Bu gün səhər saat 8 radələrindən başlayaraq 10:30 radələrinə qədər Bakı şəhərinin bir sıra əsas küçələrində çox güclü avtomobil sıxlığı yaranıb.
Bizimyolinfo.com saytının Bakı Şəhər Polis İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovdan aldığı məlumata görə, yaranan sıxlığın səbəbi aparılan təmir işləri ilə əlaqədar olub.

Vaqif Əsədovun sözlərinə görə, idman oyunları ilə əlaqədar şəhərin Səməd Vurğun, Üzeyir Hacıbəyli və Xəqani küçələrində yolların asfalt örtüyü yeniləndiyinə görə sözügedən küçə və prospektlərdə, eyni zamanda bu küçələrə birləşən yollarda nəqliyyatın hərəkəti müəyyən qədər çətinləşib.
Lakin hər gün bu yollardan istifadə edənlər yaxşı bilir ki, bu günkü qədər uzun sürən tıxac hadisəsi baş verməmişdi. Adının çəkilməsini istəməyən yol polisi əməkdaşlarından biri isə yolların bağlanmasının İran Prezidenti Həsən Ruhaninin ölkəmizə təşrif buyurması ilə əlaqədar olduğunu bildirib.
Qeyd edək ki, İran prezidenti Azərbaycan-İran biznes forumunda iştirak etmək üçün Azərbaycanda səfərdədir.