“Kənddə qalmaq o demək deyil ki, hər şeydən tamamilə uzağam”
“Bal satmıram”
Cəlil Cavanşir: “Atamın arıçılıq təsərrüfatının reklamı ilə məşğulam”
“Kənddə qalmaq o demək deyil ki, hər şeydən tamamilə uzağam”
“Kənddə qalmaq o demək deyil ki, hər şeydən tamamilə uzağam”
Tanınmış yazıçı Cəlil Cavanşir haqda saytlarda maraqlı informasiyalar yayılıb. Portalların yazdığına görə, iki ay əvvəl doğulduğu Oğuz rayonuna köçən gənc yazar bal ticarətinə başlayıb. Xəbər saytlarının bu nəticəyə gəlməsinə isə Cəlil Cavanşirin öz "facebook” profilində paylaşdığı statuslar və fotolar səbəb olub. Yazıçı profilində satış üçün sifariş qəbul etdiyini bildirərək "cökə” balının bir sıra üstünlüklərini qeyd edib. Barəsində yazılanlarla, ümumiyyətlə, sakit kənd həyatı ilə bağlı "Şərq”ə açıqlama verən gənc yazar suallarımıza aydınlıq gətirib...
- Cəlil bəy, Oğuza gedişiniz sadəcə yay istirahəti ilə bağlıdır, yoxsa portalların iddia etdiyi kimi birdəfəlik köçmüsüz?
- Mən rayona işsizlikdən, bir də evsizlikdən gəlmişəm və iki aya yaxındır ki, kənddə qalıram.
- Nə vaxtsa Bakıya qayıdacaqsız?
- Hələki Bakıya dönmək fikrində deyiləm. Çünki bunun üçün imkanım yoxdur. Bakıda nə evim, nə də işim var. Əlbəttə, qayıtmaq istəyərəm, amma işim olmadığı üçün bir müddət kənddə qalmağa məcburam.
- Bakıdakı işinizdən özünüz çıxmısız, yoxsa çıxarıblar?
- Sonuncu iş yerimdən öz xahişimlə uzaqlaşmışam.
- Hansı səbəbdən uzaqlaşmısız?
- Məvacib və iş şərtləri qane etmədiyi üçün. Amma hazırda "kulis.lent.az” və "milli.az” saytları ilə əməkdaşlığım davam edir.
- Oğuzun hansı kəndində, kimin evində qalırsız?
- Hazırda Oğuz rayonunun Xaçmaz kəndindəyəm. Burada ailəmizə məxsus evdə yaşayırıq. Atam, anam, qardaşımın ailəsi, ailəmlə bərabər hamımız bir evdə yaşayırıq. Mənə və ailəmə balaca bir otaq veriblər, ayırıblar.
- Atanız arıçılıqla məşğul olur, siz də ona kömək edirsiz?
- Bəli, atamın kiçicik arıçılıq təsərrüfatı var. Mən isə satış üçün reklam məsələlərinə köməklik edirəm.
- Reklamınız nəticə verirmi, yəni atanızın biznesinə köməyiniz dəyirmi?
- Ailəm 30 ildir, arıçılıqla məşğuldur. Sözün açığı, mən bir az zarafatyana, bir az da həvəskarcasına atamın gördüyü işi reklam etməyə çalışıram. "Facebook”da, dostluğumda olan bal həvəskarları üçün də öz profilimdə təsərrüfatın, balın müxtəlif çeşidlərinin şəkillərini və faydalarını paylaşıram ki, bal lazım olanda uzağa getməsinlər, məndən alsınlar. Ancaq ciddi anlamda bal satmaq, arıya baxmaq mənim işim deyil. Ona görə də dəqiqliklə maraqlanmıram ki, nə qədər bal satılıb, neçəyə satılıb. Sadəcə atama kömək edirəm, vəssalam.
- Dostlarınıza bal hədiyyə etmisizmi?
- Yox, etməmişəm. Çünki mən ümumiyyətlə, özümə aid olmayan şeydən kiməsə hədiyyə vermirəm. Təsərrüfat atama məxsus olduğu üçün, onun balından kiməsə hədiyyə verməyə haqqım çatmır. Ancaq həmkarlarımdan bura qonaq gələnlər olur. Yəqin ki, avqust ayında yenə gələnlər olacaq. Əgər gəlsələr, böyük məmnuniyyətlə onları bala qonaq edəcəm.
- Dağ havası, təmiz və sakit mühit yaradıcılığınıza müsbət təsir edirmi?
- Əlbəttə, edir. Ardıcıl şəkildə yaradıcılıqla məşğul oluram. Hər nə olursa-olsun, yaradıcılıq mənim əsas işimdir və ondan heç vaxt ayrı qalmaq fikrim, planım yoxdur. Hazırda bir povestimi bitirmişəm, redaktəsi ilə məşğulam. Yeni roman və hekayələr üzərində də işləyirəm. Yəni yaradıcılığım davam edir.
- Tam anlamı ilə istirahət edirsiz, yoxsa gündəlik ölkədə və dünyada baş verən siyasi-ictimai, ədəbi prosesləri izləyirsiz? Məsələn, "facebook”a girmədən dincəlmək daha yaxşı olmazmı?
- "Facebook” mənim fəaliyyətimə qəti mane olmur. Çünki mən ancaq özümə lazım olan halda sosial şəbəkədən istifadə edirəm. İstirahətim də normal qaydasında gedir. Ümumiyyətlə fikirləşirəm ki, yazı adamının istirahəti olmur. Çünki mən daim gündəmi izləyirəm, xəbərlərə baxıram və bununla yanaşı, yaradıcılıqla məşğul oluram. Ona görə də daimi internet istifadəçisiyəm. Hətta istirahət vaxtlarında belə internet mənə lazım olur.
- Həmkarlarınızla əlaqə saxlayırsınızmı? Sizdən hal-əhval tuturlarmı?
- Əlbəttə, həmkarlarımın çoxu ilə əlaqəm var. İnternetdə yazışırıq, telefon vasitəsi ilə ünsiyyət qururuq. Mən də gündəlik saytları izləyirəm ki, görüm kim nə yazıb, kimin yeni hansı yazısı çıxıb. Kənddə qalmaq o demək deyil ki, hər şeydən tamamilə uzağam. Gündəmi izləmək imkanlarım var.
- Yəqin ki, yaradıcılıqla paralel digər yazarların da əsərlərini oxuyursunuz?
- Təbii ki, oxuyuram. İki ay ərzində təxminən 40-a yaxın roman, 5-10 hekayə kitabı oxumuşam. Eyni zamanda 30-dan artıq filmə baxmışam. Yəni boş vaxt keçirmirəm. Çalışıram ki, günlərim səmərəli olsun.
- Uzun müddət qaynar şəhər həyatı yaşayan bir insan kimi kənd mühiti sizi darıxdırmır?
- Təxminən 16 il müxtəlif şəhərlərdə yaşamışam. Amma hazırda qətiyyən şəhər üçün darıxmıram. Çünki burda əsəblərim çox sakitdir. Mənə görə, hər şey gözəldir. Təbiətlə daimi kontaktayam, rahatam. Yaradıcılıq üçün münbit şərait var. Yəni işsizlik və çətinliklər olsa da, əsas odur ki, yaradıcılıqla məşğul ola bilirəm. Sadəcə qaynar iş mühiti üçün, redaktələr, tərcümələr, redaksiya işi üçün darıxıram. Eyni zamanda oğlumun təhsili ilə bağlı narahatçılığım var. Ümid edirəm ki, tezliklə işlərim qaydasına düşəcək və sevməsəm də qaynar, səsli-küylü şəhər mühitinə geri dönəcəyəm.
İsmayıl