Bakıda küləyin aşırdığı ağacların sayı 21-ə çatdı - YENİLƏNİB





Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 21 ağac aşıb.

"Sherg.az" xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Şöbə rəisi aşan ağaclardan biri istisna olmaqla, qalan 20-nin sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.

O.Məmmədov bildirib ki, aşan ağaclar şam, qovaq, göyrüş, sərv olub.

Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən şöbə rəisinin sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır.

Xatırladaq ki, bu gün səhər əsən güclü külək nəticəsində aşan bir ağac Bakının Nərimanov rayonunun Aşıq Alı küçəsində yolu bağlamışdı, Yasamal rayonu Zərdabi küçəsi, 3155-ci məhəllədə sağlam ağac köhnə tikilinin üzərinə düşərək onu dağıdıb. Nizami rayonunda isə ağac elektrik xəttinin üzərinə aşıb.

Qeyd edək ki, sabah günün ikinci yarısınadək güclü şimal-qərb küləyi əsəcək.

----------

11:33

Bakıda müşahidə edilən güclü külək nəticəsində bu gün şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Bakının Xətai rayonunda şam və qovaq, Binəqədi rayonunda göyrüş, Yasamal rayonunda qovaq və sərv ağacları aşıb.

Şöbə rəisi aşan bütün ağacların sağlam, inkişafda olan hündür ağaclar olduğunu söyləyib.

Ağacların aşmasının birbaşa güclü küləklə əlaqəli olduğunu deyən O.Məmmədovun sözlərinə görə, Bakının iqlimi və torpağı burada bütün ağacların əkilməsinə imkan vermir. Bakıda güclü küləklər əsdiyindən burada əkilən ağacların hündürlüyü də 6-7 metrdən çox olmamalıdır:

"Eyni zamanda, Bakının torpağı münbit olmadığından burada ağaclar möhkəm kök ata bilmirlər. Buna görə də Bakıda ən yaxşı halda zeytun ağacları əkilməlidir".

O.Məmmədov onu da əlavə edib ki, bayram günlərində əsən güclü küləklə əlaqədar şəhərin müxtəlif yerlərində 30 ağac aşmışdı.