Bakıda işləməyən işıqfor ağır qəzaya səbəb oldu: 4 yaralı




Bakıda ağır zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb. Musavat.com xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verib.
İki küçənin kəsişməsində "Jeep”, VAZ-2107 və iki "Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıb.
Qəzaya Əhməd Rəcəbli küçəsindəki işıqforun işləməməsi və sürücülərin buna əhəmiyyət verməməsi səbəb olub. İşıqforun Bakıya yağan və fəsadlar yaradan güclü yağışdan sonra işləmədiyi bildirilir.

Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a bildirilib ki, işıqforda problem hava şəraiti ilə əlaqədar yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.