyada ikili standartların bir qaydaya çevrildiyini, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra olunmadığını söyləyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışıb, münaqişənin həlli ilə bağlı ölkəmizin qəti mövqeyini açıqlayıb. Son 10 ildə ölkəmizin iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artdığını, əlverişli biznes mühitinin qurulduğunu və Azərbaycanın xarici sərmayələr üçün açıq ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev işsizliyin, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini bildirib. Kosmos sənayesinə malik Azərbaycanın iqtisadi nailiyyətlərinin müstəqil xarici siyasət yürütməyə imkan verdiyini vurğulayıb. Enerji təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyev bildirib ki, bu sahədə şaxələndirilmə siyasəti davam etdirilir, ölkəmizdə hasil olunan enerji resurslarının xarici bazarlara ötürülməsi üçün yeni marşrutlar çəkilir.

Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən də danışıb. "Bizim üçün təhsil müasirliyə və inkişafa aparan yoldur”, - deyən dövlətimizin başçısı Forumun işinə uğurlar arzulayıb.

Bolqarıstan Prezidenti Rosen Plevneliev dünyadakı böhranların rekord həddə çatdığını deyib. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunmasının, böhranların həllinin, qeyri-qanuni miqrasiyanın, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqəti cəlb edib. "Sülh qanunun aliliyidir”, - deyən Rosen Plevneliev indi dondurulmuş böhranların sayının artdığını bildirərək dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini diqqətə çatdırıb.

Makedoniya Prezidenti George İvanov çıxışında Avropa İttifaqının dəyərlərinə toxunub, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirib. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı bu qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını söyləyib.

Maltanın Baş naziri Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışıb, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlarının olduğunu deyib. Bu problemin həll olunmadığı təqdirdə, onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürüb.

Sonra Almaniyanın Federal Kansleri Angela Merkelin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktublar oxunub. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində Forumun işinə uğurlar arzulayıb, burada müzakirə edilən məsələlərin dünya üçün əhəmiyyətli olduğunu bildiriblər. Forumda ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin iştirakçılara salamları çatdırılıb, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyi vurğulanıb.

Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılması vaxtının yetişdiyini deyib. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyinə diqqəti cəlb edib. Vayra Vike-Freyberqa müxtəlif fikirləri dinləyərək ortaq məxrəcə gəlinməsi baxımından Bakı Forumunun əhəmiyyətli məkana çevrildiyini bildirib, bu proseslərin uğurlu alınmasında Prezident İlham Əliyevin rolunu və xidmətlərini xüsusi vurğulayıb.

Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.