Bakının tunellərində qəzalar artır

Qeyri-peşəkar, diqqətsiz sürücülər üçün bu, real təhlükədir
Tunellərdə həm işıqlandırma sistemi, həm də yol nişanları lazımi qaydada olmalıdır

Bakıda iki yük maşını qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib. "Baku Steel Company” MMC-yə məxsus olan və dəmirlə yüklü "KamAZ” markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "KamAZ” deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.

Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan "KamAz” yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun "Qələbə” və "20 Yanvar” dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.

Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisəni "Şərq”ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hadisə baş vermiş yerə şəxsən baxış keçirdiyini bildirdi:

- Mən hadisə baş verən yeri şəxsən görmüşəm. Hadisə tunelin çıxışında baş verib. İrəlidəki avtomobilin benzin daşıyan çəni vardı. Arxadan ona çırpılan avtomobil isə yüklü idi. Dəmir qırıntıları və sair. Hər iki avtomobil eyni istiqamətdə hərəkətdə olub. Arxadan gələn avtomobilin bəlkə də əyləc sistemində problem olub, ona görə avtomobili saxlaya bilməyib. Birincisi, ağır yüklü avtomobil gündüz saatlarında şəhərdə nə gəzir? Ağır tonnajlı maşınların hərəkəti üçün xüsusi vaxt təyin edilib. İkincisi, tunelin infrastrukturunda da problem var. Həmin tunelə "20 Yanvar” tərəfdən 2 və Abdulvahab Salamzadə küçəsi tərəfdən də 2 hərəkət zolağı gəlir. Amma bu 4 zolaq tunelin içində 2 hərəkət zolağına keçir. 2 hərəkət zolağı ixtisara düşür. 4 hərəkət zolağı ilə hərəkət edən sürücülər birdən-birə 2 hərəkət zolağına sıxışmış olurlar. Qeyri-peşəkar, diqqətsiz sürücülər üçün bu, real təhlükədir. Belə vəziyyətdə qəzalar qaçılmaz ola bilir. Ümumiyyətlə, tunellərdə həm işıqlandırma sistemi, həm də yol nişanları lazımi qaydada olmalıdır. Tunellərdə yol nişanlarının sürücülər üçün görünən olmasına diqqət edilməlidir. Bəzi sürücülər var ki, tuneldə hərəkət etməyə çətinlik çəkir. Belə sürücülərdən maksimum diqqət və sayıqlıq tələb olunur.

Məlahət Rzayeva