Bakıda möhtəşəm beynəlxalq tədbirin açılışı olacaq
Dünyanı narahat edən bir çox problemlərdən çıxış yolları aranacaq
Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” adlı toplantısı öz işinə başlayıb. İclas aprelin 26-da (bu gün) Bakıda açılışı olacaq BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq məqsədi daşıyır. Tədbirdə irqçiliyə qarşı mübarizədə dünya cəmiyyətlərinin birgə səylər göstərilməsinin və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına nail olunmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, son vaxtlar dünyanın ayrı-ayrı yerlərində müxtəlif dini, irqi ayrı-seçkiliklər və bunun nəticəsində yaranan problemlər müşahidə olunur. Tədbirdə çıxış edənlər bildiriblər ki,
bütün bu cür problemlərin aradan qaldırılması üçün ilk növbədə ədalətli cəmiyyət və qarşılıqlı etimad olmalıdır. İrqçiliklə bağlı yaranan problemlər BMT-ni də narahat edir. Ona görə də dünya ölkələri bu məsələ ilə bağlı birgə çalışmalıdır.
"Gənclər birgəyaşayışı və multikulturalizmi daha geniş təbliğ edə bilərlər”
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışıb. Nasir Əbdüləziz bildirib ki, dünya cəmiyyəti sülhsevər istiqamətdə yaşamağa borcludur: "Bizim əsas işimiz mədəniyyətlərarası dialoqun tətbiqi və təşviqi olmalıdır. Hədəflərimiz inklüziv cəmiyyətlərə daha sıx olmalıdır. Gənclər dəyişikliyin əsas katalizatorudur. Ona görə də bu tədbirdə gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Gənclər birgəyaşayışı və multikulturalizmi daha geniş təbliğ edər, insanları həmrəylik və humanizmə daha çox yaxınlaşdıra bilərlər. Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm. BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi müxtəlif proqramlar çərçivəsində hər il gənclərin müxtəlif düşüncələrinin öyrənilməsi, habelə onların dünyanın fərqli bölgələrinin mədəniyyətlərini öyrənmələri baxımından mühüm imkanlar əldə edir. Məhz bu mübadilə proqramları çərçivəsində gənclər dünyanın müxtəlif bölgələrində baş verən hadisələri, problemləri bilavasitə müşahidə edir, onları qiymətləndirir və həll olunması üçün daha artıq səy göstərməyə çalışırlar. Bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar mühüm əhəmiyyət kəsb edir”.
"Biz çalışmalıyıq ki, dünyada aclıqdan heç kəs ölməsin”
İclasda iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirin əhəmiyyətini vurğulayıb: "İlk növbədə mən bütün qonaqları Azərbaycanda salamlayıram. Mən bu savadlı gəncləri və nümayəndələri Azərbaycanda görməkdən şadam. Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oynayır. Ölkəmiz tarixi İpək yolu üzərində yerləşir. Bu isə bizim mədəniyyətimizə və həyatımıza da təsir göstərir. Azərbaycan tarixi zənginlikləri ilə yanaşı, coğrafi zənginlikləri və biomüxtəlifliyi ilə də seçilən ölkədir. Mən BMT-nin FAO təşkilatının xoşməramlı səfiri olaraq onu da qeyd edim ki, hər saniyə dünyada aclıqdan bir nəfər həyatını itirir. FAO dünyada aclığın aradan qaldırılmasına çalışır. Biz çalışmalıyıq ki, dünyada aclıqdan heç kəs ölməsin. Bu, zərurət olmalıdır. Qida təhlükəsizliyinin təmin olunması həddən artıq vacibdir.
Uzunmüddətli sabitliyə imza atmaq istəyirik. Dünya qida təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıdır. Gənclər üçün sabit təminatlı yaşayışı yaratmalıyıq. 5 il ərzində Azərbaycanda 5 milyondan artıq ağac əkmişik. Eyni zamanda təbiətin və ekologiyanın qorunması ilə bağlı təbliğat aparırıq. Ölkədə ekoloji avtomobillərin sərgisini təşkil etmişik. Nəsli kəsilmək üzrə olan heyvanların qorunmasına çalışırıq. Qafqaz regionunda da nəsli kəsilmək üzrə olan heyvanlar var. Biz onların qorunması üçün lazım olan addımları atırıq”. L.Əliyeva bildirib ki, çağdaş cəmiyyət böyük sınaqlar ərəfəsindədir: "Bizim fəaliyyətimiz saniyələrlə ölçülür. Fərz edib düşünməliyik ki, dünyada bütün heyvanların nəsli kəsiləcək. Ona görə də hər birimiz çalışmalıyıq ki, təbiəti qoruyaq. Birgə fəaliyyət göstərməliyik. İnanıram ki, gələcəkdə daha firavan, daha yaşıl həyat qura biləcəyik”.
"Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilib”
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, BMT Sivilizasiyalar Alyansının forumları artıq ənənəvi hal alıb. Bu, gənclərin iştirakının ən yüksək səviyyədə təmsil olunduğu mühüm platformadır: "Forumda səmərəli müzakirələr aparılır. Əminəm ki, gənclərin irəli sürdüyü təşəbbüs və təkliflər dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcək. Azərbaycanda da gənclər sahəsində mühüm tədbirlər həyata keçirilir. Ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, Avropa Gənclər Paytaxtı seçilib. Azərbaycanda bir çox beynəlxalq tədbirlər, o cümlədən BMT-nin beynəlxalq forumları təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir”. Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini diqqətə çatdıran nazir dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib: "Siz ölkəmizdə olduğunuz müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə yaxından tanış olacaqsınız. Biz dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymadan bərabər inkişafa nail olmalıyıq. Amma müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyəti güclənib. Onlar ciddi təhlükəyə çevriliblər. Beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır”.
İsmayıl