“Artıq hər kəs bu cür möhtəşəm turniri televiziya vasitəsi ilə deyil, canlı izləmək şansı əldə edəcək”
“Bakıya dünya miqyaslı idmançılar, olimpiya çempionları gələcək”
Namiq Abdullayev: “Avropa Oyunları Olimpiya Oyunlarına bərabər səviyyədə keçiriləcək, ondan heç də geri qalmayacaq”
“Artıq hər kəs bu cür möhtəşəm turniri televiziya vasitəsi ilə deyil, canlı izləmək şansı əldə edəcək”
“Artıq hər kəs bu cür möhtəşəm turniri televiziya vasitəsi ilə deyil, canlı izləmək şansı əldə edəcək”
"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir andır. Bu xalqımız, idmançılarımız üçün bir uğurdur”. Bu sözləri "Şərq”ə Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Əməkdar məşqçi, "Şöhrət” ordenli Namiq Abdullayev deyib. Onun sözlərinə görə, bu mötəbər tədbir ilk dəfə keçirildiyinə görə, həm Avropa ölkələrinə, həm də dünyaya səs salacaq:
"Ölkəmiz Olimpiya Oyunlarını da təşkil etmək əzminə malikdir. Avropa və Dünya Çempionatlarına ev sahibliyi etmişik. Beynəlxalq turnirə lazımi şəraiti yaratmaq üçün təcrübəmiz mövcuddur. Bu turnirin önəmi ondadır ki, yeniyetmə, gənc idmançılarımız inkişaf dövrü yaşayacaqlar. Görəcəklər ki, Avropa Oyunları Olimpiya Oyunlarına bərabər səviyyədə keçiriləcək, ondan heç də geri qalmayacaq”.
Əməkdar məşqçi diqqətə çatdırıb ki, müstəqilliyimiz əldə edilən gündən ulu öndər Heydər Əliyev idmana böyük diqqət və qayğı göstərib: "İdmanda olan inkişaf göz qabağındadır. Dünya Olimpiya Komitələri prezidentləri, Avropa Olimpiya Komitələri prezidentləri də bilirlər ki, artıq Azərbaycanda gedən proseslər idmana olan diqqət və qayğının nəticəsidir. Həmçinin Avropa və Dünya Çempionatlarında qazanılan medallar buna nümunədir. Bundan başqa, London olimpiadasında qazanılan uğur özü bir tarix idi”.
Komitə üzvünün fikrincə, sözügedən möhtəşəm yarışın ölkəmizdə baş tutması böyük bir bayram olacaq: "Artıq hər kəs bu cür möhtəşəm turniri televiziya vasitəsi ilə deyil, canlı izləmək şansı əldə edəcək. Bilirsiz ki, yarışda dünya miqyaslı idmançılar, olimpiya çempionları iştirak edəcəklər. Ölkəmizdə Avropa Oyunlarına hazırlıq məqsədi ilə test yarışları keçirilir. Bu da hazırlığın necə getdiyini göstərən bir nümunədir. Həmçinin aprelin 26-da Atəşgah məbədində məşəlin cənab Prezidentimiz İlham Əliyev tərəfindən götürülməsi bütün dünya ölkələrinə səs saldı. I Avropa Oyunlarının açılış və bağlanış mərasimi çox gözəl keçəcək. Keçmiş bir idmançı, idmanın içində olan biri kimi deyə bilərəm ki, bu yarışın təşkili məni çox qane edir. Yeni idman obyektlərinin tikilməsi, yenidənqurma işlərinin aparılması yarışların yüksək səviyyədə keçiriləcəyini göstərir”.
Müsahibimiz qeyd edib ki, Olimpiya Oyunlarında olduğu kimi, ilk Avropa Oyunlarında da uğur qazanacağıq: "İnanıram ki, idmançılarımız dəfələrlə bayrağımızı qaldırıb, himnimizi oxudacaq, bizə qızıl medallar bəxş edəcəklər”.
Olimpiya çempionu hesab edir ki, "Bakı-2015” ilk Avropa Oyunları Azərbaycan üçün ciddi əhəmiyyətə malik tarixi hadisədir: "Bilirsiniz ki, ilk Avropa Oyunları ilə əlaqədar Avropanın idman ictimaiyyəti, idmançıları Azərbaycana təşrif buyuracaqlar. Bu baxımdan ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər, quruculuq, iqtisadi inkişaf göz qabağında olacaq ki, bununla da Azərbaycan növbəti dəfə dünyaya səs salacaq. İndiyə qədər Azərbaycanda müxtəlif idman növləri üzrə dəfələrlə Dünya, Avropa Çempionatları keçirilib. Təşkilati baxımdan Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman federasiyalarının rəhbərlikləri, mütəxəssisləri Azərbaycanda bir neçə dəfə olublar. Onlar növbəti dəfə "Bakı-2015” ilk Avropa Oyunları çərçivəsində ölkəmizdə olarkən tamam başqa ab-havanın şahidi olacaqlar. Azərbaycan bir daha idman ölkəsi kimi tanınacaq”.
N.Abdullayev vurğulayıb ki, hazırda istifadəyə verilməyə hazır olan idman arenaları, qurğular, eyni zamanda möhtəşəm Bakı Olimpiya Stadionu idmançıları gözləyir: "Yaradılmış bu cür ideal idman infrastrukturu dünya miqyaslı mötəbər idman yarışlarının keçirilməsi üçün əlverişli şərait deməkdir. Doğrudan da "Bakı-2015” ilk Avropa Oyunları xalqımız, gənc nəsil üçün tarixi ana çevriləcək, idmanda əldə etdiyimiz uğurları davamlı edəcək. İndiyə qədər Olimpiya Oyunlarından əldə olunan medallar ölkəmizdə gənclərin idmana olan axınına səbəb olub. Təsadüfi deyil ki, son London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar ki, bunun da 7-si Güləş Federasiyasının payına düşüb. Əlbəttə ki, ayrı-ayrı idman sahələrində, boks, taekvando, cüdoda da inkişaf olacaq”.
Həmsöhbətimiz söyləyib ki, aprelin 26-da Atəşgah məbədində keçirilən Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimi ötürülməsi artıq dünyaya səs saldı: "Əminliklə deyə bilərik ki, ilk Avropa Oyunlarının açılış mərasimi daha möhtəşəmliyi ilə dünya tarixində qalacaq. Bununla bağlı fürsətdən istifadə edərək ölkədə idmana olan diqqət və qayğıya görə bütün idmançılar, idman ictimaiyyəti adından ölkə başçısı cənab İlham Əliyevə, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. İnanıram ki, bu tədbirə ev sahibliyi etməyimiz gələcəkdə Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün təkan olacaq”.
Müsahibimiz bəyan edib ki, həmişə xarici ölkələrdə keçirilən idman yarışlarında, o cümlədən Olimpiya Oyunlarında uğurlar qazanmışıq: "İlk Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi idmançılarımız üçün böyük stimul olacaq. Qızıl medallarımızın sayı artacaq, dəfələrlə bayrağımız qalxacaq, himnimiz səslənəcək”.
Sonda sabiq idmançı onu da əlavə edib ki, "Bakı-2015” ilk Avropa Oyunları idmandan başqa turizm sahəsi üçün də yeni imkanlar yaradacaq: "Sözsüz ki, sözügedən mötəbər marafonun keçirilməsi, istər Avropa, istərsə də dünyanın diqqətini Azərbaycana yönəldəcək. Nəticədə ölkəmizə böyük həcmdə turist axını başlayacaq. Bununla da turizmin inkişafında yeni mərhələnin əsası qoyulacaq”.
Ayyət Əhməd